Söz açım bir çətin, ağır zamandan –
Qarabağ savaşı başlayan andan.
Dövran bizə qarşı çox qansızıydı,
Düşmən hər tərəfdən amansızlydı.
Qubadlı, Cəbrayıl, Laçın, Zəngilan
Azğınlar əlində olurdu talan.
Düşmüşdü fələyin gur sellərinə,
Şuşa keçmiş idi yad əllərinə.
Ağdamın yolları bağlanmış idi,
Xocalının köksü dağlanmış idi.
Arxalı düşmənin kefi şeş idi,
Qüvvələr nisbəti birə beş idi.
Yenə yurdumuzun ər oğulları,
İgid oğulları nər oğulları.
Döyüş meydanında son nəfəsində
Qarabağ deyirdi hər kəlməsində.
Əziz oxucumuz, olsun xəbərin,
Biri Natiq idi bu igidlərin.
Ağdamda gedirdi cətin döyüşlər,
Tamam dağılmışdı bu gözəl şəhər.
Alban kilsəsində qərar tutanlar,
Natiqlə birlikdə bu şirin canlar
Elə döyüşdülər – aslanlar kimi,
Əzdilər düşməni quru nar kimi..
Güllə yağışında kilsə daşları
Yazdı tarixlərə bu savaşları.
Mərmi yağış kimi yağdığı zaman
Bürüdü ətrafı qatı bir duman.
İgidlər döyüşüb qisas aldılar,
Axırda özləri şəhid oldular.
Hələ döyüşürdü, Natiq sağıydı,
Sanki karvankeçməz uca dağıydı.
Əlini çəkəndə tətiyə sarı,
Silirdi yerindən bürcü, hasarı...
Beş gün də döyüşdü təkcə köməksiz,
Onun hünərinə mat qalmışıq biz.
Xəbər Yerevana çatdı bu zaman,
Bizə kömək gəlsin aman, əlaman:
Kilsədə türklərin bir batalyonu,
Nə tanklar, nə toplar susdurmur onu.
Əlavə kömək də çatdı anında,
Natiq dayanmışdı öz meydanında.
Düşmənin başına od ələyirdi,
Sanki yeri, göyü silkələyirdi.
Burda xəbər verim Xocalımızdan,
O qanlı gecədən, sökülməmiş dan.
Qəfil gələn düşmən kəsdi hər yanı,
Uşağı, qadını, qoca, cavanı.
Lənətə gəlmişlər oldular qansız,
Verdilər gülləyə sorğu-sualsız.
Sonra əsir alıb dinc adamları,
Gəlib dayandılar Kilsəyə sarı.
Əsirlər içində Cəfər adında
Kişiyə dedilər: saxla yadında,
Get söylə kilsədə vuruşanlara.
Bir azca döyüşə versinlər ara.
Təslim olmasalar səhərə qədər,
Qalmaz əsirlərdən, qalmaz bir nəfər.
Kilsəyə yol alan bu Cəfər kişi
Gəlib gözləriylə gördü gərdişi.
Hər yer xarabalıq, hər yer tarimar,
Ordu əvəzində bircə nəfər var.
Baxdı şəhidlərə yaşlı gözləri.
Natiqə çatdırdı şərti, sözləri.
Əgər bu günləri təslim olmasan.
Qalmaz əsirlərdən salamat insan.
Natiq yerə baxdı, bir göyə baxdı.
Sanki gözlərində qığılcım caxdı.
Qoydu silahını, qoydu əlindən,
Üçrəngli bayrağı açdı belindən.
Dedi: - Bayraq mənim ürəyim, canım.
Səni daim yaşa, Azərbaycanım!
Bayrağı əlində girdi meydana,
Yaydı hünərini bütün cahana.
Deyirlər, bu yerdə çataçat oldu,
Düşmən ona baxıb belə mat oldu.
Balasyan Aşota baxdı gözaltı,
Qəzəbdən oynadı, içi-çalatı:
- Bayrağı əlində öyüşənə bax
Ordu əvəzində döyüşənə bax.
Qırdı neçə-neçə əsgərimizi
Döyüş meydanında xar etdi bizi.
Belə bir qorxulu türkü əlimdən,
Girəvə düşübsə verəmmərəm mən.
Çaqqallar almaqçun öz qisasını,
Aldılar dövrəyə şir balasını…
Natiq tarixlərdə Şir kimi qalır…
Ölümü hələ də sir kimi qalır.
Aşıq Altay Məmmədov.
Mədəniyyət və İncəsənət Universitetinin
Dosenti