hemle

QAZİNİN HƏYƏTİNDƏN NEFT ÇIXIR, ÖZÜ İSƏ MÜALİCƏYƏ PUL TAPMIR...

Tarix:13-03-2024, 18:44
Baxış Sayı:122

QAZİNİN HƏYƏTİNDƏN NEFT ÇIXIR, ÖZÜ İSƏ MÜALİCƏYƏ PUL TAPMIR...

Ata-bala iki Qarabağ veteranının yaşadığı evin yağış sularının, həyətlərinin isə neft axıntısının altında qalması olduqca dözülməzdir...

Dövlət səviyyəsində şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğı danılmazdır... Haqlı olaraq çoxsaylı güzəştlərə malikdirlər. Bundan əlavə, onlara ev, torpaq sahəsi, növbə ilə maşın da verilir. Amma şəhidlər və qazilər qədər ölümün gözünə dik baxan, döyüş tapşırığını axıra qədər yerinə yetirən, eyni zamanda şəhidi və qazini döyüş meydanından çıxaran veterana isə 80 manat təqaüddən başqa heç bir güzəşt tanınmır. Dəfələrlə Milli Məclisdə, ayrı-ayrı ekspertlər, siyasi liderlər, saytlar, qəzetlər veterana verilən 80 manat təqaüdün artırılmasının vacib olduğunu bildirirlər, lakin hələki heç bir tədbir görülmür. Əgər 10 şəhid ailəsinə, 10 qaziyə ev, maşın, torpaq verilirsə, heç olmasa, bir veterana da bu haqq tanınsaş yaxşı olar. Belə bir güzəştlər olmadığı üçün istər birinci, istərsə də ikinci Qarabağ müharibəsi veteranlarının problemləri azalmır. Nəticədə üz tuturlar saytlara, qəzetlərə, vəteleviziya kanallarına.

***

Belə problemi olan veteranlardan biri də Bayramov Elnur Novruz oğludur. Sabunçu rayonu, Stansiya yanı, döngə 2, ev 10-da yaşayan Elnur ikinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərənlərdəndir. Maraqlıdır ki, Elnurun atası Novruz Bayramov da birinci Qarabağ döyüşlərinin könüllü iştirakçısıdır və hazırda Qarabağ veteranıdır. E.Bayramov özü isə “n” saylı Artilleriya briqadasında 9 ay xidmət edərkən, 2020-ci il sentyabrın 27-də müharibə başlamış və təbii ki, o, briqada ilə bir yerdə döyüşlərə qatılmışdır. Elnur Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərdə döyüşmüş və yaralanmışdır.

Ali Baş Komandan Prezident cənab İlham Əliyevin sərəncamı ilə E.Bayramov adların çəkdiyimiz rayonların azad olunmasına görə 5 medalla təltif edilib. Döyüş zamanı başından aldığı kontuziya isə hələ də onu narahat edir. Nə onu ciddi müalicə etməyə imkanı var, nə də əlil kimi hüququ tanınır. Əlac qalıb xeyirxah adamların ümidinə. Onun problemi bununla bitsə, dərd yarıdır. Redaksiyamızda olarkən, E.Bayramov mənə yaşadığı evin vəziyyətinin necə bərbad olduğunun foto və videosunu təqdim etdi. Olduqca ağır şəraiti olan evi yağış suları da bir tərəfdən pis günə qoyub. Yağış yağan zaman Elnurgilin evinə yaxın düşmək mümkün deyil. Həm küçələri su ilə dolur, həm də evin köhnə, uçuq damından yağan yağış otaqların içində olur. Bundan əlavə, Elnurgilin həyətindən neft də fontan vurur. Həyətə boş-boşuna axan neft böyük bir ərazini çirkləndirir və anti -sanitariya şəraiti yaradır, yolları da keçilməz edir. Dəfələrlə aidiyyəti ünvanlara müraciət ediblər, lakin heç bir tədbir görülmür. Əksinə, deyirlər ki, öz vəsaitiniz hesabına neft çıxan yerin ağzını bloklayın. Maraqlıdır ki, dünyada neftə böyük tələbat olduğu halda, adı çəkilən ünvanda neft niyə küçəyə axır? Bu isə heç kimi narahat etmir. Görəsən, strateji əhəmiyyətli məhsulun küçəyə axıdılması kim(lər)in marağındadır? İnanırıq ki, bu problemlə təcili surətdə aidiyyəti qurum rəhbərləri ciddi şəkildə maraqlanacaqlar və problemin aradan qaldırılmasını təmin edəcəklər.

İki Qarabağ veteranının yaşadıqları evin və həyətlərinin belə açınacaqlı vəziyyəti olduqca dözülməzdir. Yəni, doğrudanmı, bir ailədən ata və bala bu vətən üçün ölümə getsinlər, taleyin qismətindən sağ-salamat qayıtsınlar, amma kimsə onların problemlərinə çarə etməsin? Məgər “vətənpərvərəm” deyib, yaxalarını cıran iş adamları, pullu məmurlar azdırmı? Niyə axı iki veteranın yaşadığı ev o vəziyyətdə olmalıdır? Bütün bunlar azmış kimi, bu ailə çörəklə də sınağa çəkilir. Ailənin maddi durumu olduqca ağır vəziyyətdədir. Beş medallı qəhrəman Elnur Bayramov iş üçün hara müraciət edirsə, “iş yoxdur” cavabını alır. Heç olmasa, Elnur işləsəydi, ailənin dolanışığına müəyyən qədər kömək olardı. Yəqin bu yazıdan sonra Elnuru işlə təmin edə biləcək bir vətənpərvər insan tapılacaq. Ümidimizi üzmürük...

Əlbəttə, əgər dövlət tərəfindən, yuxarıda qeyd etdiyim kimi, şəhid ailələrinə və qazilərə olan güzəştlərdən eyni döyüş tapşırığını yerinə yetirən, lakin taleyin qismətindən sağ qalan veteranlar üçün az da olsa, nəzərdə tutulsaydı, bu insanlar bu qədər problemlər yaşamazdılar.

İnanıram ki, ata-bala olan iki Qarabağ veteranının evinin, həmçinin həyətinin bu acınacaqlı durumu və Elnurun işsizliyi kiminsə ürəyinə insaf salacaq və evin təmirini, həmçinin Elnurun iş probleminin həllini öz üzərinə götürəcək.

Mövzunu diqqətdə saxlayacağıq...

Elçin Məmmədli


Digər xəbərlər
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...