Qarabağdan qanunsuz erməni silahlılarının çıxarılması məsələsi heç vaxt olmadığı qədər, bütün ciddiliyi ilə gündəmə gəlib. Ötən həftə, 2022-ci ilin 6 ayın yekununa həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə məxsusi toxundu. Azərbaycanın öz imzasına sadiq qaldığı halda, erməni tərəfi və Rusiya liderindən 10 noyabr kapitulyasiya aktına münasibətdə eyni münasibət görmədiyini təəssüflə vurğuladı.
Ən önəmlisi, İlham Əliyev sənədin bu haqda olan müvafiq 4-cü bəndinin indiyədək icrasız qalmasının məsuliyyətini açıq şəkildə və haqlı olaraq, əsasən Rusiyanın üzərinə qoydu. Həm də yetərincə sərt formada. Ona görə ki, Ermənistanın şəriksiz yiyəsi hələ ki, Rusiyadır. Prezidentin sözlərindən o da məlum oldu ki, Rusiya tərəfi hətta vəd veribmiş ki, uzağı bu ilin iyun ayınadək erməni hərbi hissələri Qarabağdan çıxarılacaq. Amma vəd yerinə yetirilməyib.
Prezidentin məlum fikirlərini əlbəttə ki, sadəcə, giley-güzar saymaq yanlış olardı. Bu, həm də konkret narazılıq və Bakının səbir kasasının dolmaq üzrə olması barədə Kremlə bəlkə də axırıncı xəbərdarlıq idi. Yəni “nəyi, nə zaman edəcəyini yaxşı bilən” Azərbaycan lideri bununla həm Moskvaya, həm də onun satellitinə aydın bir mesaj göndərdi ki, mövcud vəziyyətə - Rusiya və Ermənistanın xüsusən də 4-cü bəndə laqeyd yanaşmasına Azərbaycan uzun müddət seyrçi qalmayacaq. Qalması mümkünsüz.
*****
Başqa sözlə, Rusiya qanunsuz silahlı dəstələri ərazimizdən çıxarmasa, bu işi Azərbaycan Ordusu görəcək. Daha doğrusu, onu kiçik bir hissəsi. Ola bilsin heç xüsusi təyinatlılara, komanda qüvvələrinə ehtiyac da olmasın.
“Qarabağdakı bütün qanunsuz erməni silahlı dəstələrin dislokasiya yerləri məlumdur. Azərbaycanın Ermənistan silahlı qüvvələrinin ərazimizdəki qalıqlarına hətta birbaşa təmas olmadan, pilotsuz təyyarələr və ya digər hərbi vasitələrlə dəqiq və çox ağrılı zərbələr endirmək imkanı var”.
DİA.AZ-ın məlumatına görə, bunu Minval.az-a müsahibəsində politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
Politoloqun qənaətincə, Prezident Əliyevin sözləri publik xəbərdarlıq kimi qəbul edilməlidir. Onun əminliyinə görə, bu, həm Ermənistana, həm də Qarabağdakı Rusiya sülhməramlılarının komandanlığına ünvanlanıb.
“Üçtərəfli bəyanat var, həmin sənədə görə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisində qala bilməz. Fərqi yoxdur, ora çağırışla göndərilən ermənilər olsun, ya da Ermənistan Müdafiə Nazirliyinin vəsaiti hesabına əraziyə cəlb edilmiş müqaviləli hərbçilər. Ermənistandan olsun, ya da yerli Qarabağ erməniləri arasından. Bunun da fərqi yoxdur. Bütün hallarda bu, Ermənistan silahlı dəstələrinin ərazimizdə qanunsuz mövcudluğu anlamındadır”, - deyə ekspert qeyd edib.
Musabəyov bir daha Prezidentin xəbərdarlığının publik xarakterli olmasına diqqət yönəldib: “Bu o deməkdir ki, əgər xəbərdarlıq eşidilməzsə və yaxud lazımınca qəbul olunmazsa, Azərbaycanın Ermənistan qüvvələrinin ərazimizdə mövcudluğunun qəbuledilməzliyini göstərmək imkanına, həm də güc tətbiqi ilə göstərmək imkanına malikdir. Onların bütün dislokasiya yerləri məlumdur. Azərbaycanın Ermənistan silahlı dəstələrinin ərazimizdəki qalıqlarına hətta birbaşa təmas olmadan, PUA-lar və ya digər hərbi vasitələrlə dəqiq və çox ağrılı zərbələr endirmək imkanındadır. Çətin ki, bu, regionda sülhü və uzunmüddətli sabitliyi yaxınlaşdırsın. Ona görə də inanmaq istərdim ki, həm Rusiya hərbi komandanlığı, həm də Ermənistanın siyasi-hərbi rəhbərliyi özləri üçün müvafiq nəticələr çıxaracaqlar”.
*****
Ən əvvəl isə erməni tərəfi, Paşinyan komandası ağlını başına yığmalı və unutmamalıdır ki, 10 noyabr sənədi hansısa “JEK arayışı” deyil, Ermənistanın konkret hüququ öhdəliklərinin əks olunduğu kapitulyasiya aktıdır. Könül məsələsi deyil, məcburi sənəddir. Yəni onun hansısa bəndindən imtina, yaxud bəndlərin təftiş edilməsi avtomatik şəkildə müharibənin qaldığı yerdən davam eləməsi anlamına gələcək.
Bu gerçəyi Nikol Paşinyanın Azərbaycanla imzaladığı bütün sənədlərin qeyri-legitim elan eləməyə hazırlaşan Ermənistandakı Rusiyaya bağlı radikal-revanşist müxalifət də qulağında sırğa eləsə, yaxşı olar. Köhnə əyyamlara şəkləri getməsin.
Amma diqqət edin, az öncə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Saak Saakyan bəyanat verdi ki, Qarabağa çağırışçılar əvəzinə muzdlu hərbçilər göndərəcək. Bugünlərdə isə Paşinyan məhz qarabağlı Edvard Asryanı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edib. Nə demək bu? Ermənistan Azərbaycana əlcəkmi atır?..
*****
İrəvanın sülhdən qaçdığı və əslində altdan-altdan müharibəyə hazırlaşdığına dair daha dəlil-sübut.
İyulun 16-da Tiflisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ilk dəfə birbaşa görüş olub. Lakin Mirzoyan bu görüşdə də köhnə havanı çalıb. Ermənistan XİN-in yaydığı məlumata görə, o, görüşdə “Qarabağ konfliktinin həlli zəruriliyi”ndən danışıb və üstəlik, “Dağlıq Qarabağ probleminin həllində Minsk Qrupu həmsədrliyi institutunun təcrübəsindən istifadənin vacibliyini” vurğulayıb.
Hansı “Dağlıq Qarabağ problemi”, hansı “Minsk Qrupu”? Aydındır ki, bu, təkcə Mirzoyanın yox, ümumən Paşinyan komandasının mövqeyidir.
Yaxud belə bir fakt: “Past” erməni qəzeti “artsax”dakı mənbələrinə istinadən yazıb ki, separatçılar dekabrda “konstitusiya”ya dəyişikliklərlə bağlı “referendum” keçirməyi planlaşdırır. Məlumata görə, dəyişikliyə məruz qalan əsas məsələlərdən biri “prezident seçkiləri”nin proseduru ilə bağlıdır. Yəni yenə seçki şousu, Azərbaycan dövlətinə, onun suverenliyi və ərazi bütövlüyünə qarşı de-marş.
Beləcə, rəsmi İrəvan Azərbaycana ərazi iddiasını hər addımda həyasızcasına büruzə verir. Əlbəttə ki, Rusiya “sülhməramlı” kontingentə güvənərək. Demək ki, “dəmir qapaz” üçün darıxıblar.
*****
Bu yerdə yada salaq: XİN başçılarının görüş anonsunu verən İlham Əliyev Tiflis danışıqlarından bir gün qabaq belə bir fikir söyləmişdi ki, nazirlərin görüşündən sonra Azərbaycanın hansı addımlar atacağı məlum olacaq.
Yəqin ki, bu addımları çox gözləmək lazım gəlməyəcək. Ermənistanın məğlub tərəf olduğunu ona əyani xatırlamağın vaxtı çatıb. Özü də təkcə bəyanatla yox. Azərbaycan artıq bir daha əmin olmaqdadlr ki, “dua ilə donuz darıdan çıxmayacaq...”
“Yeni Müsavat”