Baş prokuror Kamran Əliyevin birinci müavini Rüstəm Usubovun və digər müavinlərinin vəzifədən azad olunması üçün Prezident İlham Əliyevə təqdimat göndərməsi haqda informasiya yayılıb.
ONN media xəbər verir ki, sosial şəbəkələrdə Rüstəm Usubovun 65 yaşının olması səbəbindən təqaüdə göndərilməsinin qanuna uyğun olduğu bildirilsə də, onun bu vaxta qədər təhlükəsizlik orqanlarında mühüm işlər gördüyü diqqətə çatdırılıb.
2005-ci ildən Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini vəzifəsini icra edən Rüstəm Usubov həm ədliyyə müşaviri, həm də insan kimi vətəndaşların rəğbətini qazanan məmurlardan olub. Onun xüsusən sadə vətəndaşları qəbul edib onların problemlərini dinlədiyi və yerində həlli üçün zəruri tapşırıqlar verdiyi bildirilib.
R.Usubov həm də dövlət təhlükəsizliyinin təmin edilməsi proseslərində önəmli rol oynayıb.
Məlumat üçün qeyd edək ki, Rüstəm Usubov 1954-cü il oktyabrın 4-də Gəncə şəhərində anadan olub. 1982-ci ildə Tomsk Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Rusiya Federasiyası prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləyib. 1985-ci ildə Azərbaycan Respublikasının prokurorluq orqanlarına işə qəbul olunaraq, Bakı şəhər Prokurorluğunun böyük müstəntiqi, Respublika Prokurorluğunun İstintaq İdarəsinin prokuroru, Baş prokuror yanında mühüm işlər üzrə müstəntiq, böyük müstəntiq, Respublika Prokurorluğu İstintaq İdarəsinin 1-ci istintaq şöbəsinin rəisi, həmin idarənin Xüsusilə təhlükəli cinayətlərin istintaqı şöbəsinin rəisi, Bakı Prokurorluğunun İstintaq şöbəsinin rəisi, Bakı şəhəri Xətai rayon prokuroru, Hərbi Prokurorluğun İstintaq İdarəsinin prokuror-kriminalisti, Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi vəzifələrində işləyib.
O, Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini təyin edilib.
R.Usuobov II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvü, Baş Prokurorluğun Ali Attestasiya Komissiyasinin sədridir. Ailəlidir, üç övladı var
ONN İnformasiya Agentliyi