hemle

Azərbaycanlıların kütləvi deportasiya və soyqırımına məruz qoyulması faktları əsasında cinayət işi başlanıb

Tarix:30-03-2023, 11:39
Baxış Sayı:142

Azərbaycanlıların kütləvi şəkildə deportasiya, təqib və soyqırımına məruz qoyulması faktları əsasında cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, “Qərbi Azərbaycan İcması” İctimai Birliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində araşdırma aparılıb.

Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan sənədlərə əsasən, XX əsrin əvvəlindən başlayaraq erməniəsilli şəxslərin rəhbərliyi ilə yaradılmış silahlı birləşmələr tərəfindən Qərbi Azərbaycan torpaqlarında yaşayan azərbaycanəsilli şəxslərə qarşı sülh və insanlıq əleyhinə, şəxsiyyət əleyhinə cinayətlərin törədilməsinə yönəlmiş aktiv hərəkətlərin icrasına başlanılıb.

Belə ki, erməni silahlı dəstələri tərəfindən 1918-ci ilin mart ayınadək İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 – ümumilikdə 198 kənd dağıdılıb, həmin qəzalarda təqribən 135 min nəfər azərbaycanlı soyqırımına və məcburi deportasiyaya məruz qoyulub.
Eyni cinayətkar məqsədlə 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün edilib, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi iztirablara dözməyərək həlak olub.

Bundan başqa, 1988-1992-ci illər ərzində qeyd olunan cinayətlər planlı şəkildə davam etdirilib, Ermənistan hökuməti, “Qarabağ” və “Krunk” komitələri tərəfindən Qərbi Azərbaycanın 185 yaşayış məntəqəsindən 250 mindən artıq azərbaycanlı öz doğma torpaqlarından, ev-eşiyindən zorla qovulmaqla deportasiyaya və təqibə, 216 azərbaycanlı erməni silahlı qüvvələri tərəfindən xüsusi amansızlıqla qəsdən öldürülməklə soyqırımına məruz qoyulub.

Qeyd olunan faktlarda beynəlxalq və ölkədaxili qanunvericilikdə nəzərdə tutulan cinayətlərin əlamətləri olduğuna görə həmin xüsusatlar üzrə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə)maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Cinayət işi üzrə ibtidai istintaqın gedişində xarici ölkələrin prokurorluq orqanlarına hüquqi yardım haqqında vəsatətlərin göndərilməsi və beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi nəzərdə tutulur.

Digər xəbərlər
15:20 Anlaşma Memorandumu imzalanıb
10:19 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişdi
10:12 Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan İŞSİZ QALDI
10:09 Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ - "S-400"lərin taleyi ilə bağlı YENİLİK
10:03 Tramp və Bayden həmin sənədi imzaladılar - Kritik hazırlıq başladı
10:00 İsrail-Livan razılaşması: Tərəflər hansı öhdəlikləri götürüblər?
09:57 Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
09:52 Paşinyan KTMT-dən çıxmaq və Rusiya ilə münasibətləri pozmaq fikrindən daşınıb?