Xocalı şəhərində məskunlaşdırılan sakinlər doğma yurdlarına qayıdışın böyük sevincini yaşayırlar.
Xocalı sakinləri bu qüruru və sevinci onlara yaşadan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Xocalıya ilk köçənlərdən biri olan Hümbətovlar ailəsinin xanımı Zeynəb Sadıqovaya şəhərə yenidən qayıdışın sevincini ifadə etmək çox çətindir:
“Əslində, bizi Qarabağa yox, Qarabağı bizə qaytardılar. Bunun üçün ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığımı bildirir, ona uzun ömür arzulayıram. Dövlət başçısının gördüyü işlər bu gün bir millət olaraq hamımızın başını uca edib. Onun verdiyi əmr əsasında igid oğullarımız, mərd igidlərimiz bu günkü sevinci bizə yaşatdılar. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Bu gün yaşadığımız sevinci bir kəlmə ilə izah edə bilmərik. Kim deyə bilərdi ki, bir gün Xocalıda ola bilərik? Düzdür, bizim xalq heç vaxt məğlub olmağı həzm edə bilməyib. Bu gün qürurla, fəxrlə deyə bilirik ki, Cənab Prezident İlham Əliyev kimi rəhbəri olan xalq ancaq qələbələrə layiqdir”.
Həyat yoldaşının sözlərinə qoşulan Mahir Hümbətov da doğma yurdlarını qayıdışı təmin etdiyi üçün ölkə başçısına minnətdarlığını bildirib:
“Mən 23 yaşında Xocalıdan çıxmışam. Müharibə bizə çox yaralar vurub. 13 yaşlı bacım və xalam şəhid olub, qardaşım yaralanıb. Müharibə bizə elə yaralar vurub ki, o anları heç vaxt unutmaq olmaz. Bu müharibə bizim ömrümüzün bəlkə də yarısını aldı.
Ancaq bu gün mənim üçün Xocalının küçəsində yatmaq belə heç bir dəyərlə ölçülə bilməz. Mən axşam burda yatdım. Sizə əminliklə deyirəm ki, bu yaşıma qədər hələ belə rahat yatdığım olmamışdı. Düşünürəm ki, bu həm də şəhidlərimizin narahat ruhlarının rahatlığa qovuşmasına bir işarədir”.
Xocalıya yeni köçənlərdən biri də Rüzgar Əliyevadır. Ölkə başçısına minnətdarlıq dolu ifadələrini böyük qürurla dilə gətirən R.Əliyeva bu torpaqda şəhid olan soydaşlarımızın da ruhunun şad olduğuna inandığını deyib:
“Xocalıda bizim rahat yaşamağımız, həm də burada şəhid olan əzizlərimizin ruhunun rahat olması deməkdir. Çox sevincliyəm, Allah Prezidentimizə uzun ömür cansağlığı versin ki, bu xoş günləri bizə yaşatdı.
Bu gün Xocalıda, bu dağlarda, meşələrdə qanı tökülən, bu günlərin sevincini yaşamadan şəhid olanların ruhu şad olsun. Biz bu gün Xocalıya qayıtmaqla, onların ruhunu daha da şad etdik. İşğaldan əvvəl burada beş otaqlı evimiz vardı, elə öz evimizi təmir edib verdilər. Prezidentimizə bir daha öz minnətdarlığımı bildirirəm”.