İşğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda canından keçən igid qəhrəmanlarımızdan biri də Əkbərov Həsən Raqub oğludur.
Həsən 1997-ci il, sentyabrın 20-də Yevlax rayonunun Yədilli kəndində dünyaya gəlib. Onun atası əslən Ağdam, anası isə Kəlbəcərdəndir. Körpə yaşlarından atasını itirən Həsən, hər zaman ata-baba yurduna dönəcəkləri inamı ilə yaşayıb. O, həm də 1992-ci ildə Kəlbəcərdə şəhid olan dayısının qisasını almağa söz veribmiş.
Həsən 2020-ci il, sentyabrın 9-da SHXÇDX-nin Ağdam şəhər şöbəsindən hərbi xidmətə çağırılıb. Vətən müharibəsi zamanı Kəhrillər xarabalığı, Dostagir, Talış və Suqovuşan yaşayış məntəqəsi istiqamətində döyüşlərdə iştirak edib.
2020-ci il, sentyabrın 29-da Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən odlu silah və digər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhid olub.
Həsən, 1353.3 yüksəkliyində düşmən mövqeyinə yerləşərək ələ keçirilmiş döyüş mövqeyinə düşmən tərəfindən edilən hücumun qarşısını alıb, düşmənin canlı qüvvəsini məhv edib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatları zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Həsən Əkbərov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və ”Cəsur döyüşçü” medallarə ilə təltif edilib.