hemle

Beş dəqiqəyə təmizlik, gündə 500 min insanın gözlədiyi avtobuslar: Bakının ən böyük deposundan REPORTAJ - FOTO

Tarix:17-04-2024, 09:07
Baxış Sayı:598

İctimai nəqliyyatdan istifadə edən hər kəsi maraqlandıran əsas suallardan biri də sürücülərin sağlamlıq yoxlanışından keçib-keçməməsi məsələsidir.

Məlum olur ki, səhər reysqabağı bütün sürücülər tibbi müayinədən keçirlər və yalnız bundan sonra onlara müvafiq yol vərəqəsi təqdim olunur. Həmin yol vərəqəsi əsasında da avtobus mexaniklər tərəfindən sürücüyə təhvil verilir.

Beş dəqiqəyə təmizlik, gündə 500 min insanın gözlədiyi avtobuslar: Bakının ən böyük deposundan REPORTAJ - FOTO

Bütün bu proseslər hər gün istisnasız olaraq ciddi nəzarət altında həyata keçirilir və müvafiq daxili sənədlərlə müşayiət edilir.

Bu gün “BakuBus”ın qarajı 24 saatlıq iş rejimində fəaliyyət göstərir. Yəni avtobuslar saat 00:00-da qaraja daxil olduqdan sonra gecə növbəsinin iş qrafikinə start verilmiş olur.

Gecə xətdən qaraja dönən avtobusların içərisinə ilk növbədə nəzarətçilər tərəfindən vizual baxış keçirilir. Daha sonra isə mexaniklər texniki baxış əsasında sürücülərdən avtobusları təhvil alırlar.
Əgər texniki baxış zamanı hər hansı nasazlıq aşkar olunarsa, o zaman həmin avtobuslar qarajın təmir mərkəzinə yönəldilir.

Saz vəziyyətdə olan avtobuslar isə qarajdaxili digər prosedurlardan - növbəti iş günü xəttə çıxmaq üçün yanacaq dolumu, avtobusların daxili, xarici təmizliyi və s. - keçirlər.

Qeyd etmək yerinə düşər ki, “BakuBus”a məxsus iki depo (qaraj) var ki, onların hər biri 300 avtobusa xidmət göstərmək gücünə malikdir.

Qarajın təmir və texniki baxış hissəsində isə eyni vaxtda 26 avtobusa təmir və xidmət göstərmək mümkündür. Buraya rənglənmə, yağdəyişmə, mühərriklərin, təkərlərin dəyişdirilməsi və təmiri kimi xidmətlər daxildir.

Diqqəti çəkən daha bir proses avtobusların təmizlik məsələsidir. Növbəti gün üçün hazırlanan avtobusların təmizliyinə xüsusi diqqət ayrılır. Belə ki, hər gün və mütləq şəkildə, avtoparkın öz yuyucu məntəqəsində, bütün avtobusların həm salonu, həm də çölü yuyulub-təmizlənir.

Qeyd edək ki, şirkətin üç terminaldan ibarət yuyucu stansiyası var. Həmin stansiyaların xidmət gücü isə hər terminalda bir avtobusun 5 dəqiqə ərzində təmizlənməsinə hesablanıb.

Bütün sadalanan proseslər saat 3:00-da yekunlaşdıqdan sonra avtobuslar qaraj daxilində onlar üçün ayrılmış yerlərə park edilirlər.

Növbəti gün xəttə çıxacaq sürücülərin qaraja gəlmə vaxtı isə saat 5:00-dan başlayır. Servis avtobusu ilə qaraja gələn sürücülər bir saat ərzində, yəni saat 6-ya kimi tibbi yoxlanışdan keçirlər.

Qeyd edək ki, bu gün Bakının Suraxanı rayonu, Zığ şosesində yerləşən şirkətin avtoparkında ümumilikdə minə yaxın avtobus var ki, onlardan gündəlik 600-ə yaxını marşrut xəttinə çıxarılır və gün ərzində 500 minə yaxın sərnişinə xidmət göstərir.

Şirkətin saytında göstərilir ki, 2015-24-cü illərdə “BakuBus” avtobusları ilə 806 398 239, 2024-cü ildə isə 29 724 327 sərnişin daşınıb. Şirkətin fəaliyyət prioriteti isə xidmət keyfiyyətinin qorunmasına köklənib.

On il ərzində “BakuBus” paytaxtımızda keçirilən beynəlxalq tədbirlərin nəqliyyat operatoru rolundan hazırda Bakı şəhərinin sərnişindaşımasının əsas daşıyıcı şirkətinə qədər uğurlu yol keçib.

Fəaliyyətə başladığı ilk gündən təhlükəsizlik, keyfiyyət və operativliyi rəhbər tutan “BakuBus” bu gün də bu prinsiplərinə sadiqdir. Şirkət 10 illik yubileyini 800 milyonuncu sərnişinini daşımaqla qeyd edir.

Daha çox foto burada: PhotoStock.az

Əzizə İsmayılova

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ