“Kasıb yaşamalı deyil? Fəhlə işləyən adam aylıq 300-400 manat maaş alır, o pulla kommunal xərclərini ödəsin, uşağı məktəbə yollasın, ya gündəlik xərclərini qarşılasın?”
Bu sözləri “Yeni Sabah”a açıqlamasında “Pişik Günel” ləqəbilə tanınan müğənni Günel Ələkbərova deyib. İfaçı millət vəkillərinə səslənərək onları sərt tənqid edib:
“Çörəkdən tutmuş, makarona kimi hər şey bahalaşıb, marketlər od tutub yanır. Biz 80-100 milyon əhalisi olan ölkə deyilik ki, çətinliklə yaşayaq, cəmi 10 milyonuq. Düşünürəm ki, bahalıq da insanları qırmağın bir növüdür. Ailə başçıları ailəsinə baxa bilmir, fikirdən, dərddən xəstəlik tapıb ölür. Heç orta təbəqə də dolana bilmir.
Benzin bahalaşır, ərzaq bahalaşır, çörək qalxır, amma belə eləmək olmaz. Milli Məclisdə oturan 125 nəfər nəyi müzakirə edir? Bir az camaatın qayğısına da qalsınlar. Allah insanları yaratmayıb ki, onlar sürünsün, əziyyət çəksinlər. Millət vəkillərini seçiblər ki, camaatın dərdini səsləndirsinlər, bir əlac tapsınlar. Başa düşmürəm, o deputatlar özləri evlərinə bazarlıq etmir? Onlar bahalaşmanın fərqində deyil?! Ola bilər ki, onlar bahalaşmanı hiss etməsinlər, çünki aya 4-5 min manat pul alırlar, bəs heç olmasa, qohumlarında orta təbəqədən olan insanlar yoxdurmu ki, bunu görsünlər? Niyə əhalinin yanında olmurlar? Sonra da deyirlər ki, camaat narkomandır... Camaat nə etsin, gedib dərddən, fikirdən narkotikə qurşanır. Artıq məktəblərdə də uşaqları aldadıb narkotik satırlar. Sizcə, nəyə görə bu əclaflığı, şərəfsizliyi edirlər? Pul qazanmaq üçün. Belə hara gedirik? İntiharlara baxın, görün, nə qədər artıb. Nə etsinlər, insanlar bəzi şeyləri qürurlarına yedirə bilmirlər...”
O, deyib ki, adam bilmir ölkədə nəyin dərdini çəksin: Bahalaşma bir tərəfdən, narkomaniya bir tərəfdən:
“Mən artıq nəyi düşünüm, bilmirəm. Niyə bu qədər çətinlik çəkməliyik? Aylarla ət yeməyən adamlar vardı, hansı ki, makaronla, düyü, qarabaşaqla başlarını qatırdılar. İndi heç onu da ala bilmirlər. Mənim tanıdığım neçə belə ailələr var. Onlara da hər dəfə başqaları kömək edə bilmir. Məsələn, elə özümdən misal çəkim, 3-4 dəfə kömək edirsənsə, növbəti dəfə edə bilmirsən. Özü də bu cür insanların hamısı zəhmətkeşdir. Deyirlər normal iş olsun işləyək, havayı pul istəmirik. Çox acınacaqlı haldır. Yazıq insanlar 300-400 manatla nə etsinlər?
Mən müğənni adamam, amma mən də çətinlik çəkirəm. Normal nə isə edə, kənara pul qoya bilmirəm. Elə “yaxşı olar” deməklə heç nə düzəlmir, bu vəziyyət yaxşı olana da oxşamır. Get-gedə hər şey pis olur. Gərək camaat acından ölsün?! Belə davam edərsə, heç kəs küçədə rahat gəzə bilməyəcək, oğurluq baş alıb gedəcək. Hətta siz qorxun ki, vəziyyət elə həddə gəlib çıxsın ki, kimsə marketdən çıxanda onun ərzaq səbətini götürüb qaçsınlar. Bu, hər kəs üçün təhlükəlidir. Süni bahalaşma nəyə görə olmalıdır?! Vallah, camaat yazıqdır, Allah onları sürünmək üçün yaratmayıb. Biri var ki, qıtlıq olsun, heç nə tapılmasın, camaat ac qalsın. Amma belə deyil, maşallah, hər şey var. Bu gün marketlərdə quş südü belə tapa bilərsən. Amma insanların gözləri görsə də, ala bilmirlər. Camaatın uşaqları var, axı onlar normal qidalanmalıdır. İnsanlar normal qidalana bilmir, ona görə xəstəliklər də artır. Çörəyi qaldırırlar, işığı, qazı qaldırırlar belə şey olar?! Az qala nəfəsi də pulla alırıq...”