2023-cü ilin 02-08 may tarixlərində düzənlənən YOCOCU – 2023 V Beynəlxalq “Mədəni İrsin Yaşıl Konservasiyası” elmi-praktiki konfransı ilin ilki kimi həyatımızda unudulmaz izlərlə çox böyük uğurla başa çatdı. Bu layihənin həmtəsisçisi, həm də təmsilçisi kimi Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlillinin rəhbərliyi ilə qatıldığımız möhtəşəm tədbir Rumıniyanın paytaxtı Buxarest şəhərindən 545 km aralıda yerləşən Timişoara adlanan əyalət şəhərində gerçəkləşdirildi. Mənası “yaşıl vadi” və ya “yaşıl bağ” kimi anlaşılan bu bölgə əyalət şəhəri olmasına rəğmən öz mədəni əlaqələri və heyranedici tarixi abidələri baxımından çox təqdirəlayiq bir məkan idi. Bunu bir daha belə bir mötəbər toplantının Milli İncəsənət Muzeyində böyük təşkilatçılıqla keçirilməsi daha qabarıq tərzdə sübuta yetirirdi. Eyni zamanda vurğulamaq lazımdır ki, Timişoara şəhəri Avropa Birliyi tərəfindən 2023-cü ilin Mədəniyyət Mərkəzi elan edilmişdir. 4-5-6 may tarixlərində düzənlənən bu konfransda İtaliya, Rumıniya, Azərbaycan, Portuqaliya, Serbiya, Fransa, Meksika, Braziliya, Mərakeş və digər ölkələrdən 70-dən çox alim və tədqiqatçı canlı, poster və onlayn məruzələrlə çıxış etdilər. Konfransın əsas təşkilatçıları mərkəzi Romada yerləşən Beynəlxalq YOCOCU Asossiasiyası və Timişoara Milli İncəsənət Muzeyi idi. Eyni zamanda İtaliya Atmosfer Elmləri və İqlim İnstitutu, Timişiora Qərb Universiteti, Arad Muzey Kompleksi, Kalabriya Universiteti, Ekosistem Fondu, İtaliya Yeni Texnologiyalar, Enerji və Davamlı İqtisadi İnkişaf üzrə Milli Agentliyi, Portuqaliya Katolik Universiteti konfransa öz dəstəklərini layiqincə təlqin etdilər. Təşkilat komitəsinin sədri italiyalı alim Dk. Andrea Makkia və Timişoara İncəsənət Muzeyinin direktoru Filiq Petku konfransın təşkilində və gedişində çox böyük əmək sərf edərək bütün iştirakçıların dərin rəğbətini qazandılar.
Azərbaycan alimlər qrupundan üzvləri AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Albanşünaslıq Mərkəzinin aparıcı elmi işçisi Dr. Fariz Xəlilli, həmin mərkəzin baş elmi işçisi Prof. Dr. Kubra Əliyeva, AMEA-nın Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutunun şöbə müdiri Dr. Samirə Əliyeva, İnstitutun elmi işçisi Dr. Şəhla Xəlilli, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Qoruqları İdarəemtə Mərkəzinin elmi işçisi Dr. Günel Seyidəhmədli və Miras İctimai Birliyinin tədqiqatçıları Dr. Elmira Abasova və Fidan Quluzadə müxtəlif inteqrasiyalı məruzələrlə çıxış etdilər. Məruzələr əsasən Qarabağın ekosisteminə, onun iqtisadi inkişafına və inteqrasiyasına həsr olunaraq Qarabağın ekoloji problemlərinin həlli yollarını əhatə etmişdir.
Konfransın yekun iclasında Miras Mədəni İrsin Öyrənilməsinə Kömək ictimai Birliyinin sədri Dr. Fariz Xəlilli növbəti “Mədəni İrsin Yaşıl Konservasiyası” beynəlxalq elmi praktiki konfransının 2025-ci ildə Şuşa şəhərində keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Onun bu təklifinə 2024-cü ildə İstanbulda düzənlənəcək “Mədəni İrsin Konservasiyasında gənclərin rolu” YOCOCU konfransında baxılacaq və qərar veriləcəkdir.
Konfrans çərçivəsində iştirakçılar Timişoara Milli İncəsənət Muzeyi ilə yaxından tanışlığa nail oldular. Muzeydə Azərbaycanın Şirvan və Qazax bölgəsindən saxlanılan xalçalar böyük maraqla nümayiş olunur. Azərbaycanlı nümayəndələrə həmin xalçaların əks olunduğu katoloq hədiyyə edildi və nümayəndələr sertifikatlarla mükafatlandırıldılar. Azərbyacan nümayəndələri əvvəlcə Timişoara şəhərinin, sonra isə paytaxt Buxarestin tarixi və memarlıq abidələri ilə yaxından tanış oldular. Səfərimizə daha da rövnəq verən ikinci bir xüsusiyyət də çox önəmli oldu. Belə ki, yolüstü İstanbul şəhərində ixtiyarımızda olan bir neçə saatlıq asudə vaxtımızdan Fariz bəyin təşəbbüsü ilə çox səmərəli və işgüzar tərzdə istifadə edərək Türkiyə Cümhuriyyətinin Üsküdar Universiteti “Təsəvvüf və təsəvvüf tarixi” fakültəsində qonaq olduq. Çox hörmətli alim və fakültə rəhbəri Elif xanım, əslən Azərbaycandan olan İlahə xanım və digər çalışanlar ilə tanışlıqdan xüsusi zövq aldıq. Çox maraqlı fikirlər və söhbətlərlə zəngin olan bu görüş işgüzar səfərimizə özünəməxsus ahəng qatdı və hər 2 tərəfi məmnun etdi.
Hörmətlə,
Fəlsəfə üzrə fəlsəfə doktoru, MVQSYİB-nin Elm, təhsil məsələləri üzrə sədr müavini Elmira Abasova