Bu gün əvvəlcə C qrupunda Sloveniya Serbiya ilə, İngiltərə isə Danimarka ilə qarşılaşacaq. Günün son və böyük maraqla gözlənilən matçı isə B qrupunda qərarlaşan İspaniya və İtaliya seçmələri arasında keçiriləcək.
Oxu.Az xəbər verir ki, gərgin mübarizə vəd edən İspaniya İtaliya görüşündə milli komandalar liderlik postunu ələ keçirmək üçün mübarizə aparacaqlar. Hər iki komanda ilk turda qalib gələrək aktivinə üç xalı yazdırmağı bacarıb. Amma, İtaliya millisinin Albaniya ilə görüşdə çətin qələbəsi Xorvatiya ilə qarşılaşmada 3:0 hesablı qələbəyə sevinən İspaniya ilə matç üçün ümid vermir.
AVRO-2024-ün əsas favoritlərindən sayılan İngiltərə millisi də C qrupundakı liderlik postunu qorumaq üçün bu gün Danimarka ilə görüşdə qələbə qazanmağa çalışacaq. Serbiya ilə görüşdə minimalhesablı qələbəyə sevinən ingilislər bu dəfə daha inamlı təsir bağışlayaraq azarkeşlərin etimadını doğrultmağa çalışacaqlar. Danimarkalılar isə İngiltərə millisinin favorit statusunu qırmaq və liderlik postunu ələ keçirmək üçün bütün fürsətlərdən layiqincə yararlanmağa çalışacaqlar.
Qrupun digər matçında Sloveniya ilə Serbiya milliləri üz-üzə gələcəklər. Danimarka ilə görüşdə 1:1 hesablı heç-heçəyə razılaşaraq aktivinə bir xalı yazdıran Sloveniya millisi də Serbiyaya qalib gələrək liderlik postu üçün namizədliyini irəli sürmək niyyətindədir. Hazırda aktivində xalı olmayan Serbiya isə autsayderlikdən qurtulmaq üçün mütləq qələbə qazanmalı olacaq.
C qrupu
Sloveniya – Serbiya
Saat 17:00 – "Allianz Arena"
Danimarka - İngiltərə
Saat 20:00 - "Frankfurt Arena"
B qrupu
İspaniya – İtaliya
Saat 23:00 – "Arena AusSchalke"