Rusiya Prezidenti Vladimir Putin dünən altı ildən sonra Azərbaycana iki günlük dövlət səfərinə gəlib. Prezident İlham Əliyevlə danışıqlar zamanı müzakirə ediləcək məsələlər arasında Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafı, aktual beynəlxalq və regional problemlər, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, enerji resurslarının bu və ya digər formada çıxışını təmin etmək imkanları, Rusiya ilə Azərbaycan arasında Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi sahəsində əməkdaşlıq və digər mühüm mövzuların müzakirəsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan müstəqil siyasət yürüdən ölkə kimi Rusiya ilə münasibətləri regional kontekstdə yaxın qonşuluq, geosiyasi aspektdə isə qarşılıqlı maraqlar prinsipinə əsaslanır. Belə ki, həm iqtisadi sanksiyalar, həm də Qərbin iradəsi ilə Cənubi Qafqazda Ermənistan və Gürcüstanla münasibətləri birmənalı olmayan Moskva indi Bakının imkanlarına daha çox ehtiyac hissi duyur.
Xüsusilə də 2022-ci ildə Rusiya və Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında imzalanan Moskva Bəyannaməsi son iki il ərzində dəyişən geosiyasi vəziyyət fonunda münasibətlərin praqmatik, effektiv inkişafı istiqamətində önəm daşıyır. Çünki Bakı müstəqil və balanslı siyasətini heç bir ölkənin maraqlarına görə yürütmür və bu uğurlu xarici siyasət kursu Putinin səfəri fonunda Bakının Moskva üçün artan rolundan xəbər verir. Rusiya liderinin Ukraynanın Kurska hücumu və müharibənin aktiv fazada davam etdiyi zamanda səfərini təxirə salmaması da bu görüşün Kreml üçün əhəmiyyətini göstərir.
Səfərin əhəmiyyətindən danışarkən ölkələr arasındakı iqtisadi əlaqələrin inkişafını da xüsusi vurğulamaq lazımdır. Belə ki, bu əlaqələrin inkişafı nəticəsində ölkələr arasında 2023-cü ilin nəticələrinə görə, 2022-ci illə müqayisədə ticarət dövriyyəsi 17 faiz artaraq 4.5 milyard dollar səviyyəsinə yüksəlib. Artan dinamikanı nəzərə alsaq, bu göstəricilərin 2024-cü ildə daha da yüksək nəticələrlə müşahidə olunacağı istisna deyil. Çünki iqtisadi-ticari əlaqələrin yüksəlməsi məhz iki ölkənin mövcud potensialına əsaslanır.
Azərbaycan, Rusiya ilə olduğu kimi, Ukrayna ilə də yaxşı münasibətlərə malikdir. Təsadüfi deyil ki, Avropa İttifaqı Ukrayna vasitəsilə Rusiya qazının alınmasından tam imtina edəndən sonra bu sahədə boşluğu doldurmaq üçün Azərbaycanla əməkdaşlıq cəhdlərini artırmağa çalışır, Azərbaycan qazının Ukrayna ərazisindəki qaz kəmərləri vasitəsilə nəqlini nəzərdən keçirir. Təklifin ilk növbədə Avropa İttifaqı və Ukrayna tərəfindən səsləndirilməsi isə Azərbaycanın nə qədər mühüm aktor olduğunun əyani sübutudur. Bu məqam isə həm də Rusiya-Ukrayna qarşıdurmasının sülh yolu ilə həllində əsas imkanlardan biri istifadə oluna bilər.
Mövzu ilə bağlı Oxu.Az-a danışan siyasi ekspert İlyas Hüseynov da hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinin indiki durumda Azərbaycana səfəri mühüm aktuallıq kəsb edir:
"Azərbaycan və Rusiya arasında münasibətlərin əsas bazasını 2022-ci ildə imzalanan Moskva Bəyannaməsi təşkil edir. Bu bəyannamənin əsas müddəaları əsasında siyasi, iqtisadi, təhlükəsizlik, humanitar, mədəniyyət, nəqliyyat, enerji və tranzit sahələri kimi ən mühüm sahələr qarşılıqlı maraqlar əsasında uzlaşdırılır, bu istiqamətdə müxtəlif təmaslar həyata keçirilir".
"Bu məqamda Azərbaycan və Rusiya liderlərinin mütəmadi olaraq müxtəlif tədbirlərdəki görüşünü xüsusilə qeyd etmək lazımdır. Çünki bu məsələ iki dövlət başçısı arasında münasibətlərin sıx olmasından və yüksək inam və etimadın mövcudluğundan xəbər verir. Bu isə ilk növbədə dövlətlərin və xalqların inkişafına müsbət təsir göstərir", - deyə analitik vurğulayıb.
Hüseynov əlavə edib ki, hazırda geosiyasi vəziyyətin fərqli olması ölkələrimiz arasındakı münasibətlərə və bunun fonunda sözügedən səfərə yüksək diqqət tələb edir:
"Çünki bizim münasibətlərimiz mehriban qonşuluq siyasəti çərçivəsində inkişaf edir və tarixi köklərə dayanır. Eyni zamanda, bu münasibətlərin həm də gələcək perspektivləri mövcuddur. Təkcə onu demək kifayətdir ki, hər iki dövlət arasında olan yüksək etimadın nəticəsinə görə Rusiya sülhməramlıları müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərini vaxtından tez tərk etdilər. Bu bir daha ondan xəbər verdi ki, iki dövlət arasında problemli, ziddiyyətli amillər mövcud deyil".
"Topçubaşov" Mərkəzinin direktoru, siyasi tədqiqatçı Rusif Hüseynov isə Oxu.Az-a bildirib ki, Rusiya tərəfinin arzusunda olduğu əsas məqam iki ölkə arasında əlaqələrin müttəfiqlik və strateji əməkdaşlıq səviyyəsinə yüksəldilməsi ilə yanaşı, onun praktiki cəhətdən icra edilməsidir:
"Çünki Azərbaycan mövcud situasiyada Rusiyaya düşmən münasibət sərgiləməyən əsas dövlətlərdəndir və bu da Moskva üçün vacib məsələdir. Eyni zamanda, logistika-nəqliyyat kommunikasiyaları baxımından Azərbaycan Rusiya üçün Qlobal Cənub ölkələrinə çıxmaq üçün əsas ölkələrdən biridir. Burada söhbət İran və İran vasitəsilə Hind okeanına çıxmaqdan gedir. Eyni zamanda, Türkiyəyə çatmaq üçün də Azərbaycan marşrutundan istifadə nəzərdən keçirilə bilər".
"Digər məsələ isə enerji əməkdaşlığı ilə bağlıdır. Ola bilsin ki, Azərbaycan sırf daxili bazar üçün Rusiya qazının idxalını genişləndirə bilər. Bu da Azərbaycana imkan verəcək ki, Qərbə ixrac edəcəyi yerli qazın həcmini artırsın", - deyə analitik vurğulayıb.
Onun sözlərinə görə, Rusiyanın Azərbaycan-Ermənistan sülh prosesindəki rolu da müzakirəyə açıq mövzulardan biridir:
"Xüsusilə də son bir ildə biz iki ölkə arasında həm ikitərəfli, həm Qərb ölkələrinin, həm də Qazaxıstanın vasitəçiliyi ilə sülh danışıqlarının şahidi olmuşuq. Ələlxüsus da son zamanlar Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının Azərbaycanın iştirakı olmadan mümkünsüzlüyünün davamlı olaraq gündəmə gəlməsi Rusiyanın da bu mövzuda diqqətini cəlb etməmiş deyildir. Çünki bütün bunları nəzərə alanda Rusiya oyundan kənarda qalmaq istəmir".
Rusiyalı politoloq Boqdan Bezpalko Oxu.Az-a açıqlamasında bildirib ki, bu gün Rusiya üçün birbaşa, xüsusən də Qafqazda münaqişələrin olmaması daha vacibdir:
"Çünki münaqişələrin alovlanması üçün kifayət qədər əsas var və bu, hər an baş verə bilər. Bu əsaslar Zəngəzur dəhlizi məsələsidir, Paşinyanla Rusiya arasındakı ziddiyyətdir, Ermənistan müxalifətidir və bunun kimi digər çoxsaylı məsələlərdir. Bütün bunlar əks qüvvələr tərəfindən arzuolunan situasiya kimi Qafqazda münaqişənin alovlanması üçün istifadə edilə bilər ki, bu münaqişənin Rusiya Federasiyasını öz orbitinə cəlb etməsi qaçılmaz olacaq. Xüsusən də Rusiya öz hərbi bazası ilə Ermənistan ərazisindəki mövcudluğunu davam etdirir. Bu da özlüyündə təhlükəli məqamdır və bu təhlükələr tək Ermənistan üçün yox, bütün dövlətlər üçün arzuolunan deyil. O cümlədən Azərbaycan da hər hansı bir münaqişənin tərəfdarı deyil. Putinin Bakıya səfəri həm də bu istiqamətdə dəyərləndirilməlidir".
"Bundan əlavə, Rusiya lideri Kursk vilayətindəki əməliyyatlar fonunda sakitlik nümayiş etdirir. Çünki Rusiya üçün bu cür əməliyyatlar kritik təhlükə təşkil etmir və əsas məsələ sadaladığım nüanslarla bağlıdır. Çünki Putinin sözügedən əməliyyata rəğmən Azərbaycana səfər etməsi həm də bunun göstəricisidir", - deyə rusiyalı ekspert fikrini yekunlaşdırıb.