Əbunəsr Məhəmməd ibn Məhəmməd ibn Tərxan ibn Uzluğ ibn Tərxan Farabi (Əbunəsr Farabi) ət-Türki (bəzi mənbələrdə isə Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Farabi) (təxminən 873 – 950-ci illərdə yaşaması güman olunur) Türk alim, İslam dünyasında peripatetik fəlsəfənin inkişafında mühüm xidmət göstərmiş filosofdur. Elmdə Aristoteldən sonra “İkinci müəllim” (əl-Müəllim əs-sani) fəxri adını qazanmışdır.
Həyatı
Əbunəsr Farabi Sır-Dərya çayı üzərindəki Farab şəhərində türk qəbiləsində hərbçi ailəsində doğulmuşdur. Farabi irsinin görkəmli tədqiqatçısı, fəlsəfə elmləri doktoru, professor Müzəffər Xəyrullayev filosofun doğum tarixinin müxtəlif tədqiqatlarda 870-ci il göstərildiyini bildirdirsə də, həmin tarixin 873-cü il kimi yazılmasını daha düzgün hesab etmişdir. Tədqiqatçı onun 885-895 illərdə Buxarada, Səmərqənddə təhsil aldığını, 910-911 illərdə Bağdada getdiyini göstərmişdir.
Zakir Məmmədov “Bəhmənyarın fəlsəfəsi” kitabında yazır ki, Əbunəsr Farabi Bağdad da Əbubişr Məttə ibn Yunisin məclisində iştirak etmiş, ondan dərs almışdır. Farabi sonra Hərran şəhərinə getmiş, orada xristian filosofu Yuhənna ibn Həylanın yanında məntiqin incəliklərinə yiyələnmişdir.
Professor M.Xəyrullayev Farabinin 941-ci ildə Dəməşqə getdiyini, 949-950 illərdə isə Misirə səfər etdiyini bildirmişdir.
M.Xəyrullayev Farabinin 950-ci ildə noyabr, yaxud dekabr ayında Dəməşqdə vəfat etdiyini yazmışdır.
Elmi yaradıcılığı
Əl Farabi Qazaxıstanın 5000-lik pul əsginazı üzərində
Farabi riyaziyyat, fəlsəfə, tibb və musiqi elmlərinə misiliz töhfələr bəxş etmiş, Aristotelin əsərlərinə yazdığı şərhlərlə məşhurlaşmışdır. Farabi İslam dünyasını Yunan fəlsəfəsi ilə tanış etmiş ilk alimlərdən olmuşdur. Farabi məntiqi “təxəyyül” və “sübut” olmaqla iki kateqoriyaya ayırmışdır. Yazdığı “Kitabi əl-Musiqə əl-kəbr” (Musiqi haqqında böyük kitab) əsəri ilə musiqiçünaslığın inkişafına təkan vermişdir. Bir neçə musiqi alətində ifa etmiş və bir neçəsini də özü ixtira etmişdir. Müasir ərəb musiqisində istifadə olunan səs sistemini məhz Farabi işləyib hazırlamışdır (Touma 1996, p.170).
AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov Əbunəsr Farabinin yaradıcılığını iki istiqamətdə apardığını bildirmişdir: 1) öz sələflərinin kitablarına yazmış; 2) yeni əsərlər qələmə almışdır.
Alimin məşhur əsərlərindən biri “Fəzilətli şəhər əhlinin baxışları” adlı kitabıdır. Bu əsərində “İdeal dövlət” konsepsiyasını irəli sürmüşdür. Farabi həmçinin fizikada boşluqların varlığı və onlarin təbiəti haqqında fikir söyləmiş ilk tədqiqatçılardan biri hesab olunur.
Farabinin əsərləri bir neçə əsr müddətində dünya elm və fəlsəfəsinin inkişaf istiqamətini müəyyənləşdirmiş, Şərqdə, sonralar isə Qərbdə bir neçə yüz illiklər ərzində masaüstü dərslik kitabları olmuşdur (Füsus əl-Hikam). Dövrümüzə qədər 117 kitabı gəlib çıxmışdır ki, bunalardan 43-ü məntiq, 11-i metafizika, 7-si əxlaq, 7-si siyasi elmlər, 17-si musiqi, tibb və sosiologiya aiddir. 11 əsərə isə şərh yazmışdır.
AMEA-nın müxbir üzvü Zakir Məmmədov yazır ki, üç mühüm elmi-fəlsəfi təlimdən birini – Şərq peripatetizmini türk filosofu Əbunəsr Farabi, digər ikisini – panteizmi və işraqiliyi Azərbaycan filosoflarından Eynəlqüzat Miyanəci (1099-1131) və Şihabəddin Yəhya Sührəvərdi (1154-1191) yaratmışlar.
Aristoteldən sonra bütün dövrlərin və xalqların ən böyük filosofu sayılır. Farabi Şərqin İbn Sina və İbn Rüşd kimi dühalarının formalaşmasına birbaşa təsir göstərmişdir.
Əsas elmi əsərləri
“Ara əhl əl-Mədinət əl-fadilə” (Fəzilətli şəhər əhlinin baxışları)
“Risalə fil-əql” (Zəkaya dair risalə)
“Kitab əl-hüruf” (Hərflər haqqında kitab)
“Kitab ihsa` əl`-ülum” (Elmlərin siyahıya alınmasına dair)
“Kitab əl-musiqi əl-kəbr”
“Fi ma yənbəği ən yüqəddimə qəblə təəllüm əl-fəlsəfə” (Fəlsəfəni öyrənməkdən əvvəl nəyin müqəddimə verilməsi haqqında)
“Təhsil əs-səadə” (Xoşbəxtlik qazanma)