Bakıda qadına qarşı dələduzluq etmiş şəxsə cinayət işi açılıb.
News24.az-ın əldə ediyi məlumata görə, paytaxtda taksi sürücüsü kimi fəaliyyət göstərən Astara rayon sakini, evli və 2 uşaq atası olan 1973-cü il təvəllüdlü Vüqar Nəbiyev barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə iş açılıb.
Araşdırmalar zamanı məlum olub ki, Vüqar internet vasitəsilə Tovuz rayonunda yaşayan Gülbəniz Xəlilova (şərti adlı) ilə tanış olub. Subay olduğunu deyən evli kişi həmin qadınla gizli sevgi münasibəti yaşayıb və Gülbəniz vaxtaşırı Bakıya gələrək Vüqarın kirayə götürdüyü mənzildə qalıb və onların münasibətləri 6 aydan çox davam edib. Bu müddətdə Vüqar Gülbənizə yaxın qohumlarının İsraildə yaşadığını və həkim kimi çalışdıqlarını deyib. Vüqar Nəbiyev şəkərli diabet xəstəliyindən və artıq çəkidən əziyyət çəkən qadını aldadaraq onu İsrailə göndərəcəyini və sərfəli şərtlərlə bariotik (mədə kiçiltmə) əməliyyatı etdirəcəyinə söz verib. Bu məqsədlə o, Gülbənizdən 6500 manatdan çox pul alıb. Pulu Gülbəniz Tovuzda olarkən Vüqarın təqdim etdiyi bank kartına göndərib.
Lakin daha sonra Vüqarla sevgilisi ilə münasibəti korlanb. Belə ki, qadın Vüqarın evli olmasını öyrənib, həmçinin onun yalan vəd verərək pullarını ələ keçirdiyini görərək polisə müraciət edib.
Gülbəniz pulları Tovuz rayonu ərazisindən göndərdiyi üçün cinayət işi Tovuz Rayon Pols Şöbəsində açılıb və işin materialları Tovuz Rayon Məhkəməsinə göndərilib. Məhkəmə Vüqar Nəbiyevi Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilərək onu 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdrılması cəzasına məhkum edib. Taksi sürücüsü işləyən şəxsin gecə saat 23-dən səhər 7-dək evdən çıxmaması, ictimai tədbirlərin keçirildiyi yerlərə getməməsi, yaşadığı ərazini tərk etməməsi üzərinə vəzifə olaraq qoyulub və üzərinə elektron nəzarət cihazı yerləşdirilib.