Obyektini geri almaq üçün efirdə pul yığmaq xəbərləri ilə gündəmdən düşməyən müğənni Elza Seyidcahan bu gün olayla bağlı daha bir açıqlama verib, efirdə topladığı pulların aqibətindən danışıb, yenə şəhid ailəsinin adını hallandırıb.
Qeyd edək ki, Əməkdar artistin son olaraq şəhid atasından oğlunun “qan pulu”nu qəbul etməsi günlərlə müzakirə olundu.
Belə ki, E.Seyidcahanın anası ona məxsus olan obyekti keçmiş polis əməkdaşı, hazırda həbsdə olan Fərid Azayev və qardaşı Faiq Azayevə icarəyə verib.
Lakin onlar icarə üçün müqavilə imzalamaqdan boyun qaçırıblar. Bir müddət sonra Əməkdar artist sözügedən obyekti geri almaq istəsə də, qarşı tərəf onları təhdid edib, həmin məkanın özlərinə aid olduğunu iddia edib. Ali Məhkəmənin qərarı ilə öz mülkünə sahiblənmək üçün 63 min manat ödəməli olan sənətçi bir sıra verilişlərə qatılaraq, xalqdan yardım istəyib.
Son olaraq “Səni axtarıram” proqramına qatılan Seyidcahan bildirib ki, lazım olan məbləğin ödənməsi üçün səkkiz min manata ehtiyacı var. Verilişin aparıcısı Xoşqədəm Hidəyətqızı bir şəhid atasının ona məktub və məktubun içində pul göndərdiyini açıqlayıb. Təəccüblənən Elza məktubu oxumaq üçün kulis arxasına keçib. Geri qayıtdıqda isə verilişlə sağollaşaraq, ona yardım edənlərə təşəkkürünü bildirib.
Seyidcahanın şəhid atasının yardımını qəbul etməsi bir çoxlarını qəzəbləndirib.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən sosioloq, jurnalist Lalə Mehralı bu addımı şəhidin ruhuna hörmətsizlik adlandırıb:
“Şəhidin qan pulunu kefindən efirdə pul yığmağa çıxan və milyonları olan bir müğənniyə vermək düzgün deyil, ən azından, şəhidin ruhuna hörmətsizlikdir. Əgər ailə, şəhid atası o pulu xərcləmək istəmirsə, ehtiyacı olan və sağalmasına böyük miqdarda pul tələb olunan xəstələrə verə bilərdi, oxumaq istəyən gəncləri oxuda bilərdi. Efirdə Elza Seyidcahana məktub göndərib içinə pul qoymaq və “borcunu mən bağlayacam” vədi vermək, məncə, tamaşaçıya, minlərlə xəstə uşağa qarşı hörmətsizlikdir. Düzdür, şəhid atası olduğu üçün çox sərt nəsə deyə bilmirik. Çünki o, dağ boyda oğul itirib. Mən elə başa düşürəm ki, Seyidcahanın efirdə pul yığmasına narazılıq ifadəsi olaraq göndərib o pulu.
Kanal rəhbərliyi, verilişin yaradıcı heyəti o müğənninin efirə çıxıb insanlara müraciət etməsinin qarşısını almalı idilər. Elza Seyidcahanın kifayət qədər var-dövləti, evi, maşını, daşınmaz əmlakları var. Amma insanların mərhəmətindən istifadə edərək son qəpiyinə qədər sümürmək ədalətsizlikdir.
Həmin verilişdə mətbuatı təmsil edən həmkarım Seyidcahandan soruşur ki, axı sizin özünüzün yaxşı imkanınız var, övladınız öz maşınını satıb sizin borcunuzu bağlaya bilər, niyə pul yığırsınız? Cavabında deyir ki, mən heç vaxt imkan vermərəm ki, mənim borcumu övladım əmlak, mülk, maşın sataraq bağlasın. İnsanlara bir növ hörmətsizlik etdi bu cavabı ilə. Yəni mənim var-dövlətim əslində yerindədir, istəsəm, bir maşın satıb, borcumu bağlaya bilərəm, lakin bunu etmirəm, öz mülkümə qıymıram. Borcumu bağlamağı xalqdan gözləyirəm.
Bütün bunlardan sonra əgər onun hesabına pul göndərən olubsa, mən bu vəziyyətdə o pul göndərənləri də şiddətlə qınayıram. Əgər sizin artıq pulunuz varsa, Onkologiya Mərkəzində xəstəliklə savaşan körpələr var, onların hesabına göndərin, imkansızlıqdan oxumaqdan imtina edən gənclərimiz var, onlara kömək edin. Onlar bu ölkənin gələcəyi üçün nəsə edəcəklər, nəsə etmək potensialındadırlar”.