hemle

Azərbaycanda şok hadisə: 600-dən çox bal toplayan abituriyenti oxumağa qoymadılar

Tarix:28-08-2024, 12:14
Baxış Sayı:503



Bu il 600-dən çox bal toplayan iki nəfər ali təhsil müəssisələrinə qəbul olmayıb. Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə universitetlərə qəbulun nəticələri ilə bağlı keçirdiyi brifinqdə deyib.

O bildirib ki, həmin şəxslərdən biri I ixtisas qrupu üzrə yalnız ödənişsiz əsaslarla bir yer - Bakı Ali Neft Məktəbini, digəri isə III ixtisas qrupu üzrə sırf Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasını ödənişsiz əsaslarla seçdiyinə görə qəbul ola bilməyib.

M. Abbaszadə onu da əlavə edib ki, əgər onlar əlavə seçim etsəydilər qəbul ola bilərdilər.

Onun sözündən aydın olur ki, yüksək bal toplamış bir gəncin qarşısına qoyduğu məqsəd nə DİM-i, nə də Elm və Təhsil Nazirliyini maraqlandırır. Yəni bu şəxs illərdir çalışıb, yüksək nəticə toplamaq üçün gecəsini gündüzünə qatıb ki, istədiyi ixtisasa yiyələnsin. Yüksək də nəticə toplayıb, 15-20 balı çatmayıb deyə onu gələcək karyerasından məhrum etmək nə dərəcədə düzgündür?

Orta məktəbdə şagirdlərin dərs yükünü, imtahanların çətinliyini nəzərə alsaq 600-dən yuxarı bal toplamağın bir məharət olduğunu deyə bilərik. Yəni 100 min abituriyent universitetə sənəd verirsə, onlardan cəmi min nəfər 600 balı keçir. Ona görə də, 600-dən yuxarı balı yüksək nəticə sayılır.

Amma belə çıxır ki, Azərbaycanda bu uşaqlara “oxuma” deyirlər. Ya da təklif edirlər ki, get, istəmədiyin ixtisası seç. Təhsildə belə yanaşma qüsurludur. Uzağa getməyək, Türkiyədə universitetlərin giriş qapısı genişdir, amma çıxış qapısı dardır. Biz isə universitetin giriş qapısını dar, çıxış qapısını geniş edirik. Ona görə də, Azərbaycanda ali təhsilin səviyyəsi olduqca aşağıdır, dünya reytinqində bircə universitetimiz də yoxdur. 600-dən çox bal toplayan uşağı universitetə - daha doğrusu oxumaq istədiyi ixtisasa buraxmırıq. Türkiyədə belə abituriyentin üstündə universitetlər əsl mübarizə aparardılar.

Nəyə görə yüksək nəticə göstərən abituriyent təhsildən kənarda qalmalıdır? Həmin şəxs üçün niyə nazirlik əlavə yer ayırmır və yaxud seçmək istədiyi universitet rəhbərliyi belə təşəbbüslə çıxış etmir? Olmazmı onlar üçün əlavə yer ayrılsın və həmin şəxslər də istədiyi, yəni qarşılarına məqsəd qoyduqları peşəyə yiyələnsinlər?

600-dən yüksək bal toplayan abituriyentin yəqin ki, qarşısına qoyduğu bir seçim var. Onu niyə məcbur edək ki, başqa ixtisası seçsin? Bunu etməklə onu təhsildən, məqsədindən, gələcək arzularından məhrum etmiş olmuruqmu? “Balın buna çatmır, get özünü başqa sahədə sına, həvəsin olmadığı bir ixtisası seç”- deməklə, imtahanda yüksək nəticə göstərmiş gəncə konkret olaraq “oxuma” demiş olmuruqmu? Onların məqsədi həkim və yaxud hüquqşünas olmaqdırsa, bizim onları baytar, və ya müəllim olmağa yönəltməyimiz nə dərəcədə doğrudur?

Belə uşaqların sayı çox deyil axı. Yüksək nəticə toplayıb yalnız öz arzusunun ardınca gedən, başqa ixtisas seçmək istəməyən və nəticədə qəbul ola bilməyən gənclərin sayı hər il 2-3 nəfər ola-olmaya...

Azərbaycanda 150 balla universitetə tələbə qəbul edirik, ancaq 600-dən çox bal toplamış bir şəxsə imkan vermirik ki, istədiyi ixtisas üzrə oxusun. Bu nə dərəcədə düzgündür? Belə abituriyentlər üçün istisnalar olmalıdırmı?

Məsələ ilə bağlı açıqlama verən təhsil eksperti Etibar Əliyev bildirdi ki, bu çox düşündürücü və cəmiyyət üçün də maraq kəsb edən bir məsələdir:

“Mən də həmin abituriyentlərin kənarda qalmasının tərəfdarı deyiləm. Bu uşaqlar çox yüksək nəticə göstəriblər, 600-dən yuxarı və ehtimal ediblər ki, onlar seçdikləri ödənişsiz ixtisasa daxil ola biləcəklər. Onlar ödənişli təhsili seçsəydilər, hansı ixtisas olur-olsun, birmənalı şəkildə həmin ixtisasa qəbul olacaqdılar.

Biz bilirik ki, tələbə qəbulu planını Nazirlər Kabineti təşkil edir və təsdiqləyir. Ancaq burada bir mühüm məqam var. Bir, iki və üç yüksək nəticə göstərən abituriyent müsabiqədən kənarda qalıbsa, Elm və Təhsil Nazirliyi mütləq Nazirlər Kabinetinə müraciət etməlidir. Bildirməlidir ki, bu abituriyentlər yüksək nəticə göstəriblər və gələcəkdə yaxşı mütəxəssis kimi yetişə bilərlər. Bu baxımdan humanizm prinsipləri, mənəvi prinsipləri nəzərə alaraq, iki əlavə yerin ayrılması ilə məsələni həll etmək olar.

Bu məsələni Elm və Təhsil Nazirliyi birmənalı şəkildə qaldırmalıdır. Əgər qaldıra bilsə, mən düşünürəm ki, Nazirlər Kabineti bu məsələnin müsbət həll olunması üçün humanizmə söykənən vacib bir addım ata bilər. Məsələnin mahiyyəti bundan ibarətdir. Bu abituriyentlər yüksək bal toplayıb, ailə vəziyyətlərini, öz maddi imkanlarını nəzərə alaraq ödənişli təhsil qeydə etməyiblər. Buna görə onlar kənarda qalmamalıdırlar. Gələn il onların həmin nəticəni göstərmə ehtimalı aşağı ola bilər. Bunun üçün yaxşı olardı ki, Elm və Təhsil Nazirliyi bu məsələni Nazirlər Kabinetinin qarşısında qaldırsın”,

Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan