Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daşkəsənli şəhid Surxay Məmmədov dəfn olunub.
31 ildən sonra şəxsiyyəti müəyyənləşdirilən Daşkəsən rayonunun Qabaqtəpə kənd sakini, şəhid hərbçi Surxay Rza oğlu Məmmədov Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində Daşkəsən Rayon və Gəncə Şəhər İcra hakimiyyətlərinin rəhbər şəxsləri, Daşkəsən rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları, şəhid ailələri, müharibə veteranları və əlilləri, rayon sakinləri və KİV mənsubları iştirak ediblər.
Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov rayon ictimaiyyəti adından şəhidin ailəsinə bir daha dərin hüznlə başsağlığı verib, səbir diləyib və Surxay Məmmədovun şərəfli həyatından və döyüş yolundan söz açıb.
Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağını icra başçısı şəhidin qardaşı Vüqar Məmmədova təqdim edib.
Qeyd edək ki, şəhid Surxay Rza oğlu Məmmədov 7 dekabr 1974-cü ildə Daşkəsən rayonunun Qabaqtəpə kəndində anadan olub. O, könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılıb. 8 fevral 1993-cü ildə Ağdərə rayonunun Mehmanə kəndi ərazisində erməni silahlı dəstələri ilə gedən döyüşlərdə hərbi xidməti borcunu yerinə yetirərkən müqəddəs şəhidlik zirvəsinə ucalıb. İtkin düşmüş hesab olunan Surxay Məmmədov İsmayıllı Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmişdi.