Ermənilər ardıcıl olaraq Azərbaycan səfirliklərinə hücumlar təşkil edərək beynəlxalq hüququ pozurlar. Son olaraq sentyabrın 18-də Azərbaycanın Fransadakı səfirliyinə basqın edilib. Hətta bu hadisə səbəbilə Fransanın Azərbaycandakı səfiri Zakari Qross Xarici İşlər Nazirliyinə çağırılıb və Fransadakı radikal erməni qruplarının törətdiyi cinayət səbəbilə XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.
Livandakı səfirliyimizin qarşısında isə analoji təxribat iki dəfə - sentyabrın 16-da və 18-də törədilib.
Bundan öncə avqustun 4-də isə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə “Mehdi xidmətçiləri” (“Xuddam əl-Mehdi”) adlı dini radikal təşkilatın üzvləri hücum çəkmişdilər.
Bütün bunlar “Səfirliklərin təhlükəsizliyində kimlər məsuliyyət daşımalıdır?” sualını ortaya çıxarır.
Xarici ölkələrin Azərbaycandakı səfirliklərinə nəzər salsaq, mühafizəçilərin, demək olar ki, hamısının azərbaycanlı olduğunu görərik. Yəni Bakıda asanlıqla səfirlik binasına daxil olmaq mümkün deyil desək, yanılmarıq. Belə ki, məsul şəxslə görüşənədək siz bir neçə mərhələdən keçməlisiniz. Təcrübədən çıxış edərək bildirməliyəm ki, ilk olaraq giriş qapısında keşik çəkən silahlı mühafizəçiyə yaxınlaşırsan, ona nə üçün gəldiyin barədə tam məlumat verdikdən sonra polisin həmin məlumatı içəriyə ötürməsini gözləyirsən, bu proses 10-15 dəqiqə çəkdikdən sonra qapı açılır və sən rentgen aparatından keçirsən.
Dəmir əşyalarının hamısını və şəxsiyyət vəsiqəni oradakı təhlükəsizlik əməkdaşlarına verirsən. Daha sonra səni müşayiət edən bir nəfərlə binaya yaxınlaşırsan. Burada da bir qədər gözləyirsən, dəvət olunduqdan sonra isə məsul şəxslə görüşmək üçün mühafizəçi ilə birlikdə binaya daxil olursan. Yəni Azərbaycanda ABŞ, Böyük Britaniya, Fransa və digər ölkələrin səfirliklərinin qorunması Azərbaycan polisi tərəfindən ciddi şəkildə həyata keçirilir.
Maraqlıdır, Azərbaycanın həmin ölkələrdəki səfirliklərinə erməni lobbisinin nümayəndələri niyə rahatlıqla daxil olaraq vandalizm aktı törədə bilirlər?
Məsələni Oxu.Az-a şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, səfirlikləri mühafizə etmək vəzifəsi olan polisin məsələyə laqeyd qalması heç də səbəbsiz deyil, bu, Fransanın bizə siyasi mesajıdır: