hemle

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

Tarix:25-07-2023, 10:11
Baxış Sayı:74

“Ermənistanın, ermənipərəst dairələrin bu sayaq spekulyativ addımları heç bir nəticə verməyəcək. Mətbuat Şurası əmindir ki, Şuşa Qlobal Media Forumu davamlı xarakter almaqla, dünyada media sahəsindəki problemlərin dərin müzakirə olunacağı mötəbər platformaya çevrilməkdədir. Yaxşı olardı ki, Ermənistan jurnalistləri avantürist meyillərin əsirinə çevrilməsinlər, gələcəkdə bu platformada təmsil olunsunlar və jurnalistika dəyərlərinin qorunmasına töhfə versinlər”.

Bu fikirlər Azərbaycan Mətbuat Şurasının “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun yekunları ilə bağlı bəyanatında əksini tapıb.

Qeyd olunub ki, iyulun 21-23-də keçirilmiş “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu auditoriya genişliyi, mövzu zənginliyi ilə Azərbaycanda, Cənubi Qafqaz regionunda və bütövlükdə dünyada mühüm əhəmiyyət daşıyan hadisəyə çevrildi. İki gün ərzində nüfuzlu media, jurnalist təşkilatları rəhbərləri, ekspertlər media və informasiya-kommunikasiya sahəsinin aktual məsələlərini ətraflı müzakirə ediblər:

“Təəssüf ki, öz ənənəsinə sadiq qalan Ermənistanın Azərbaycana qarşı apardığı qaralama kampaniyası hələ tədbirin gedişində özünü göstərməyə başladı. Ölkənin 11 jurnalist təşkilatı Forumun iştirakçılarına müraciət ünvanlayaraq və yersiz həmkar sentimentallığı nümayiş etdirərək, əcnəbi media mənsublarını qınadılar, onları Şuşanı tərk etməyə çağırdılar. Müraciətdə, həmçinin Qarabağın erməni əhalisinin, guya “blokadada” olduğuna dair iddianın irəli sürülməsi və xarici jurnalistlərdən mövzunu gündəmə gətirmək istənilməsi bu mühüm hadisəni siyasiləşdirmək və bundan mümkün dividend əldə etmək cəhdindən başqa bir şey deyildi.

Daha bir məqam erməni tərəfinin eyni motivli müraciəti beynəlxalq təşkilatlara da ünvanlamasıdır. Həmin müraciətdə Foruma qarşı bəyanatın verilməsi, tədbirə qatılmış xarici jurnalistlərin fəaliyyətinin pislənilməsi kimi qəbuledilməz fikirlər irəli sürüldü. Bu azmış kimi, həmin jurnalistlərin elektron poçt ünvanlarına hədə-qorxu dolu məktublar göndərildi, onlar şantaja və sözün əsl mənasında, terrora məruz qaldılar. Bəzi iştirakçılar hətta öz sosial şəbəkə hesablarını müvəqqəti qapatmaq məcburiyyətində qaldılar.
Şuşa forumuna qatılanların adından yalançı açıqlamaların yayılması, guya onların həmin açıqlamalarında Qarabağın “blokadasının” aradan qaldırılmasına yönələn fikirlər səsləndirdikləri iddiası isə heç bir əndazəyə sığmır.

Ermənistanda media fəaliyyəti ilə məşğul olduğunu bildirən şəxslərin, faktiki olaraq, Cənubi Qafqaz regionunda sülh gündəliyinə qarşı çıxması, təxribatçı əməlləri jurnalistikadan sui-istifadədir, peşə prinsiplərinə etinasız yanaşmadır. Azərbaycan Mətbuat Şurası bundan narahatdır.

Şura hesab edir ki, beynəlxalq ictimai rəyi çaşdırmağa yönəlmiş, xarici media mənsublarını təhdid edən bu kimi hallar tam yolverilməzdir və məsələyə sərt reaksiyanın göstərilməsi mütləqdir. Qurum beynəlxalq ictimaiyyəti, habelə dünyanın aparıcı jurnalist təşkilatlarını mövcud istiqamətdə həmrəylik nümayişinə, müvafiq tədbirlər görməyə çağırır.

Mətbuat Şurası, eyni zamanda, Ermənistan mediasının çirkin siyasi texnologiyalardan istifadə etməsindən dərin təəssüf hissi keçirir. Şura hesab edir ki, həm Azərbaycanın, həm də Ermənistanın media orqanları ölkələr arasındakı münasibətlərin pozulmasına deyil, əksinə, normallaşmasına xidmət etməlidirlər”.

Digər xəbərlər
15:20 Anlaşma Memorandumu imzalanıb
10:19 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişdi
10:12 Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan İŞSİZ QALDI
10:09 Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ - "S-400"lərin taleyi ilə bağlı YENİLİK
10:03 Tramp və Bayden həmin sənədi imzaladılar - Kritik hazırlıq başladı
10:00 İsrail-Livan razılaşması: Tərəflər hansı öhdəlikləri götürüblər?
09:57 Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
09:52 Paşinyan KTMT-dən çıxmaq və Rusiya ilə münasibətləri pozmaq fikrindən daşınıb?