hemle

Lavrovun telefonunda Paşinyanla bağlı video: Putinin hansı sözü Əliyevə qəribə gəldi?

Tarix:9-10-2024, 09:29
Baxış Sayı:440



MDB dövlət başçılarının Moskvada keçirilən sammitində maraqlı anlar yaşanıb. Sammitin gündəliyi geniş idi, hətta Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə yanaşı, “kvadrober” hərəkatından da söhbət açılıb.

“Kommersant” nəşrinin xüsusi müxbiri Andrey Kolesnikov sammitdən, daha doğrusu, sammitin rəsmi tərəfləri ilə yanaşı, qeyri-rəsmi tərəflərindən ənənəvi reportaj hazırlayıb.

Reportajın maraqlı məqamlarını təqdim edirik:

- Nümayəndə heyətlərinin üzvləri iclas zalında ikitərəfli danışıqların başlanmasını gözləyərkən, prezidentin köməkçisi Yuri Uşakov jurnalistlərə tuş gəldi. O istəməsə də, prezident Putinin 72 yaşının tamam olması münasibəti ilə MDB ölkələrinin liderlərinə verilən qapalı şam yeməyindən danışmağa məcbur oldu. Çünki şübhəli məqamlar vardı, misal üçün, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin şam yeməyində iştirak etməməsi, eləcə də Tacikistan prezidenti Emomali Rəhmonun “Krokus” terrorundan sonra taciklərə dəyişən münasibətdən inciyərək, şam yeməyinə qatılmaması kimi.

Uşakov isə hər iki liderin şam yeməyində olduğunu dedi. Hətta Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Putinə xüsusi hədiyyə göndərdiyini də açıqladı, lakin nə olduğunu demədi. Əlavə etdi ki, hədiyyə türk üslubundadır. Sanki biz Avstraliya üslubunda olduğunu düşünürdük. Putin Ərdoğanın hədiyyəsini təhvil verib, çünki qaydalara görə 3000 rubldan baha hədiyyələr saxlanılmır, amma kimə, yaxud hara təhvil verildiyini Uşakov da bilmir.

Bir müddət sonra baş nazirin müavini Aleksey Overçuk jurnalistlərin “caynağına” keçdi. Deyir ki, Azərbaycanla sülh müqaviləsini imzalamaq üçün Ermənistan “Konstitusiyanı, daha doğrusu, Müstəqillik Bəyannaməsini dəyişdirməlidir, amma bu o qədər də sadə məsələ deyil”. Rusiya qoşunlarının isə İranla sərhəddən çıxdığını, lakin Ermənistanı tərk etmədiklərini açıqladı.

Danışıqların başlanması üçün təxminən 40 dəqiqə gözləməli olduq. Nümayəndə heyətinin üzvləri ayaq üstə müzakirələr aparırdı. Xarici işlər naziri Sergey Lavrov içəri keçən kimi dərhal masanın üstündəki sənədlərlə işləməyə başladı. Bu vaxt Azərbaycan Prezidenti İlham Əliyev qapıda göründü. İclasın açıq hissəsində bir məqam istisna olmaqla, diqqətçəkən hadisə baş vermədi.

Azərbaycan və Rusiya prezidentləri ikitərəfli münasibətlərdən bəhs edərkən, Putin gözlənilmədən Əliyevə müraciət edərək, “Sizi Bakıda gözləyirik” dedi.

İlham Əliyev Putinə təəccüblə baxdı: Rusiya prezidentinin ondan əvvəl Bakıda olacağını ilk dəfə eşidirdi.

- Bağışlayın, Kazanda – Putin dedi – BRİKS sammitində - o gülərək, səhvini düzəltdi.

Ermənistanın baş naziri Nikol Paşinyanla görüş isə Sergey Lavrov və onun erməni həmkarları arasında “kvadrober”lərlə (heyvanların hərəkət və vərdişlərini təqlid edənlər) bağlı dialoqla yadda qaldı. Əvvəlcə Lavrov telefonunda Paşinyanın səhər saatlarında Moskva küçələrində velosiped sürməsinin videosuna baxdı (Belarus prezidenti Aleksandr Lukaşenko həmin vaxt Moskva vilayətində odun doğrayırdı), sonra isə deyəsən, təsadüfən başqa videoya keçdi və masa arxasında əyləşən erməni həmkarı Ararat Mirzoyana göstərdi.

- Uşaqlar kvadroberdirlər – Lavrov həvəslə izah etdi – İt kimi geyinirlər. Özüm görməmişəm, amma bu fenomen mövcuddur.

- Bu nədir, bir növ dəb? – Mirzoyan gördüklərinə inanmadı.

Yaxınlıqda əyləşən Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan qeyri-müəyyən şəkildə dilləndi: “Daha bir gənclik oyunu... Avropada isə artıq özlərini “cins” kimi müəyyənləşdirirlər”.

Putinlə Paşinyanın görüşünün protokol hissəsində başqa maraqlı hadisə yaşanmadı. Daha sonra Overçukdan müəyyən detallar öyrənildi. Liderlər razılaşıblar ki, rus sərhədçilər 2025-ci ilin 1 yanvarına qədər, yəni üç aydan az müddət ərzində İran-Ermənistan sərhədini tərk edəcəklər. Güman ki, görüşdən əvvəl bunun baş verməyəcəyinə tam əminlik vardı.

Azərbaycan prezidenti və Ermənistanın baş naziri dövlət başçılarının geniş tərkibdəki görüşündə birgə iştirak ediblər. Masaya gələnə qədər ayaqüstü müzakirələr aparırdılar. Elə görünürdü ki, sanki dəyirmi masaya çatana qədər sülh sazişini imzalayacaqlar.

Və sonda MDB dövlət başçılarının birgə sənədlərinin imzalanması mərasimi başlandı. Sənədləri qızğın şəkildə müzakirə etmirdilər. Nikol Paşinyan isə vaxtaşırı özünə gəlir, eynəyini taxır və ona təqdim edilən kağızların mətnini elə təbəssümlə oxumağa başlayırdı ki, elə bil ilk dəfədir görürdü və çox qorxurdu ki, ipoteka müqaviləsindəki kimi, nəsə əldən verər. Onun üçün əhəmiyyət kəsb edən bəlkə də yalnız bir qərardır. Bu, Laçın şəhərinin 2025-ci ildə, Mehri şəhərinin isə 2026-cı ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi idi. Aydındır ki, işğaldan azad edilmiş Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi Mehri ilə bağlı analoji qərardan daha fundamental qərardır.

Sammitdə ümumi dostluq səviyyəsi hiss olunurdu, sanki liderlər dünənki ad günü mərasimini qeyd etməyə davam edirdilər. Deyəsən, onların bölüşəcək heç bir şeyi yox idi.

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış