İsrailin İrana hücum planında gerisayım başlayıb: məlumatlara görə, zərbə oktyabrın 17-dən 23-nə qədərki günlərin birində olacaq. Yəhudilər bu tarixdə Sukot (Çadırların festivalı) dini bayramını keçirir və “qisasın” məhz bu ərəfədə ediləcəyi gözləntisi var. Bu ehtimalı “Vaşinqton Post” nəşri də İsrail rəsmilərinə istinadən irəli sürüb.
Rəsmi Təl-Əvivin İrana hücum planının hazır olduğu deyilir, yeganə istisna zərbə endiriləcək obyektlərlə bağlı son qərarın verilməməsidir. Bu o deməkdir ki, artıq geridönüş yoxdur, hərçənd, belə bir hücumun regional müharibəyə səbəb ola biləcəyi üçün İsrailin Qərb müttəfiqləri, xüsusilə ABŞ tərəfindən məqbul hesab edilmir. Məlumatlara görə, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ı yalnız hərbi hədəflərə zərbə endiriləcəyinə, bunun neft və ya nüvə obyektlərinə təsir göstərməyəcəyinə inandıra bilib.
İsrail bu hücumu “cavab zərbəsi” olaraq qiymətləndirir, çünki "Hizbullah" lideri Həsən Nəsrullahın öldürülməsindən sonra İranın “cavab zərbəsi”nə adekvat reaksiyanın verilməməsi Tehrana nüfuzunu saxlamağa imkan verdi. İsrail cavab zərbəsi ilə ən azı İranın ritorik üstünlüyünü də qırmaq niyyətindədir. Oktyabrın 15-də İsrailin müdafiə naziri Yoav Qalantın İrana tezliklə hücum ediləcəyi və zərbələrin “dəqiq və ölümcül” olacağı haqda dedikləri də eskalasiya ssenarisini üfüqdə aydın göstərir.
Nə vaxt baş verəcək?
Əsas sual və gözlənti bununla bağlıdır. Burada bir neçə versiya mövcuddur.
1. “Vaşinqton post” nəşrinin göstərdiyi “17-23 oktyabr tarixi” – Sukot bayramının keçirildiyi günlər əsas ehtimallar sırasındadır. Bu tarixlərdə iki təqvim də “hücum günü” olaraq seçilə bilər:

- 21 oktyabrda Netanyahunun 75 illik yubileyi olacaq. “Yəhudi qırğıların” baş nazirə “yubiley hədiyəsi” hazırlaya biləcəyi istisna edilməməlidir.
- 22-24 oktyabrda BRİKS-in İranın da iştirak edəcəyi Kazan sammiti keçiriləcək. İsrail bu təqvimdə hücum etməklə beynəlxalq diqqəti BRİKS-dən İrana doğru yönəldə və geosiyasi müstəvidə BRİKS-i alternativ güc kimi görən Qərb müttəfiqlərinə “jest” edə bilər.
2. ABŞ-da gələn ay keçiriləcək prezident seçkilərindən öncə - səsverməyə bir neçə gün qalmış İrana hücum edilə bilər. İsrailin İranda nüvə və enerji obyektlərinin hədəf seçilməsinə qarşı çıxan ABŞ-ın diqqətinin seçkiyə fokuslanmasını fürsət kimi qiymətləndirməsi mümkün ssenarilərdəndir.

Və hələ də İsrailin İranda zərbə endirmək üçün hansı hədəfləri seçəcəyi şübhəlidir, çünki Təl-Əviv Vaşinqtona nüvə və enerji obyektlərinə toxunulmayacağını desə də, son anda qərarını dəyişib-dəyişdirməyəcəyi sual altındadır.
Mövcud vəziyyətin analizi İsrailin İranda nüvə və enerji obyektlərini vura bilməyəcəyinə ümidlər yaradır.
Birincisi, bu obyektlərin vurulması İranın daha genişmiqyaslı cavabına, eləcə də uranın zənginləşdirilməsi addımlarını intensivləşdirməsinə səbəb ola bilər. Ki, ABŞ-la bu məsələdə fikir ayrılığı olan İsrailin risk etməkdən çəkinəcəyi, yalnız hərbi hədəflərlə kifayətlənəcəyi ehtimalı ön plandadır.

İkincisi, İranın nüvə obyektlərinə zərbələrin endirilməsindəki çətinlikdir. Bu, təkcə həmin obyektlərin yaxşı qorunduğu, xüsusilə hücum təhlükəsinin aktual olduğu günlərdə mühafizənin gücləndirilməsindən qaynaqlanmır, həm də İsrailin nüvə obyektlərinə uğurlu əməliyyat keçirməsi sual altındadır. Beynəlxalq hərbi ekspertlər bunu praktiki imkanlarla izah edir: İsraillə İranın nüvə obyektləri arasında 2 min kilometr məsafə var və Təl-Əvivin hava əməliyyatında istifadə edəcəyi təyyarələrin hədəfə çatması mümkün olsa da, geri qayıtmasında problem var. Bu problemin həlli ABŞ-ın köməyi ilə mümkündür ki, Vaşinqton da əvvəldən nüvə və enerji obyektlərinə zərbələrin endirilməsinə qarşı çıxır.
Bu kontekstdə İsrailin İrana cavab zərbəsinin məhdud xarakterli olacağı versiyası daha güclüdür.