Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
"İrəvanın kənarında Azərbaycanın hərbi bazası qurula bilər" adlı süjetdə Ermənistanın I Qarabağ müharibəsi və işğal dövründə Azərbaycana vurduğu zərərin təzminat olaraq qaytarması məsələsinin İrəvanda aktual müzakirəyə çevrilməsindən, rəsmi Bakının sülh sazişinə təzminatla bağlı yeni bənd əlavə edəcəyi ilə bağlı ermənilərin iddialarından bəhs olunub.
Bildirilib ki, dünya təcrübəsinə görə, müharibədə məğlub olan tərəf qalib tərəfə təzminat ödəyir və buna "müharibə təzminatı" deyilir: "Ermənistan təkcə "müharibə təzminatı" yox, həm də 30 ildə Azərbaycan torpaqlarını viran qoymasına görə milyardlarla dollar ödəməlidir. Azərbaycanın Ermənistandan təzminat tələb etməsi beynəlxalq hüquqa və dünya təcrübəsinə əsaslanıb".
Qeyd olunub ki, ilkin qiymətləndirmələrə görə, Ermənistanın Azərbaycana vurduğu zərərin qiyməti 800 milyard dollardan çoxdur. 44 günlük müharibədən sonra azad olunan ərazilərdəki vəziyyət zərərin nə qədər böyük olduğunu göstərir.
Süjetdə Ermənistanın bu təzminatı necə ödəməsi ilə bağlı bir neçə variant irəli sürülür və deyilir ki, təzminat məsələsinin həllinin yeganə yolu məhz tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda suveren hüquqlarımızın olmasıdır: "Ermənistanın təzminat ödəməsi təkcə Azərbaycana vurulan zərərin qarşılanması üçün yox, həm də regionda uzunmüddətli sülhə nail olmaq üçün lazımdır".
Diqqətə çatdırılıb ki, 44 günlük müharibə və sonra baş verənlər Azərbaycanın gücünü ortaya çıxardı: "Xüsusilə Prezident İlham Əliyevin strategiyası bütün hədəflərlə yanaşı, təzminat hədəfinə də nail olacağımıza əminlik yaradır. Bunu Ermənistanda da etiraf edirlər. Belə ki, erməni ekspert Hayk Nahapetyan deyir ki, Azərbaycanın tələblərindən biri Ermənistan Konstitusiyasının dəyişdirilməsi, Ermənistanın hərbiləşdirilməsinə son qoyulmasıdır: "Prezident İlham Əliyev istədiyi hər şeyi maksimum əldə edəcək. Azərbaycanlılar geri Qərbi Azərbaycana, hətta İrəvan da qayıdacaqlar. Onların təhlükəsizliyini Azərbaycan özü təmin edəcək. İrəvanın kənarında Azərbaycanın hərbi bazası qurula bilər, o cümlədən, hökumət binasında Qərbi Azərbaycan bayrağının asılmasını görə bilərik. Paşinyan bütün bunları etməyə hazırdır, hətta Ermənistan ərazisinin 10 min kvadratkilometr olmasına da hazırdır. O, Ermənistanın Azərbaycanın vilayətinə çevrilməsinə, özünün də vali olmasına razıdır".
Sonda vurğulanıb ki, Qərbi Azərbaycana qayıdışın baş tutması, hətta tarixi torpaqlarımızda suveren hüquqlar əldə etmək perspektivi regionun yeni qaçılmaz reallığıdır və bunu ermənilər anlayırlar".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.