"Yeni parlament seçkisi zamanı Fransanın siyasi partiyaları hazırkı Prezident Emmanuel Makronun partiyasına qarşı çıxmaq üçün vahid blok yaratmalıdırlar".
Fransanın müxalifətdəki "Patriotlar" partiyasının lideri Florian Filippo bu təkliflə çıxış edib.
Siyasətçi qeyd edib ki, Makron Milli Assambleyanın buraxıldığını elan edərək cəmi üç həftəyə seçki təyin edib. Filipponun sözlərinə görə, bu addım ciddi məsələlər ətrafında müzakirələrdən qaçmaq üçün atılıb.
"Üçüncü Dünya müharibəsi və vahid dövlətə çevrilən Avropa İttifaqı fransızlar üçün əsl müzakirəyə layiq mövzulardır", - deyə Filippo "X" sosial şəbəkəsində yazıb və bildirib ki, Suveren Blokun yaradılması fransızlar üçün bu mövzuları müzakirə etmək üçün yeganə yol olacaq.
Xatırladaq ki, Avropa Parlamentinə keçirilən seçkilərdə Fransa Prezidenti Emmanuel Makronun İntibah Partiyası Marin Le Penin Milli Birlik Partiyasından (32 faizə qarşı təxminən 15 faiz səs) yarı nəticə əldə edib.
Bir gün əvvəl Fransa Prezidenti Emmanuel Makron Milli Assambleyanın (Fransa parlamentinin aşağı palatası) buraxılması və növbədənkənar seçkinin keçirilməsi barədə qərar qəbul edib.