44 günlük haqq savaşımızda 30 illik torpaq həsrətinə öz can, qanı bahasına son qoyub ölümsüzlüyə qovuşan qəhrəmanlardan söz düşəndə İlqar Natiq oğlu Zeynalovun adı iftixarla çəkilir.1989-cu ildə Cəlilabad rayonu, Zopun kəndində anadan olan bu Vətən sevdalısı odlu-alovlu müharibə meydanında son damla qanına qədər yağı ilə döyüşüb. Düşmən gülləsinə tuş gələn İlqar “Vətən” deyib əbədiyyət adlı ulduzlu dünyasına qovuşub. Məhz buna görə də ömrünün 31 ilində şərəfli ölümü ilə bütün Azərbaycana qürur gətirib. Həmçinin xalqın qəhrəmanlıq simvoluna dönərək özünə də milyonların ürəyində əzəmətli abidə ucaldıb. Həqiqi məhəbbətlə Vətəninə, doğma torpağına bağlı olan İlqar Zeynalov dövlət tərəfindən ölümündən sonra "İgidliyə" görə, “Vətən uğrunda”, Laçının və Suqovuşanın azadlığına görə medallarına layiq görülüb. Həyatsevər, olduqca qeyrətli, təmiz ürəkli şəhidimizin yarımçıq arzularını cücərdəcək üç oğulu doğma Azərbaycanına əmanət qalıb.
Uşaqlıqdan qəlb dünyası Vətənə sevdalanan İlqar Zeynalov orta məktəbi bitirib Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Son dərəcə mərd, cəsur, ağıllı, vətənpərvər gənc olan İlqar buranı 2011-ci ildə yüksək səviyyədə, mükəmməl biliklə başa vurub. Azərbaycan Ordusunun baş leytenantı rütbəsində hərbi hissələrin birində qulluq edib. Vətənin keşiyində durduğu 9 il ərzində bir dəfə də olsun hər hansı nöqsana yol verməyib. Nümunəvi hərbiçi kimi verilən bütün tapşırıqları vaxtında yerinə yetirib, özünə yalnız hörmət qazandırıb. İkinci ən yaxşı xüsusiyyəti tabeliyindəki əsgərlərə, gənc zabitlərə tələbkar yanaşmaqla bərabər, onlara böyük qardaş qayğısı göstərmək olub. Həmişə mənfur düşməndən qisas almaq məqsədilə öyrənib, vacib təlimlərdə fəallıq göstərib. Yüksək peşəkarlığına görə baş leytenant İlqar Zeynalova “Mübariz” postunda xidmət göstərmək tapşırılıb. Bir sözlə o, canından artıq sevdiyi Vətənə vicdanla, qeyrətlə xidmət edib və məqamı gələndə yağıya qarşı amansız olacağına and içib.
İkinci Qarabağ müharibəsi başlanan zaman, Vətənin bütün qeyrətli oğulları kimi, baş leytenant İlqar Zeynalov da cəbhə xətində yerini alıb. Talış kəndinin, Suqovuşanın azadlığı uğrunda haqq savaşımızda düşmənin kabusuna çevrilib. Göstərdiyi rəşadət nümunəsi ilə adı dillərə düşüb. Döyüşdən-döyüşə atıldıqca Qarabağın çox yerində üçrəngli bayrağımız dalğalanıb. Ağdərə istiqamətində gedən ağır müharibədə canından keçməklə Vətənə olan əbədi sevgisini ona bildirib. Odur ki, İlqar cismən aramızda olmasa da, adı Vətənlə birgə çəkilir.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü