Ermənistanla Rusiya arasında gərginlik səngimir. Əksinə, hər iki tərəf getdikcə daha açıq davranır və münasibətlərin pozulmasına görə bir-birilərini ittiham edirlər.
Son vaxtlara kimi İrəvan və Moskva əlaqələrdəki mənfi halları qismən gizlətməyə, daha doğrusu, ictimailəşdirməməyə çalışırdılarsa, indi “açıq oynayırlar”. Məsələn, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan martın 31-də Argentinanın “Todo Noticias” telekanalına müsahibəsində deyib ki, Rusiya ilə münasibətlərdə mövcud olan problemləri gizlətmək mümkün deyil.
Nazir, həmçinin söyləyib ki, İrəvan indi Brüssel və Vaşinqtonla iqtisadi və siyasi əlaqələri dərinləşdirməkdədir:
“Mən bunu dönüş nöqtəsi adlandırmazdım, biz öz təhlükəsizliyimizi təmin etməyə çalışırıq və bunun üçün Qərbdə yaxşı tərəfdaşların olduğunu görürük”.
Öncə onu deyək ki, İrəvan-Moskva xəttindəki ziddiyyətləri gizlətmək, doğrudan da, artıq mümkün deyil. Çünki Ermənistandakı mövcud Nikol Paşinyan hakimiyyəti bütün imkanları ilə Rusiyaya meydan oxumağa çalışır. Ehtimal etmək olar ki, bu, Qərbin diktəsi ilə baş tutur. Çünki İrəvanın ABŞ və Avropa İttifaqı (Aİ) ilə yaxınlaşması Moskva ilə uzaqlaşmasına paralel olaraq baş verir.
Ümumiyyətlə, xatırlatmaq yerinə düşər ki, Paşinyan 2018-ci ildə hakimiyyətə gələndən bəri Ermənistan Rusiyadan uzaqlaşmağa çalışır. Hazırda isə bu tendensiya özünün pik nöqtəsinə çatıb. Qərb özünün adamı hesab etdiyi baş nazir vasitəsilə Rusiyanın Cənubi Qafqazdakı mövqelərini zəiflətmək və özünün regiondakı “rıçaqlarını” gücləndirməyə çalışır.
N.Paşinyanın və digər Ermənistan rəsmilərinin son vaxtlar Rusiya əleyhinə səsləndirdiyi bəyanatlar onu deməyə əsas verir ki, İrəvan yaxın gələcəkdə Moskva ilə münasibətləri normallaşdırmaq barədə düşünmür.
Ermənistan XİN rəhbərinin açıqlamasında diqqət çəkən başqa bir məqam İrəvanın Brüssel və Vaşinqtonla əlaqələri inkişaf etdirmək barədədir. O, bunu xüsusilə Ermənistanın təhlükəsizliyi ilə əlaqələndirib.
A.Mirzoyanın dediklərindən belə çıxır ki, Ermənistan Qərbin onun təhlükəsizliyini təmin edəcəyinə əmindir. Görünür, ABŞ və Aİ Ermənistanı inandırıb ki, sona kimi onun yanında olacaq. İkincisi, nazirin dediklərindən belə məlum olur ki, Ermənistan açıq şəkildə Rusiyanın təhlükəsizlik təminatından narazıdır. Halbuki uzun illər məhz Moskva İrəvan üçün “çətir” rolunu oynayıb.
Ehtimal etmək olar ki, Qərb hazırda Ermənistan vasitəsilə Rusiyanı qıcıqlandırmağa çalışır. İrəvanın hazırkı davranışları isə məntiqsizdir. Çünki “odla oynayır”.
Əslində Qərb dövlətlərinin Şərqi Avropadakı, Yaxın Şərqdəki və digər regionlardakı hərəkətlərinə baxsaq, belə qənaətə gələ bilərik ki, Qərb Ermənistan üçün heç də ciddi təhlükəsizlik “yastığı” deyil. Qərb indi Ukraynanın arxasından çəkildiyi kimi, gələcəkdə də Ermənistanı tək qoya bilər. Bu, reallıqdır. Və Ermənistan hakimiyyəti bu reallıqları nəzərə almalıdır.
Çox güman ki, Ermənistan və Rusiya arasında çatlar getdikcə dərinləşəcək. Tərəflər artıq “açıq oynayırlar”.
Kremlin hələ ki, davam edən təmkini, çox güman, sonsuzadək davam etməyəcək. Rusiya bu və ya digər yolla Ermənistanı cəzalandırmağa çalışa bilər. Bu isə son nəticədə rəsmi İrəvanın uduzması ilə nəticələnəcək.
Beləliklə, Cənubi Qafqazda Rusiya və Qərb arasında ciddi rəqabət gedir. Hər iki tərəf də regiondakı maraqlarının təmin olunması üçün Ermənistandan istifadə edir, bu dövlətə təzyiq göstərir. İrəvanın bundan sonra Kremlə meyillənməsi və münasibətləri bərpa etməsi isə inandırıcı görünmür. Əgər belə olarsa, Qərb Nikol Paşinyan hakimiyyətini bağışlamaz. Ermənistanın ABŞ və Aİ-yə bənd olub, Rusiyadan tamamilə uzaqlaşması, bu dövləti görməzdən gəlməsi isə son nəticədə Moskvanın N.Paşinyan hökumətinin “qələməni qırması” ilə nəticələnə bilər.
“Report" İnformasiya Agentliyi