"Ermənilər meydanda əvvəl "Qarabağ" yox, başqa tələb səsləndirdilər, çünki..." - MÜSAHİBƏ
Tarix:20-02-2024, 13:01
Baxış Sayı:8
36 il əvvəl taleyimizi, həyatımızı kökündən dəyişən , xalqımıza dağ üstən, dağ vuran, dərd gətirən, övladlarını məhv edən, evlərini-yurdlarını işğal edən, talayan, qız-gəlininə qarşı ən rəzil hərəkətlər edən, qocaları, uşaqları, xəstələri diri-diri yandıran, doğrayıb itlərə atan, dərisini üzən , bir sözlə, insanlığa yad işgəncələr verən ermənilərin o tarixi bəyanatı – DQMV Ermənistana birləşdirilməsi qərarını baş verdiyi günlərdəyik...
Qeyd etdiyim kimi 36 illik bir aradan sonra...O müdhiş, qorxunc günlərin acısını ilk öncə o əsilsiz, işğalçı qərarın verildiyi məkandakılar daddı. Sonra Qarabağlılar və daha sonra bütün Azərbaycan zərrə-zərrə o acıları yaşadı. Bu gün həmsöhbətim, Xankəndidə doğulub, böyümüş, 1988-ci ilin bütün olaylarına şahid olmuş tanınmış publisist- yazar İlham Cəmiloğlu ilə söhbətləşirik.
- İlham müəllim, ilk dəfə Xankəndidə ermənilərin separatizm , işğalçılıq ifadə edən mitinqi xatırlayaq... Necə oldu ki, 70 il “qandan qorxan” qorxaq erməni qəflətən qan salmaq eşqinə düşdü . Meydanlara yığıldı qərar qəbul elədi? - Düzü heç ağlımıza da gəlmirdi ki, cəsarət və cürət anlayışından bixəbər olan ermənilər günlərin bir günü əsassız torpaq iddiaları ilə bizə meydan oxuyacaqlar. Məlumdur ki, bu qərara hələ 1923-cü ildən hazırlaşılırdı. Amma sovet hökümətinin kəsakəs dövründə belə bir iddia ilə ortaya düşmək imkanı əldə edə bilməzdilər. Erməni millətçiləri, milyonçuları, Moskvada yüksək postlar tutanları, təbliğatçıları, Qorbaçovun aşkarlıq siyasətindən və şəxsən özündən qədərindən də artıq yararlanaraq Dağlıq Qarabağın Ermənistana verilməsi ilə bağlı planlarının həyata keçirilməsi üçün bütün vasitələrə əl atacaqlar.
- Həmin nümayiş baş verənə qədər ermənilər qapılarımızda işləyirdi, fəhləlik edirdilər, elə yazıq, məzlum görünüşləri vardı ki, adam az qalırdı əlindəki son tikəni də bunların ağzına soxsun. Bəli, heç ağlımıza da gəlmirdi ki, bunlar qoyun dərisinə girmiş çaqqaldırlar. Sadəcə fürsət axtarırlar, parçalamağa , qan tökməyə....Belə bir mitinq necə oldu ki, başladı?
- Əvvəlcədən nəzərdə tutulduğu kimi nümayiş Xankəndinin mərkəzi meydanında keçirilməli idi. O vaxt bu meydan Leninin adını daşıyırdı. Meydana əsas giriş bir neçə istiqamətdən, Kirov prospektindən, vilayət partiya komitəsinin inzibati binasının arxa hissəsindən keçən Atarbekov küçəsindən, Qarabağ mehmanxanası tərəfdən isə Tumanyan küçəsindən idi. Səhər saat 9-10 radələrində sadaladığım küçələrdə qrup-qrup insanlar toplaşmışdılar. Hadisəslərin canlı şahidi kimi ilk müşahidələrimdən ermənilərin həyəcan, təlaş və xislətlərinə uyğun qorxu içində olduqları açıq hiss olunurdu.
Erməni dilini az-çox bildiyimdən aralarında etdikləri söhbətlərdə də bunu sezmək çətin deyildi. Hətta onlar qırmızı parça və adi ağ vatman kağızda hazırladıqları şüarları da bükülü vəziyyətdə saxlamışdılar. Toplaşan insanlar bir neçə müddət meydana daxil olmadılar. Nəhayət, Xankəndi tikinti materialları kombinatının baş direktoru, nümayişin əsas təşkilatçısı olan "Krunk" cəmiyyətinin sədri Manuçarov və ətrafındakı bir neçə erməni fəalı meydanda görünəndə nümayişə cəlb olunanlar da meydana daxil oldular.
- Burda oxuculara aydınlaşdırım: deməli, Manuçarov Xankəndidə doğulub. Ermənistanda Qarabağ hərəkatının rəhbərlərindən olub, Xankəndi tikinti materialları kombinatının direktoru və 1988-ci ildə Xankəndi şəhərində yaradılmış Krunk -Durna adlı ictimai-siyasi-terror təşkilatın rəhbəri olub.Manuçarov Dağlıq Qarabağ münaqişəsinin başladığı 1988-ci ildən etibarən Azərbaycana qarşı açıq terror siyasəti aparıb və azərbaycanlıların Dağlıq Qarabağdan və ətraf 7 rayondan qovulmasında xüsusi xidmətlər göstərib. Bildiyiniz, qanımızı içməyə hazır bir imkanlı, varlı, sözü hətta Azərbaycan Mərkəzi Komitəsində keçən erməni. İlham müəllim, mitinqdə ermənilər açıqca Qarabağı tələb edirdilər?
- Bütün çıxışlar və şüarlar Dağlıq Qarabağın Ermənistanın tərkibinə verilməsi ilə bağlı idi. Əsas isə vilayətin sosial-iqtisadi vaziyyəti göstərilirdi.
- Axı, bildiyim qədəri ilə Xankəndi eləcə də, DQMV-nə daxil olan ermənilər in kompakt yaşadığı rayonlarda ən firavan həyatıonlara məxsus idi. Aran camaatı , qarabağlı azərbaycanlılar, pambıq, yığmaqdan , üzüm becərməkdən ilin 9 ayı tarlalarda işləməkdən əli -beliı qabar olmuşdu...
-Təbii ki, belə bir əsasın yersiz və mənasız olduğunu ermənilərin özləri də yaxşı bilirdi. Əgər təkcə son 15-20 ildə Ağdamdan dəmiryolu xətti Xankəndinə çəkilmişdirsə, kondensator zavodu Xankəndində tikilib istifadəyə verilmişdisə, Xakəndi elektrotexnika zavodunun, ipək kombinatının yeni filialları açılmışdısa, Xankəndi ayaqqabı fabrikində yeni qurğu və avadanlıqların qurulması nəticəsində istehsal gücü 12 dəfə artmışdısa, tibb texnikumu Xankəndində faaliyyətə başlamışdırsa, yeni məktəblər inşa edilmişdisə, "stokvartirnı" adlanan yerdə böyük müasir yaşayış massivi tikilmişdirsə, yol tikintisinə və abadlıq işlərinə ayrılan vəsaitin məbləği hər il artmışdısa hansı sosial-iqtisadi gerilikdən söhbət gedə bilərdi. Bu təkcə vilayətin inkişafındakı görünən tərəflər idi.
Əgər o illərin statistik göstəriçilərinə nəzər salsaq şahidi olarıq ki, vilayərin inkişafı üçün Azərbaycanın büdcəsindən ayrılan vəsait digər regionlara ayrılan vəsaitlərdən nəzəçarpacaq dərəcədə çox olub.
- Bayaq qeyd etdiniz ki, ermənilər meydanlara qorxa-qorxa gəlirdilər, necə oldu ki, birdən birə o qədər kütlə meydana yığışa bildir...O vaxt bütün sovet məkanındakı tv-lər həmin mitinqdən olan kadrları yayırdı.
- Günortaya qədər ehtiyatla hərəkət etdilər. Amma günortadan sonra artıq heç bir təhlükənin və cəzanın olmadığını gördülər, arxayınlaşdılar, sayları təxminən 500 nəfəri keçdi. Məhz cəzasız qaldıqlarını anlayan kimi Dağlıq Qarbağın Ermənistana verilməsinin əsas səbəbini artıq başqa cür də əsaslandırırdılar. Guya Qarabağın əzəli erməni torpaqları olduğunu, ermənilərə məxsusluğunu həyasızcasına dilə gətirirdilər. Meydan gecələr də boş qalmırdı. Azərbaycanın hesabına zənginləşən ermənilər nümayiş iştirakçılarını isti geyimlərdən tutmuş, ərzaq məhsullarına, siqaretə, spirtli içkilərə qədər təmin edirdilər. Manuçarovun, Xankəndi ipək kombinatının partiya təşkilatının katibi, Ermənistanın sabiq prezidenti Koçaryanın, Xankəndi aqrar sənaye kombinatının direktoru Poqosyanın, uşaq şairi Qurgen Qabrelyanın, Ermənistanda fəaliyyət göstərən "Qarabağ" təşkilatının fəallarının qızışdırıcı çıxışları nümayiş iştirakçılarına xüsusi "ilham" verirdi.
- Mənim bir müsahibim vardı, həmin illərdə Xankəndi institutunun tələbəsi olmuşdu. Deyirdi ki, Xankəndinin heç bir obyektində, nə zavodda, nə fabrikdə, nə xəstəxanalarda institutdakı qədər millətçilik, düçmənçilik abu-havası yox idi..
- İnstitut yaranan gündən daşnak yuvasına çevrilmişdi. Erməni millətçilərinin azərbaycanlılara qarşı təbliğat maşını bu təhsil ocağında gecə-gündüz öz işini görüb. Təsəvvür edin, rektor erməni(S.Xalatryan), prorektor azərbaycanlı (Nəcəf Quliyev) idi. Düzdür, bu institutda ermənilərlə müqayisədə sayca az olan azərbaycanlı müəllimlər və tələbələr zaman-zaman onların cavabını verib, Nəcəf Quliyev, Xasay Cabbarov, Kamil Quliyev, Zabil Bayramlı, Mirələm Vəliyev, Inqilab Quliyev, Abbas Abbasov, Nəsib Şəfiyev, Yusif Ağayev, Raquf Məmmədov, Eldar Quliyev və adlarını çəkmədiyim digər vətənpərvər ziyalılarımız dayaz düşüncəli, xain xislətli erməni həmkarlarını susdura biliblər, azərbaycanlı tələbələr heç nədən qorxmadan erməni millətçilərinə qarşı mübarizədən çəkinməyiblər. Amm çox təəssüflər olsun ki, Xankəndində və ümumiyyətlə bütövlükdə vilayətdə muxtariyyat adı altında ermənilərə daha çox sərbəstlik verilib və onlar da bu güzəştlərindən sui - istifadə ediblər. Nümayiş iştirakçıları arasında Xankəndi Pedaqoji institutunun erməni tələbələri xüsusi fəallıq göstərirdilər.
- Xatırlayırsınız, o qaniçən separatçı, millətçi türk düçmənlərini?
- Xankəndi Pedaqoji institutunun məzunu, əməkdar müəllim, yazıçı-publisist Səxavət Tağların bir məqaləsi var, yazır:”Yadıma düşəndə dəli olmağım gəlir. Azərbaycan və rus bölmələrində ermənilər tədris aparırdılar. Bizim pedaqoji fakültədə Arzumanyan Milanya rus dilindən, Senik bədən tərbiyəsindən, Qalayan rəsmdən, Azərbaycanca danışa bilməyən Tısaturyan musiqidən dərs deyirdilər. Qarabağ olaylarının baniləri, qatı millətçi, hadisələrin ilkin çağında Xankəndində yaradılmış “ Krunk” təşkilatının fəalları—şair Sokrat Xanyan, pedaqoq-alim A. Nersesyan isə müxtəlif vaxtlarda fakültəmizdə dekan vəzifəsini icra etmişlər.
Qəribə olsa da deməliyəm ki, müasir Azərbaycan dilinin tədrisi metodikasından Ararat Qriqoriyan adlı erməni dığası dərs deməyə gələndə, əlaçı tələbə kimi, qrup nümayəndəsi kimi təəccübümü gizlədə bilmədim. Altı aydan sonra...Sən demə mənim etiraz səsim altı ayda onun içini göynədirmiş, sən demə, öz yurdumda, öz torpağımda, institumda o məndən intiqam almaq hissi ilə yaşayırmış... Erməninin Azərbaycan bölməsində dərs deməsi barədə gizlədə bilmədiyim təəccüb, içimi göynədən xırda bir etiraz tezliklə Vilayət Partiya Komitəsinə, DQMV-nın prokurorluq və DİN orqanlarına çatdı. Bununla da beynəlmiləl bir şəhərdə millətçilik toxumu səpən bir şəxs kimi məşhər ayağına çəkildim. İzahatlar izahatlara calandı.
Rektorluqda institutdan xaric olmağım barədə ərizə yazmaq və “ başbilənlərin” təkidi ilə müasir Azərbaycan dilindən dərs deyən Ararat Qriqoriyandan üzr istəmək təklifləri yadıma düşəndə vücudum titrəyir..." Bax belə...
- Əziz oxucular, hesab edirəm, 36 il əvvəl baş verən hadisələrlə bağlı bilmədiyimiz məqamlar, bizim əleyhimizə və xeyrimizə çalışan insanlar və hadisələr haqqında bir çoxumuz çox şey bilmirik ! 1988-ci ilin, iliyə işləyən soyuğunda baş verən hadisələrlə bağlı müzakirəmizə , müsahibənin ikinci hissəsinə sabah yenidən davam edəcəyik. Yəni, ardı var...