2000- cı illərin əvvəllərində May günlərinin bir axşamı Sərvaz mənə zəng eləyib deyəndə ki, Anar, Sabir Rüstəmxanlı, sən və mən bu axşam birlikdə şam edəcəyik, o saat yadıma 70-ci illərin sonlarında İmişli rayonunun, uzaq Əliqulular kəndndə isti yay günlərində söyüd ağacının altında ayaqlarımızı arxa sallayıb şirin söhbət etdiyimiz vaxtlar düşdü. Söhbət də əsasən Anarın “Otel otağı” və Sabir Rüstəmxanlının “Qan yaddaşı” kitabları haqqında idi.
Görüşdən üç saat əvvəl “Sahil” metrosunun qarşısında Sərvazla görüşdük, xoş bir hissin təsiri ilə yenə o arxı, o arxın üstündənki söhbəti xatırladıq və şam yeməyində o arxın qırağında danışdıqlarımızı Anarla Sabir müəllimə də söylədik.
Bu o zaman idi ki, Sərvaz Anar (“Pəncərədən daş gəlir”) və Sabir Rüstəmxanlı (“Ruhla zaman arasında”) haqqında maraqlı iki kitab yazmışdı. Arxın kənarında düşündüklərini həmin kitaba əlavə edib hər iki sənətkarın yaradıcılığına öz baxış bucağından güzgü tuturdu.
Həmin iki kitabda da, İmamverdi Əbilov (“İmamverdi Əbilov tənhalığı”) və klassik irsimizdən yazdığı səkkiz ( “Keçəçi oğlu Məhəmməd”, “Segah İslam”, “Şəkili Ələsəgər”, “Ülvi Rəcəb”, “Mövsüm Sənani”, “Sidqi Ruhulla” və s.) topluda da, Elçinlə bağlı ədəbi –tənqidi, publisistik yazılarında da, şeirlərində də Sərvaz heç vaxt o söyüdlü arxı unutmurdu, nədən yazırsa -yazsın, harda olursa- olsun həmin o söyüdlü arxın düşüncələri onun yaradıcılığına hopurdu. Özü də maraqlı və oxunaqlı bir şəkildə.
Sərvazla eyni kənddənik, evlərimiz qonşu, atalarımız dost, analarımız bacılıq olublar. Sərvaz məndən bir il sonra məktəbə gedib, bir il məndən sonra instituta daxil olub, bir il məndən sonra evlənib, bir il məndən sonra ilk kitabı çıxıb, bir il məndən sonra İmişliyə, bir il sonra da Bakıya köçüb və göründüyü kimi, bir il məndən sonra ad günləri olur. Yəqin ki, nə vaxtasa (Allah uzun ömür versin) bir il məndən sonra mobil telefonuna zəng çatmayacaq.
Aramızda elə sirlər var ki, bir mən bilirəm, bir Sərvaz, bir də ki, heç vaxt unutmadığmız o Söyüdlü arx. Bu yaxınlarda aramızda yüngül bir inciklik olmuşdu, Sərvaza heç nə demədim, sadəcə 70-ci- illərin sonlarında və 80-ci illərin əvvəllərində ayaqlarımızı söyüdlü arxa sallayıb gələcək arzularımızdan danışdıqlarımız xatırlatdım. Və dəqiq bilirdim ki, bunu xatırlatmaq Sərvaz üçün çox ağır idi.
80- ci illərdə Gəncədə Qərib Mehdi, Saleh Qurbanov, İmişlidə Sayyad Aran yeni ədəbiyyatla nəfəs almağımıza, mütaliməzə, əsərlərimizin çapına kömək eləyirdi. İmişli ədəbi mühütün yetirmələri Murad Qoçuoğlu, Səxavət Talıblı, Dayandur Sevgin, Valeh Bahaduroğlu ilə ədəbi mübahisələrimiz, görüşlərimiz şeirdə bədii imkanlarımızı daha da artırırdı (Bəzən adam öz həqiqətini başqasına deyə biləndə özünə daha çox inanır).
Sərvaz yeganə şair dostumdur ki, onun adı on beşə qədər şeirimin içindən qırmızı xətt kimi keçir. Yəni, hesabla götürəndə Sərvaza 15 şeir həsr eləmişəm. Bu, həm Sərvaza bağlılığımdan irəli gəlirdi, həm də Sərvaz bütün işlərimin içində, yaxşısında da, pisində də, var olub və bu gün də var.
Çünki bütün düşüncələrimi Sərvaz aydınladırdı və zarafatla onu tələbə vaxtı, başıma gələn “sevgi hadisələrini” və başqa məsələləri dəqiq təhlil etmək üçün “ekspert şurası”nın sədri təyin eləmişdim. Burda bir həqiqət də vardı. Ədəbiyyat və başqa məsələlərdə Sərvaz mənim sağ cinahımda oynayan və daim “pas” ötürdüyüm və həm də həmin “pas”ı vaxtında mənə qaytaran və həm də çox dəyərləndirdiyim bir oyunçum idi və indi də elədir. İstər şeir olsun, istər digər məsələlər Sərvazla fikir mübadiləsindən keçəndən sonra həmin şey həqiqətə çevrilirdi.
Bu günki ədəbi prosesdə hər hansı bir əsəri və ya bütövlükdə bir şairi dərindən təhlil etməkdə yeganə tərəfdaşım Sərvazdı. Çünki biz uşaqlıqdan o qədər qaynayıb qarışmışıq ki, mən “k” deyəndə Sərvaz blir ki, mən nəyi deyirəm. Sərvaz ən çox inandığım və sevdiyim böyük şair və təhililçidir. Hər hansı qaranlıq bir məsələdə, deyək ki, ədəbi - tənqid, ədəbiyyatşünaslıq, ədəbiyyat tarixi, şeir, roman və povestlə bağlı təhlildə Sərvazın fikri məni yönləndirir və görünür ki, mən də həmişə onun üçün belə olmuşam və bu gün də eləyəm. Bütün təhlillərimizdə, şeir və poemalarımızda kənddə qoyub gəldiymiz o söyüdlürü arxın aurası həmişə bizə doğru olanı göstərir və etibarlı kompas kimi daim yaddaşımızdadır.
Sərvazın adı mənim şeirlərimdən özüm istəmədən keçirdi, çünki Sərvaz həmin şeirin yaranmasının bilavasitə iştirakçıı idi. Şair dostum Vaqif Bəhmənli “Ömür kitabıma düzəliş” kitabımın təqdimatında qeyd edirdi ki, sən şeirlərində elə dopdolu, elə şirin bir xitabla “Sərvaz” deyirsən ki... Bax, həmin o intonasiyanın özü şeirə xüsusi bir gözəllik gətirir. “Tələbəlik illərində” şerimdə əsas obraz Sərvazdır. Mən yalan danışa bilməzdim, şeirdə doğurdan da, təbii şəkildə Sərvaz vardı və bu sujetli şeirdə əvvəldən - axıra kimi o, iştirak edir. Özü də lirik qəhrəmana bir növ rəqib kimi görsənir.
İstədiyim deyəm, evimiz ikimərtəbəlidir,
Ancaq kəndçim Sərvaz xəbərçidir.
Sərvaz əvvəldən- axıra kimi şeirdə mənimlə yanaşıdır, “öz postu”nda aşiqi – sadiq kimi dayanıb. Və mən ona zülm eləyirəm. Sevdiyimin rəfiqlərindən birini sevməyə qoymuram. Universitetin ən məşhuru mənəm. Amma sonra mən də uduzuram. Şeirin ən ağlamalı və həm də ən gülməli yeri yenə Sərvazdır.
Mən rəngli şəklini ağlaya- ağlaya aparıb qaytardım,
Elə bilirdim, almayacaq, barışacaq.
Məndən də qəşəng, kök bığılı,
Norka papaqlı, zırpı bir oğlan
Gözləyirdi onu.
Mənim incə, nərmənazik ağ kəpənəyimi
Ağladım,
Məndən də çox ağladı Sərvaz.
Bax, bu şeirdə Sərvazın ağlamağı hələ indi də məni yandırır. Bu o deməkdir ki, o, dostuna sadiqdir, dostu ağlayanda ona qoşulur, güləndə onunlə gülür. Əslində o, sevinməliydi.
Və yaxud
Dərman içdim,
Sərvaz udqundu.
Bu iki misra qədər Sərvazın həssaslığını heç nə ifadə edə bilməz. Hətta dostunu canınında o qədər yaxından hiss edir ki, dərmanı udmaq üçün onu yamsılamaqla kömək eləyir. Yenə şeirlərimin birində deyirəm: “Sərvaz, əlmdə təzə şeirlərin əli, girdim isti uyul ayına” və yaxud “Sentyabr ayı doludur sənlə”.
Sərvazın uşaq şeirlərindən tutmuş, poemaları, hekayələri, ədəbi-tənqidi, içtimai- siyası, publisistik yazılarına qədər, hamısının mərkəzində cilanlamış istedad, gərgin zəhmət, orjinal üslub, gözəl əxlaq və bir də kənddə qoyub gəldiyimiz söyüdlü arxın çeşidli xatirələri dayanır.
Səndən soraq verib, xəbər gətirən,
Min məna gəzirəm hər sarı simdə.
Biləydim, biləydim kimdə itirib,
Kimdə arayırsan sən məni, kimdə?
Sərvaz şeirlərində yaxışlığın, mənəvi sərvətin, ən başlıcası insanın (insanlığın) nəsildən – nəsilə, ruhdan-ruha ötürülməsi və inkişaf etməsi fəlsəfəsinə söykənərək özünü axtarır. Şair inanmır ki, otuzuncu illərdə başlayan və xeyli illər davam edən Mikayıl Rəfili düyğuları, Əli Bəy Hüseynzadə idrakı doğulduğu, yaşadığı illərdə qala bilər, o da bu gün hardasa doğulur, yaşıyır və gələcəkdə də doğulacaq. Ədəbi genetika, mətnlərarası əlaqədə üzə çıxır, inkişaf edir, sonradan kimdəsə doğulur, kimdəsə itir, kimdəsə başlayır. Ona görə şair deyir ki, biləydim, sən məni kimdə itirib, kimdə arayırsan? Bütün yaradılmaşların gələcəkdə özünü axtarmaq instikası var. Şair hesab edir ki, 30- cu illərdə də doğulan 3000-ci illərdə bir də doğulacaq. Amma öz dövrün vəzni ilə, yeni bir biçimdə. Yarandığı dövrü əhatə edən mətndə kimsə kiminsə başlanğıcı, kiminsə davamı, kiminsə sonudur. Əslində ədəbi mətndə son yoxdur, doğuluş və başlanğıc var. Sərvazın mətni də kiminsə davamı və kiminsə başlanğıcıdır.
Bilim ki, ürəyin mənlə döyünür,
Bilim zülmün altda, amandayam mən.
Nə yerim yerdədi, nə göyüm göydə,
Yenə də sən adlı zamandayam mən.
Şair fikri, şair mətni yerlə, ya da göylə ölülmür. Bu enerji təbəqəsi, daha doğrusu, enerji axını planetlər ya da daha böyük mənada qalaktikalar arası bir sistemin ifadəsidir. Əslində burada zaman və məkan yoxdur. Vaxt dayanıb. Günəş də sönüb. Şüur da yoxdur. Eqo yoxa çıxıb. Düşüncə də olmur burada. Burda yalnız həqiqət var. Bəzəksüz, düzəksiz. Sən varsan. Mən sənin zərrənəm. Səndəyəm, sən olmuşam. Vəssalam. Daha bunun ayrı bir adı yoxdur.
Sərvaz detallar üzərində fikrini usalıqla sərgiləyir. Daha burda gen- bola asan epitetlər, metaforalar, yersiz mənalandırmalar yoxdur. Sərvazın düşüncəsi bu ərazini çoxdan keçib. Çünkü bədii təsvir vasitələri ilə şeir düzəltmək erasını ədəbiyyat çoxdan arxada qoyub.
Üstə gül qoxulu ayə yazılan
Ağappaq, bəmbəyaz vərəq kimiyik.
Yəqin ki, Sərvazın gözəl səsi, avazı olduğundan az adamın xəbəri var. Onun muğam səhrası kimi açılan səsinin üzərinə “Məmməd Araz dastanı” və tanınmış yazar Azər Turana həsr etdiyi irihəcimli “Ruhumla öpürəm düyğularını” və başqa samballı heca şeirləri yazıla bilər. Çünki bütün şairlər ən yaxşı şeirlərini səslərinin üstünə yazırlar. Sərvazın bambəyaz vərəqi - səsi muğamın qanadlandığı səhradır.
Səhv etmirəmsə, Sərvaz aşağıdakı şeiri qızı Səmaləyə yazıb. Bu, ilkin görünüşüdür. Ata istəyinin obrazlı ifadəsidir. Amma dərindən götüəndə və həm də Sərvazın şeirləri xeyli yozum imkanı verdiyindən, mən deyərdim ki, bu həm də vətəndir.
Hardan soyuq sazaq əssə üstünə,
O tərəfdən divarına hör məni.
Vətəni bu cür də qorumaq olurmuş. Qarabağda vətən sərhədinin düşən bir kərpicinin yerində (Ya da şəhid olmuş əsgərinin) şair özü dayanmaq istəyir. Əslində məntiqin, mətnin tələb etdiyi budur. Harda vətən sərhədlərində bir kərpic yeri laxlayıbsa, bütün vətənsevərlər orada daş kimi dayanmaq istərlər ki, təki vətənə soyuq dəyməsin. Bu da daxili- alt qat. Əsas məsələdə elə bu.
Olmayıb sevgidə vəfasızlığım,
Allahım, sən mənə dözüm yazarsan.
Mənim könlümcədi mənim yazdığım,
Məndən yaxşısını özün yazarsan
Bu da Sərvazın çox dəqiq bir hesabatı. Nəsillərinarası debata orjinal cavabı. Mən bura qədər olanı yazdım. Bundan sonrasını (bacarsan ən yaxşısını) sən yaz. Sərvazın ədəbi mətni Bəxtiyar Vahabzadə, Sabir Rstəmxanlı, Məmməd İsmayıl, Məmməd Aslan, Musa Yaqub və bu silsilədən olan şairlərin kökləndiyi zamandan boy atıb və istedad, zəhmət, mütaliə və peşakarlıq nəticəsində özünə ədəbiyyat ünvanı yarada bilib.
Vaqonlar elə bil relslərin üstə,
Təsbeh dənəsitək sıralanıbdı.
Və yaxud
Səndən bir nişanə aparan qızın,
Şəklini gözümdə bir az əylədim.
Sərvaz 80- ci ildən bugünə kimi böyük bir ədəbi mərhələni heç kəsə güvənmədən keçib. Nə olubsa, harda təntiyibsə, folklora, Söyüdlü arxın düşüncələrinə söykənib. Şəkli gözündə əyləmək olduqca gözəl ifadədir. “Əyləmək” folklordur. Şair bu sözlə orjinal bir lövhə yaradıb;yoxsa sənin şəklini əyləməsəydim, tez qocalacaqdın. Tanınmış şair Cingiz Əlioğlu gənclik illərində yazdığı bir şeirdə deyirdi: “Qatarlar vağzalın boyununda şərf kimi açılıb gedir”. Gözəldir. Sərvaz da deyir ki, Vaqonlar elə bil relslerin üstə tesbeh dənələritək səpələnibdir. Bu da gözəldir. Bu cür orjinal obrazlar 80 illərin ədəbi xasiyyəti idi. Amma Sərvaz o illərin ağır xasiyyətini sonrakı şeirlərində dünyəviləşdirməyi bacardı. Aşağıdakı mətnə baxaq.
Ağıl dəryasında batan dünyamı
Xilas eləməyə dəli gərəkdi...
Bax bu “dəli” müasir dünya şeiridir. O zaman ki, şeir ağıla tabe olur, o, artıq şeir olmur Bəxtiyar Bahabzadə demişkən: “meyirdi”. “Dəli” sözü əslində təxəyyülü, xəyalı ifadə eləyir. Sərvazın da son anda gəldiyi nəticə odur ki, poeziyanın əbədi, əzəli vətəni düyğular və hisslərdir. Hisslər heç zamanı adamı aldadtmır.
Bu il 60 yaşı tamam olan qədim dostum Sərvaz təkçə klassikadan yox, həm də yaşıdlarından – müasirlərindən bəhrlənir. Gəncədə ustad Qərib Mehdinin rəhbərlik etdiyi “İlham”və Bakıda Məmməd İsmayılın Respubilka Ədəbi Birliyində aparılan müzakirələrdə həmişə fəal iştirak edib. ədəbi mübahisələr Sərvazı orjinal ədəbiyyat yoluna istiqmətləndirib. İndi “Söyüdlü arx”dan başlayan düşüncələr onun yeni şeirlərində bu gün Avropa ölkələrinə yol açır. Uğur olsun!
Bu gün Sərvazın ad günüdür, şair dostumu təbrik edirəm.
Qəşəm Nəcəfzadə