hemle

Almas İldırımın nisgil üsyanı: ”Sənsiz neylim qürbət eldə günü mən?”

Tarix:25-03-2024, 07:11
Baxış Sayı:225

Almas İldırımın nisgil üsyanı: ”Sənsiz neylim qürbət eldə günü mən?”

Könlümə tək Kəbə yapdım səni mən,
Sənsiz neylim qürbət eldə günü mən?
Sənsiz neylim Allahı mən, dini mən,
Azərbaycan, mənm taxtım, tacım, oy.
Oyanmazmı kor olası baxtım oy!

Görəsən, həyatı acı təsadüflərlə, qəribəliklərlə dolu olan nə qədər vətən həsrətli, yurd-yuva nisgilli insan keçdi bu dünyadan...? Bunu düşündüyüm an qarabağlıların, Qərbi Azərbaycanlıların yurd acısını çox-çox əvvəl yaşamış bir həmyerlimiz-həmdərdlimiz gəlir ağlıma... Azərbaycan mühacirət poeziyasının ən qüdrətli nümayəndələrindən biri Almas İldırım...

Qəribədir, doğma şəhərindən əbədi ayrılacağını bilmədən köksündən qopan "Əlvida Bakı” nı hayqırıb o...

Əlvida, еy müşfiq ana, əlvida…
Bu anda qəlbimdə nə dərin qəm var,
İçimdə bir sızı, gözümdə nəm var,
Əlvida, еy müşfiq ana, əlvida…

Səndə keçib getdi iyirmi dörd yaşım,
Bir zaman bəladan çıxmadı başım,
Sən oldun həmdəmim, dərdli yoldaşım,
Laylalar söylədin mənə, əlvida!

Bəlkə də astadan deyib o yanğılı misraları, amma hər kəlmədə o üsyan, o barışmazlıq, o ümidsizlik özlüyündə elə bir hayqırtıdı. Bilmirəm bəlkə mənə elə gəlir? Axı biz qarabağlılar da yurdumuzdan əbədi ayrılacağımızın fərqində deyildik, amma göz dolusu baxırdıq, evimizə, məhləmizə, boynubükük qalmış ağaclarımıza... Oradan uzaqlaşdıqca, evlər balacalaşırdı, damlar görünməz olurdi, izaqdan, lap uzaqdan ancaq bir qaraltı kimi görünürdü. Bəlkə də, həmin gün biz də bir şeylər pıcıldamışıq...
Almas İldırımın ildırımlı həyat yolu, dərd dolu...

Bakının Qala kəndi ...1907-ci il, 25 mart... Yağışlı, yağmurlu, ildırımlı bir gün...Dünyaya Almas adlı bir oğlan gəlir. O ildırımların çaxnaşmasında ildırımlar, çaxnaşmalar dolu olan bir ömür başlayır. Almas İldırım ömrü...
Haşiyə: Türk tədqiqatçı, Almasın müəllim həmkarıRamiz Arda qeyd edir ki, Almas doğularkən Bakıda güclü yağışyağırmış, ildırım çaxırmış. İldırım adı da məhz doğulduğu günün xatirəsidir.
Varlı ailənin uşağı olur Almas... Amma indikilər kimi ərköyün, özbaşına olmur. Elmə-biliyə marağı ilə tay-tuşları arasında secilir. O vaxt Çəmbərəkənddə fars təmayüllü yeddiillik "İttihad məktəbi” vardı. Güman ki, ailəsi onun təhsil alması üçün Qala kəndindən bura köçür. Hələ məktəbdə oxuyarkən şeirlər yazır, farscanı mükəmməl öyrənir. Sonra Pedaqoji Məktəbi bitirir. Məktəbdə rus dilini də dərindən öyrənir, Qafur Əfəndiyev, Qantəmir, Seyid Hüseyn Tağızadə, Abdulla Şaiq kimi məşhur şair və yazıçılardan dərs alır. 1927-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olur... Amma bir neçə ay sonra zəngin ailənin övladı olduğu üçün universitetdən uzaqlaşdırılır. Üstəgəl həmin ilin əvvəlində İstanbulda "Həyat” jurnalında çap olunan şeiri də uzaqlaşdırılmanın əsas səbəblərdən biri olur.

Dünyanın gərdişini anladıqca, yadellilərin, qaradonlu kafirlərin xalqına qarşı münasibətini gördükcə, susa bilmir. Millətin dərdini hər sətrində qabardır, deyir. Gizli-aşkar eyhamlarla xalqı üsyana çağırır:

Qırılacaq kirli, dəmir qəfəslər,
Daha gəlməyəcək о yanıq səslər,
Qaranlıqlardakı inləyən kəslər
Yaşlı gözlərini siləcək yarın.

Şeirlərindəki millətçilik ruhu 1928-də onu Dağıstanasürgünə məhkum edir. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazır.1930-cu ildə Bakıya qayıdıb "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirir. Lakin kitab senzuradan keçmir. Azərbaycan Yazıçılar Birliyindən qovulandan sonra daha bir sürgünün əsası qoyulur. Bu dəfə Türkmənistanasürgün edilir.

Еy lacivərd göylərin əbədi yоlçuları,
Mirvarid zəncir kimi üfüqlər aşarsınız.
Sizdəmi mənim kimi dоğma, əziz vətəndən
Qоvuldunuz, оnunçun cənuba qоşarsınız?

Orada bir müddət məktəb direktoru vəzifəsində çalışır...Yənə də ”əmma”lar...
Haşiyə:Azərbaycandan Aşqabada göndərilən bir QPU agenti (Əkbər Ruhi) öz müşahidələri əsasında belə nəticəyə gəlmişdi ki, "A.İldırım ideolojimiz üçün zərərli bir insandır...".
Bundan sonra Almas İldırım başa düşür ki, Türkmənistanda qalmaq Sibirə gedən yolu yaxınlaşdırır. Beləcə, məktəb direktoru vəzifəsindən də uzaqlaşır.

Şair yaşadığı keşməkeşli həyata yenicə yoldaş olmuş Zivər xanımı, üç aylıq Azəri götürübqaçaqçı bir dəvə karvanına qoşulub İrana doğru istiqamət alır. Burada da bəxti üzünə gülmür. Onu İranda bolşevik casusu hesab edərək 25 günlük həbs edirlər. İstədikləri məlumatı qoparmaq üçün İşgəncə verirlər, sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyur - sağalmaz böyrək xəstəliyinə tutulur. Şübhələr dağılır, o azad edilibMəşhədşəhərinə göndərilir. Çox yoxsul, acınacaqlı həyat sürən burada ürəyincə iş tapa bilməyən həmyerlimiz cıxış yolunu başqa bir ölkəyə getməkdə görür:
Səndən ayrılalı tutuldum yasa,

Bu xəstə könlümdə nalələr qaldı.
Gözlərim yaşardı buludlar kimi,
Sarışın çöhrəmdə jalələr qaldı.

Haşiyə: Araşdırmacı yazar Əziz Mustafa yazır:”1934-cü ildə böyük əziyyətlərdən sonra Türkiyəyə gələ bilir. Onlar bir müddət Vanda qalırlar. Sonra isə ailə onlara ürəyi yananların tövsiyəsi ilə Elazığda məskunlaşmağı qərara alır. İnsafən deyək ki, Elazığ valisi onları səmimi qarşılayır. Valinin yardımı ilə Almas İldırım Palunun Qaraca bölgəsində əvvəl müəllim kimi fəaliyyətə başlayır, sonra nahiyə müdiri vəzifəsinə təyin edilir. O burada onlarla, yüzlərlə gəncə yalnız dərs demədi, həm də vətən sevgisi aşıladı onlara, nahiyədə yeni məkətblərin açılması təşəbbüsü ilə çıxış etdi. Və vaxtaşırı bu məsələni valilikdə gündəmə gətirərək istədiyinə nail oldu. Həmin dövrdə onun vətən həsrəti ilə yazdığı şeirlər Türkiyədə dildən-dilə dolaşırdı. Bu da ona yeni br şöhrət gətirmişdi.

Almas İldırımın oğlu Azərin söylədikləri: Elazığda bir göl vardı və atam bu gölün ətrafına gedərək dərdli-dərdli Xəzəri xatırlayırdı. Sonra günlərin birində atam Atatürkə məktub yazır ki, gölə Xəzər adını versinlər. Atatürk onun bu xahişinə müsbət yanaşır və o gündən göl Xəzər adlanır”.

Həsrət qalıb dоğma yurdun nazlı, müşfiq qucağına,
Gözlər yaşlı, bоyun bükük vətənsizmi öləcəyəm?
Göz dikərək yad еllərin şəfa vеrməz оcağına,
Böylə qərib bir parçacıq, kəfənsizmi öləcəyəm?

Dərdləri, üsyanları, istəkıləri, amalları üçün cəmi 45 il yaşaya bildi, vətəndən uzaq gücü ancaq 45 ilə yetdi...1952-ci il 14 yanvar.. Qəriblikdə Azər, Araz, Orxan və Bakıxan adlı dörd oğlunu və birdə balaları qədər sevdiyi şeirləri narahat dünyaya əmanət verib üz tutdu ruhunun pərvazlandığı diyara... Həmin gün Malatyanın Qala qəsəbəsindən Bakının Qala qəsəbəsinə bir ruh ucurdu...

Aradan illər ötüb. Dərdlər elə həmin dərddi! Vətən nisgilli, sevilən şair Almas İldırımın "Qara dastan”ı isə uzun illərdi həm müəllifini, həm də müəllifin gəzdirdiyi dərdləri ağlayır:

Kimsə bilməz Tanrıdağın yaşını,
Duman almış Altayların başını,
Uçurmuşdur başdan dovlət quşunu,
Sərvətinə üz çevirmiş zaman hey…
Qoca türkün düşdüyü hal yaman hey…
Dörd bir yana dağılmış türk soyları,
Sönmüş ocaq, köçüb getmiş boyları,
Dərdli-dərdli axar bozqır çayları,
Saxlar içdən gizli ümid, güman hey…
Qoca türkün düşdüyü hal yaman hey…
Ağ alnına qara yazı yazılmış,
Yaylalarda düyün-dərnək pozulmuş,
Gəlinlərin gur saçları çözülmüş,
Yada qalmış, dilər eldən aman hey…
Qoca türkün düşdüyü hal yaman hey…
Dağdan-dağa çarpıb getmiş doğanlar,
Qayalarda izi qalmış al qanlar,
Ordulara buyruq verməz İlhanlar,
Harda qalmış "set”lər yıxan fərman hey…
Qoca türkün düşdüyü hal yaman hey…
Xarab olmuş Buxarası, Başkəndi,
Matəm tutmuş Səmərqəndi, Daşkəndi,
Kəndi söylər, tökər gözdən yaş kəndi,
Nə ozan var, nə yazan, nə şaman hey…
Qoca türkün düşdüyü hal yaman hey…
Qazan, Başqırd batmış, Krım sürülmüş,
Mənim çəkik gözlü yarım sürülmüş,
Qohum-qonşum, bütün varım sürülmüş,
Bulunurmu Sibiryada iman hey?
Qoca türkün düşdüyü hal yaman hey…
Türk elləri bir-birinə yadlanır,
Qazax, qırğız, türkmən, özbək adlanır,
Azəri türk yanar, içdən odlanır,
Ana yurdun içdən halı duman hey,
Qoca türkün düşdüyü dərd yaman hey…
Keçən çağlar, yatmış ellər ayılmaz,
Tarım çayı doğru yola qoyulmaz,
Hey… səslənir Amudərya duyulmaz,
Sırdəryada qalmamışdır dərman hey…
Qoca türkün düşdüyü dərd yaman hey…
Xəzər coşar, xəbər salar Kürünə,
Axıb gedər Kür sürünə-sürünə,
İdil ağlar Altın Ordu yerinə,
Aral da öz varlığından peşman hey…
Qoca türkün düşdüyü dərd yaman hey…
Azərbaycan dərd içində boğulmuş,
Sevənləri diyar-diyar qovulmuş,
Ağla şair, ağla, yurdun dağılmış,
Nerdə qopuz, nerdə qırıq kaman hey?
Nerdə böyük Vətən, nerdə Turan hey…


Əntiqə Rəşid

Digər xəbərlər
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...