hemle

Prezidentin təltif etdiyi YAP-çıdan Vilayət Eyvazova şok müraciət: “Cənab nazir, Bərdə DYP rəisi oğluma şər atıb...”

Tarix:8-05-2020, 00:42
Baxış Sayı:808

Bərdənin Qazıqurdalı kənd sakini, YAP-ın yerli təşkilatının qurucularından biri olan, prezident tərəfindən aqrar sektordakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmiş Qasımov Elman Umud oğlu Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib.

E.Qasımov nazirə müraciətində oğlunun üzləşdiyi haqsızlıqdan və ədalətsizlikdən bəhs edib. E.Qasımovun oğlu Vasif Qasımov 2014-cü ildən Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisində işləyib. Bu müddət ərzində qüsursuz xidmət göstərib.


Hətta buna görə Bakıda keçirilən Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında Bərdədən paytaxta ezam edilib. Vasif Qasımov Bakıda göstərdiyi peşəkar xidmətinə görə mükafatlandırılıb.

Lakin Bərdə DYP rəisi postuna Anar Cəlilov gəldiyi gündən V.Qasımovu gözümçıxdıya salmağa, sıxışdırmağa, iş yoldaşlarının yanında aşağılamağa başlayıb

Elman Qasımov, /050 364 00 77/

Bu barədə DİN rəhbərinə müraciətində atası E.Qasımov qeyd edir ki, Bərdə DYP rəisi Anar Cəlilov oğluna əsassız tələblər irəli sürüb, incidib.

“Cənab nazir, əslində, mən bu müraciəti mətbuatda ictimailəşdirmək fikrində deyildim. Amma sizə etdiyim müraciətlər ünvanına çatmadığına görə məcbur qaldım ki, səsim media vasitəsi ilə eşidilsin.

Çünki dəfələrlə müraciətlərim nazirlik əməkdaşları tərəfindən sizə çatdırılmayıb. Ona görə buradan səsimi eşidib dəstək verəcəyinizə inanıram.

Belə ki, karantin başlayan gündən oğlum Vasif fasiləsiz 20 gün postda saxlanılıb. Bu təlimata, xidmət qanunlarına ziddir.

20 gün postda saxladıqdan sonra Vasifə qarşı ittiham irəli sürür ki, guya oğlum postda kimdənsə 5 manat pul alıb.

Həmin “kimsə” heç oğlumu tanımayıb, işin qurama olduğu üzə çıxıb. Amma Vasif sübutsuz-dəlilsiz işdən azad edilib.

Halbuki, oğlumdan sonrakı karantin dövründə, yəni 10-15 gün ərzində hər dəfə ayrı-ayrı polis əməkdaşları postlarda dayanıb.

Əslində, bundan qabaq Bərdənin Post Patrul Xidmətinin rəisi Rəşad Babayev vasitəsi ilə Vasifdən 400 manat istənilib. O da deyib ki, bu pul məndə haradandır? Ondan tələb olunan pulu vermədiyinə görə postda guya kimdənsə pul istəməsi bəhanəsi ilə işdən çıxarıblar”, - deyə E.Qasımov oğlunun başına gətirilənləri nəql edib.

Korona virus vaxtı küçə ticarəti... "Haqq"ını alıblar deyə göz yumurlar...

Onun sözlərinə görə, Bərdə DYP-də ciddi nöqsanlar var: “Məsələn, sahibkarlar, fermerlər çox əziyyət çəkirlər.

Çünki kənddə göyərti əkən adam məhsulunu Bərdə bazarına gətirib satmaq üçün rayonun yol polisləri ilə dil tapmalıdır. Oğlum Vasif isə işlədiyi dövrdə bunları etməyib.

Ona görə işdən azad ediblər. Vasif apteklərdən, sahibkarlardan hesab almayıb, ona görə işdən çıxarılıb. Cənab nazir, məni qəbul etsəniz, Bərdədə nələr baş verdiyini faktlarla danışacağam.

Misal üçün Bərdədə “köhnə bazar” deyilən yerdə giriş qadağan olsa da, avtomobillər rahat hərəkət edir. Çünki Bərdə DYP qadağan olunmuş yerdəki dükanlardan xərac alırlar.

Qadağan nişanı pula görə dəyişdirilib...

Bu ərazinin baş hissəsində dayanmaq qadağandır nişanı vurulmalı olduğu halda DYP rəisi Anar Cəlilov həmin nişanı bir qədər aralıda başqa yerdə təşkil edib. Çünki həmin yerdə Səməd deyilən şəxsdən pul alıb ki, Aygünün apteki rahat işləyə bilsin.

Cənab nazir, yaxşı bilirəm ki, aidiyyatı şəxslər müraciətimi məqsədli şəkildə ört-basdır etməyə, qarayaxma kimi təqdim etməyə çalışacaqlar.

Amma məni qəbul etsəniz məlumatlı olacaqsınız ki, DYP rəisi Anar Cəlilov prezidentin korrupsiya ilə mübarizə çağırışlarına əhəmiyyət vermir”.

V.Eyvazova müraciətdə deyilir ki, DYP rəisi Bərdədə fermerləri, biznes adamlarını, aptek, dükan işlədənləri incidir:

“Hansı maşınlardan konstruksiyasına edilmiş müdaxiləyə görə haqq alır, süd yığan maşınları aylığa necə oturdur, avtoxuliqanlara necə şərait yaradır, nə qədər sənədsiz, sürücülük vəsiqəsi olmayan sürücülər hərəkət edə bilir - bunları araşdıra bilərsiniz. Mən sizin ədalətli biri olduğunuza inanıram”.

E.Qasımov bildirib ki, heç bir qanuna sığmadan, əsassız yerə oğlu işdən azad edilib: “Oğlum Vasif bu qanunsuz tələbləri yerinə yetirməyib.

İşdən çıxarılmasına səbəb istədikləri hesabı verməməsidir. Anar Cəlilov neçə dəfə məndən müxtəlif adlarla pul alıb.

Son dəfə Bərdənin rəisi Muradəli müəllimə vermək üçün pul istəyib, guya verməsəm işdən çıxaracaq, məndən 17 min iki yüz alıb”.

Bərdə sakini qeyd edib ki, rayonda oğurluq, cinayətkarlıq baş alıb gedir: “Xahiş edirəm ki, nazirlik tərəfindən peşəkar komissiya göndərilsin.

Anar Cəlilov saxlanılan onlarla sərxoş sürücüdən pul alıb buraxır. Maşının qabağını qaldırmağın öz pulu var.

Peşəkar əməliyyatçılar gizli şəkildə Bərdədə araşdırma aparsalar, nə qədər sənədsiz sürücü, avtoxuliqan aşkarlaya bilərlər.

Cənab nazir, bu haqsızlıqları mən götürə bilmirəm. Bu dərəcədə özbaşınalıqlar olduğu halda oğlumu əsassız, heç bir fakta söykənmədən işdən çıxarıblar”.

E.Qasımov nazirə müraciətində deyib ki, Bərdə RPŞ-də prezidentin çağırışlarına məhəl qoyulmur: “Cənab nazir, bu müraciətimi sizə əsassız kimi təqdim etməyə çalışacaqlar. Nazirlikdə olan bəzi şəxslər sizi inandırmağa çalışacaq ki, Bərdədə hər şey qaydasındadır.

Ancaq mən bir sədaqətli YAP üzvü, “Tərəqqi” medalı almış təsərrüfatçı və ata kimi sizə müraciət edirəm, yalvarıram, hörmətli Vilayət müəllim, şəxsən özünüz bu məsələlərin araşdırılmasına göstəriş versəniz, ciddi faktların şahidi olacaqsınız.

Prezidentin rüşvətlə mübarizə çağırışlarını Bərdə polisində veclərinə almırlar. Yeri gəlmişkən, Anar Cəlilovun xalası oğlu Elnur Məcidli Fransada siyasi sığınacaq alaraq Azərbaycan hakimiyyətini gecə-gündüz təhqir edir, hədyanlar yağdırır, iqtidar əleyhinə kampaniya aparır.

Cəlilovun özü Bərdədə insanlara zülm edir, dövlətin qanunlarını tapdalayır, prezidentin fəaliyyətinə zidd hərəkət edir, xalası oğlu da Avropada dövlətin, hökumətin əleyhinə kampaniya aparır.

Cənab nazir, sizə bir daha böyük ümidlə üz tuturam, xahiş edirəm ki, oğluma qarşı edilmiş haqsızlıqla bağlı araşdırma aparılmasına tapşırıq verəsiniz, məni dövlətə sadiq bir ata kimi qəbul edəsiniz. Sizin ədalətinizə və geniş ürəkliyinizə sığınıram...”

Yazı ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.
Mənbə: Elman Qasımov,
siam.az

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ