Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Ürək Günləri” VIII Beynəlxalq Konqresinin iştirakçılarına müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
"Hörmətli Konqres iştirakçıları!
Sizi – Azərbaycan kardioloqlarını, kardiocərrahlarını və müxtəlif ölkələrdən paytaxtımıza gəlmiş alimləri “Bakı Ürək Günləri” VIII Beynəlxalq Konqresinin öz işinə başlaması münasibətilə səmimi-qəlbdən salamlayır, gələcək fəaliyyətinizdə hər birinizə müvəffəqiyyətlər arzulayıram.
Builki Konqresin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunması rəmzi məna daşıyır. Ulu Öndər ölkəmizdə səhiyyə sisteminin təkmilləşdirilməsi və dünya standartları səviyyəsində qurulması işini daim diqqətdə saxlamışdır.
Azərbaycan səhiyyəsinin ötən dövr ərzində keçdiyi yol təbabətin sürətlə irəliləyən sahələrindən biri kimi kardiologiya elminin mühüm nailiyyətlərinin tətbiqinə, ürək xəstəliklərinin müasir terapevtik və cərrahi üsullarla müalicəsinin təmin olunmasına əlverişli şərait yaratmışdır. Nüfuzlu kardioloji mərkəzlərdə gerçəkləşdirilən ən çətin əməliyyatların hazırda yeni nəsil həkimlərimizin fəaliyyəti sayəsində uğurla keçirilməsi qürur hissi doğurur.
Ənənəvi “Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin kardiologiya və ürək-damar cərrahiyyəsinin inkişafında özünəməxsus rolu vardır. Bu sahə ilə bağlı geniş fikir mübadiləsinin aparılacağı tədbirinizdə dünyanın mötəbər tibb qurumlarını təmsil edən görkəmli kardioloq alim və cərrahların iştirakı Konqresinizin qazandığı yüksək etimadın göstəricisidir. Beynəlxalq təcrübədən qarşılıqlı surətdə lazımınca faydalanmaqla kardiologiyanın aktual məsələlərinin həllinə yönəlmiş birgə səylərinizin səmərəli olacağına inanıram.
Ümidvaram ki, böyük elmi və elmi-praktiki əhəmiyyətə malik bu Konqres azərbaycanlı mütəxəssislərin öz xarici həmkarları ilə əlaqələrini daha da möhkəmləndirəcək, yüksəkixtisaslı kadr hazırlığına, kardiologiyanın, ürək-damar cərrahiyyəsinin və ümumilikdə tibb elminin inkişafına töhfələr verəcəkdir".