hemle

«Bir eralıq adamam mən»

Tarix:10-05-2024, 12:30
Baxış Sayı:705

«Bir eralıq adamam mən»


İstedadlı şair Ürvət Əfqanoğlunun «Sənə nə deyim, payız?» kitabına qısa baxış

(Açığı) poetik çək-çevirdə dönüş yaratmaq, adi və ya qeyri-adi prosesləri mənada çırpındıra bilmək hər şairə xas olmur. Şeirləri ilə tanışlıqdan sonra tam cəsarətlə deyə bilərik ki, Şamaxının Birinci Çaylı kəndindən poeziya məkanına pərvaz edən Ürvət Əfqanoğlunda bu fəhm var. Birincisi, ona görə ki, fərqinə vardığı təfərrüatları oxucuya anladığı dildə, həm də fəlsəfi çalarda təqdim edir, ikincisi, ona görə ki, ayrı səmti, fərqli ovqatı olan fikirləri mistik ruhdan sufistik ruha çəkə bilir, solğun duyğulara təbii rəng hopdurmağı bacarır (əlbəttə, bu, ədəbi tənqidi razı salan cəhətlərdir).
Ürvətin 2022-ci ildə «Gənclik» nəşriyyatı tərəfindən buraxılmış «Sənə nə deyim, payız?» adlı şeirlər kitabında da yuxarıda dediklərimiz qabarıq şəkildə diqqət çəkir. Kitabdakı şeirlər imkan verir, deyək ki, istedadlı şair sanki min il əvvəl doğulub, o dövrdə yaşanan hadisələrdən hali olub, sonra da hansısa bir hissin fövqündə «yoxa çıxıb». Çünki onun əksər şeirində o çağların hürküsü var...
Ürvətin ümid verən şeirlərindən bir neçə nümunə gətirək:

Əs, ey payız küləyi,
Sevgilimə bənzə; sarı-sarı əs...

*
Səni bahar bilirdim
Payız görkəmli qadın...

*
Bu qızın gözlərində
İntihar edib gülüş...

*
Boyum yaman qısadı,
Əlim çatmır çörəyə...

*
Bir eralıq adamam mən,
Yoxdur məni başa düşən...

Ürəvti xeyli vaxtdır tanıyıram. Son dərəcə sakit, mədəni və əxlaqlıdır. Ancaq şeiryazma işi fərqlidir - sanki şeir yazanda başqalaşır. Maraqlıdır ki, o, körpə-kövrək hisləri ilk andanca sərt-qabarıq formaya salır, çağa duyğuları yetkin yaşda göstərir. Bu, şübhəsiz (yuxarıda dediyimiz kimi) onun «bir eralıq adam» olmaq fəhmindən, hadisələrə yaradıcı yanaşmaq əzmindən irəli gəlir.
Ürvət Əfqanoğlu şeirində ovqatverici hiss (birbaşa) həyatın özüdür; buradakı fəlsəfi-ədəbi çalar da elə həyatsevər şairin fikir üçün əsas məqsəd hesab etdiyi bədii komponentdir. Biz bunu yuxarıdakı misraların təbirincə açaq: Ürvət, diqqət etdiyi əşyaya (cismə) olduğu kimi məna vermir, onu ehtimala tuş edir, ilk özəyini araşdırır. Məsələn, küləyin nə olduğu bəlli, hansı vəzifə daşıdığı məlumdur. Lakin şair onu başqa məsuliyyətə düçar edir, üzərinə daha mühüm vəzifələr qoyur. Onun «Əs, ey payız küləyi, Sevgilimə bənzə; sarı-sarı əs...» fikri əslində, dərin uğultu verən əks-çağırışdır. Burada Həvva iffəti, cənnətdən qovulma anı, torpağın üzərindəki vəcdanə hiss şüuraltı zəmin verir, düşüncəli oxucu bu mənada fövqəl cığır axtarır, küləyi qadın (sevgili) surətində əxz edir..., «Sevgilimə bənzə; sarı-sarı əs...» paradoksunu qadın cildindəki ruhun çəkdiyi acıları sərinlət mənasında qavrayır.
Bu mahiyyəti «Səni bahar bilirdim Payız görkəmli qadın...» eyhamı da oxşar şəkildə ehtiva edir. Yəni, bu hiss - sən, bizi cənnətə düşməli ikən cəhənnəm əzabı ilə üz-üzə qoydun - anlamına gəlir.
«Bu qızın gözlərində İntihar edib gülüş...» aspektində də biz həmin təfərrüatı (başqa ruhda) görürük. Belə anlaşılır ki, ilk qadın bağışlanmaz bir səhvlə özünü (əslində, hamını) bahar (cənnət) ikən payızlaşdırıb (cənnətdən uzaqlaşdırıb). Bəlkə də bu rakursu tam açdığı üçün şair «Boyum yaman qısadı, Əlim çatmır çörəyə...» deyir. Demək istəyir ki, hamı bir səhv üzündən balacalaşıb, çörək (hamı üçün hərfi mənada) qəhətə çəkilib.
Bu real situasiya şairin «Bir eralıq adamam mən, Yoxdur məni başa düşən...» fikrinin motividir; yəni, Adəm Allahı dərk etmədi, etdiyi səhvdən sonra gözləri açıldı, lakin (bu) çox gec oldu. Allah onu ömürlük əzaba (torpağa) məhkum qoydu və s.
Səmimi deyək, Ürvətin hansı şeirinə göz tutursan, içində bir uğultu, bir kəhkəşan çırpınır. Onun şeirlərindəki «Əlim səbr daşında, ürəyimə gir, ağla», «Elə bil bir addım aramız qalıb...», «Mən arxasız yaşadım, mənim dağım olmadı», «Təb döndü, yenə gəldi, göyərçin dənə gəldi...», «Köhnə arzuları toz-torpaq basıb, təzə nə var, yağış yuyur, isladır», «İkiyə bölmədim biri dünyada...» və s. kimi dərin araşdırıcılıq tələb edən fikirləri fərqli təzahürlərə səmt açır, öz faktiki düşüncəsindən daha yuxarı çıxır, fəlsəfi salxara bürünür, hər biri ayrıca ovqatdadır. Ən əsası, oxucu bu hislərin əhatəsindədir. Bu təqdimatların süjet xətləri həyatdan və taledən qaynaq götürsə də, müəllif onları zəka qatına qaldırıb, qaynar ilhamı ilə cilalayıb. Burada cəmiyyət reallığı da var, fövqəl çək-çevir də, sevgi, talesizlik və ağrı-acı kimi faktlar da. Bütün hallarda onun bu bədii nümunələri min il əvvəl üçün aşkar dəlildir, o dövrlə bu dövrün müqayisəsini ehtiva edir.
Nədənsə, Ürvət, həyat və mistika kimi anlayışlara qabarıq yanaşır. Bu qənaət isə yaradıcılığı boyu doğru baxışla açılır. Biz bu ortadoksal həddə müəllifin özünün də acı həyat səhnəsinin, orada var-gəl edən acı hislərin şahidiyik...
Ürvətin hansı şeirini təhlilə çəksək, orada həyatı bir tale vulkanı kimi görürük. Belə başa düşmək olar ki, o, eşqin ləngərində təlatümə gələn vadiləri insan ömrünə sığa bilən sərhədlərlə əhatələməyin əleyhinədir, çünki bu cəhddə ürək yanğılarına su səpmək fəlsəfəsi yoxdur. Bunun üçün o, sükutu əslində, bir qışqırtı kimi «vəsf edir», hadisələrin məzmun və məna birgəliyini diqqətdə tutur. Bununla da demək istəyir ki, poetik zəhmətin peşə xarakterləri məhz bu sistemdə parlaq təzahürdədir.
Ürvət Əfqanoğlu şeiriyyəti ədəbi qənaətimizi aşa bilir, zahiri yönü və fəlsəfi şəkli ilə ona «məqbul» yazmağımıza imkan verir.
Sənə uğurlar diləyirəm, eloğlu!

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ