hemle

TƏNHA AĞAC, TƏNHA MƏZAR! Səhid məzarlar üstə analar yanar ağlar...

Tarix:28-04-2022, 08:41
Baxış Sayı:404


Şəhidlərə həsr olunmuş bir tədbirdə görmüşdüm qara paltarlı, ag saçlı, qucağında oglunun portretini tutaraq səssizcə göz yaşlarını axıdan bu nurani qadını. Səssizliyi ilə, bitib-tükənməyən kədəri ilə diqqətimi cəlb etmişdi, sonsuz kədəri əks etdirən kədərli baxışları düz qəlbimə sancılmışdı. Yaxınlaşmağa cəsarət etməmişdim. Bir kənardan seyr edirdim. Handan-hana ona yaxınlaşıb “Allah səbr versin”, - dedim. Pıçıltılı səslə ciyərparasını anlatmaga başladı. Mən Fizulinin hekayəsini Sevda ananın kəsik-kəsik, hıçqırıqlı səsiylə dinlədim. Dinlədikcə də qəlbim param-parça oldu, göz yaşlarımı saxlaya bilmədim. Onun qəhrəmanlığını tarixiləşdirməyi isə özümün bir yazar və həm də vətəndaş olaraq vicdan borcum sandım.
Salahov Fizuli Süleyman oğlu 1978-ci il aprelin 28-də Şabran rayonunun Gəndov kəndində anadan olub. Məktəb illərində dərslərini yaxşı olmaqla yanaşı, fiziki sağlamlığına da ciddi fikir verir, müntəzəm olaraq idmanla məşğul olurdu. Gələcək yolunu da qismən müəyyənləşdirmişdi. İdman müəllimi olacaqdı. Sevda ananın dedikləri: İdman üzrə ali təhsil almaq istəyirdi. Bakıya getdi. Amma sənədlərini unudaraq evdə qoymuşdu. Təlaşla zəng etdi evə. Bakıya gələn avtobus sürücülərindən birinə verin sənədlərimi mənə çatdırsın, - dedi. Elə də etdik. Amma yenə də alınmadı. Çünki sənəd qəbulu saat 5-dək davam edirdi. Balam yetişdirə bilmədi özünü. Evə dönəndə çox pərişan idi. Qolu-qanadı qırılmışdı elə bil. Bir müddət fikirli-fikirli gəzdikdən sonra qərarını açıqladı. Ana can mən hərbçi olmağı qərara aldım. Özümü bu peşədə görürürəm. Bundan sonrakı həyatımı Vətənə xidmətə, torpaqlarımızın müdafiəsinə həsr etmək istəyirəm. Nə deyə bilərdim. Onsuz da Fizulini qərarından döndərmək mümkünsüz idi. Bunu bilirdim. Mənə ancaq ona bu işində xeyir-dua verərək uğurlar arzulamaq qalırdı.
Fizuli hərbçi olmaq məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində oxumağa başlayır. Gizir kimi məktəbi bitirir. 2003-cü ildə Milli Ordunun Ağdam rayonundakı Quru Qoşunlarında xidmətə başlayır. O gündən onun ikinci ailəsi qulluq etdiyi hərbi hissə olur. Ata-anasından, bacı-qardaşlarından uzaq hərbçi həyatında silahdaşları onun ən yaxını və doğmasına çevrilirlər. Fizuli elə ilk günlərdən yüksək məsuliyyət hissi və nizam-intizamı ilə hərbçi yoldaşları arasında seçilməyə başlayır. Daha sonra o, cəbhənin Füzuli, Ağdam, Tərtər istiqamətlərində xidmətini davam etdirir və düşmənin təxribatlarının qarşısını almaqdan ötrü gecəli-gündüzlü ayıq-sayıq torpaqlarımızın keşiyində durur. Vətənə şərəflə qulluq edən baş gizir daim öz cəsarəti və igidliyi ilə seçilir. Komandanlıq tərəfindən verilən ən çətin hərbi tapşırıqları belə qüsursuz, vaxtında, yüksək səviyyədə yerinə yetirir, döyüşçü yoldaşlarına hər sahədə nümunə göstərərək fərqlənə bilirdi. Hərbi xidmətdə fərqləndiyinə görə xidmət müddətində dəfələrlə təltif olunur. Azərbaycan Silahlı Qüvvələrinin baş giziri Fizuli Salahov orduda xidmət etdiyi 20 ilədək bir müddət ərzində dəfələrlə Müdafiə Nazirliyinin və komandanlığın təşəkkürünə layiq görülmüş, mükafatlandırma formasında vaxtından əvvəl məzuniyyətə buraxılmış, maddi yardımlar, qiymətli hədiyyələr almışdır. Fizuli həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008), Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley medalları ilə təltif edilmişdir, Çox qürurverici haldır ki, F.Salahova “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev cəbhə bölgəsinə səfəri zamanı Ağdam bölgəsində şəxsən təqdim etmişdir. Fizuli həqiqətən döyüş yoldaşları arasında seçilənlərdən idi. Bunu istər komandanlıq, istərsə də, zabit və hərbçi yoldaşları yaxşı bilirdilər.
F.Salahov 2016-cı ilin aprel döyüşlərinin də fəal iştirakçısı olmuş, şəxsi şücaəti və hərbi səriştəsi, qorxmazlığı, igidliyi ilə komandanlığın və silahdaşlarının rəğbət və hörmətini qazanmışdır. Sevda ana deyir: Aprel döyüşləri zamanı Fizuli Qusarda xidmət edirdi. Amma savaş başlar-başlamaz ön cəbhəyə yollandılar. Hərbi maşın karvanı gözlərimiz önündən keçərək savaş meydanına tələsirdi. Fizuli ilə bərabər maşın dolu əsgərlər bizə əl edirdilər, xeyir-duamızı istəyirdilər. Getdilər və qəhrəmancasına vuruşdular. Cocuq Mərcanlının azad edilməsində, Fizuli və silahdaşları misilsiz şücaətlər göstərmişlər.
Sevda ana davam edir: İşi ilə əlaqədar evə şox gec-gec gələrdi. Gələndə də bir-neçə saatlıq yanımızda olardı. Aprel döyüşlərindən sonra evə elə bir halda gəlmişdi ki, ürəyim param-parça oldu. Günəşdən yanmış üzü, qabarlı əlləri, suluqlanmış ayaqları, yorğun görkəmi. Anayam, dözə bilmirdim halına, ay oğul özünə diqqət elə, səni bu görkəmdə görmək mənə çox ağır gəlir, - dedim. Gileyimi dinləyəndən sonra ilk dəfə mənə iradını bildirdi: “Ay ana oğlun sağ-salamat qarşındadı. Min dəfə şükür eləmək lazımdı Allaha. Döyüş meydanında gözümüz qarşısında şəhid olmuş, bədənləri hissələrə bölünmüş, əlini, ayağını, gözünü, başqa bədən üzvlərini itirmiş döyüşçü yoldaşlarım gözlərim önündən getmir. Beş dəqiqə bundan əvvəl səninlə çiyin-çiyinə düşmənə qarşı vuruşan silahdaşın gözlərinin önündəcə can verir, kömək edə bilmirsən. Çox ağır səhnələrə şahid olduq. Mən özümə gələ bilmərəm uzun müddət. Erməni quldurlarından yoldaşlarımın qisasını almayınca mənə dinclik yoxdu. Allah möhlət versin düşməndən intiqamımızı ala bilək. Yalnız o zaman qismən də olsa rahatlana bilərəm”.
Oğlum hər zaman bu fikri təkrarlayırdı: “Mən elim üçün, millətim üçün vuruşmağa gedirəm. Ya qalib olacağıq, ya da şəhid. Əgər şəhid olaramsa, elimin oğulları sənə oğulluq edəcəklər. Hamı sənin oğlun olacaq, ana”.
Ata-anasının bir sözünü iki etməzdi. Sizin acınızı Allah mənə göstərməsin deyərdi həmişə. Nəinki, bacı-qardaşlarına, tanımadıqlarına belə əl tutar, onların köməyinə yetərdi həmişə. Sevda ana davam edir: “Bir iş arxasınca buyururduq onu. Bəzən o qədər gec qayıdırdi ki... Səbəbini soruşanda deyərdi ki, ay ana, gələrkən gördüm ki, yaşlı bir kişi qarısı və qızıyla tayaya ot vururlar. Çox çətinlik çəkirdilər. Dözmədim, kömək elədim. Yaxudda birinə yer belləməkdə, birinə odun doğramaqda, birinə bostanını suvarmaqda kömək edərdi...” Ali Baş Komandan Ağdamda onu mükafatlandırandan sonra təyinatını Qusara dəyişdirilməsini əmr etmişdi. Fizuli Qusarda az bir müddət xidmət etdi. Bizim ön cəbhədəkilərə kömək etməyimiz gərəkdi. Onların yanında olmalıyıq deyirdi. Belə də etdi. Yenidən ön cəbhəyə, ən qaynar nöqtəyə tələsdi və orada gücünü göstərdi. Ta o zamana qədər ki, düşmənin növbəti təxribatının qarşısını mərdanəliklə alarkən şəhidlik zirvəsinə ucaldı. Ömrünün ən gözəl çağında, 39 yaşında sevdiklərinə bir ömürlük niskil qoyaraq əbədi cənnətinə qovuşdu. Arxasında 12 yaşlı Nihatını, 11 yaşlı Nicatını, ömür-gün yoldaşı Xəyaləni, canından artıq sevdiyi ata-anasını, bacı-qardaşlarını göz yaşlarına boğaraq qoyub getdi.
Fizuli Salahov 2017-ci il dekabrın 13-də cəbhənin Füzuli bölgəsində, Əbdürrəhmanlı kəndində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
Düşmən təxribatının qarşısını alarkən xüsusi şücaət və qəhrəmanlıq nümunəsi göstərərək şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin baş giziri Fizuli Süleyman oğlu Salahov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medalla təltif edilmişdir. Bu medal onun övladları Nihat və Nicata təqdim edilmişdir. Mərasimdə iştirak edən Fizulinin xidmət etdiyi hərbi hissənin komandanlığı, Müdafiə Nazirliyinin əməkdaşları, döyüş yoldaşları, şəhidin atası Süleyman kişi onun keçdiyi şərəfli və gənc nəslə örnək olacaq döyüş yolundan, müsbət xarakterindən danışaraq ruhunu ehtiramla yad etmişlər. Çıxışlarda qəhrəmancasına şəhid olmuş Fizuli Salahovun daim xatirələrdə yaşayacağı, onun nümunəyi həyat yolunun hamıya örnək olduğu bildirilmişdir.
Şəhidin atası Süleyman Salahov oğlu ilə fəxr etdiyini söyləyib. Şəhid atası bildirib ki, hər bir Azərbaycan gənci, Vətən uğrunda döyüşməyə, torpaqlarımızı düşməndən azad etmək üçün silaha sarılmağa, torpaqlarımızın müdafiəsi uğrunda canından belə keçməyə hazır olmalı, keçdikləri qəhrəmanlıq yolu ilə xalqımızın şərəf və qürur tarixini yazmalıdır.
Gəndov kənd qəbristanlığında tənha ağac altındakı məzarda şəhid Fizuli Salavov uyumaqdadır. Ən çox sevdiyi dogma yurdunda, ən çox valeh olduğu güllü-çiçəkli təbiətin qoynunda əbədiyyətə qovuşan gül üzlü şəhidimiz şəhadətin mübarək, nurlar içində yat.
PS: Sevda ana oğlunun itkisiylə bu günədək barışmasa da, acı bir həqiqət, o kasıbyana evinin bir otağında Fizuliyə ayırdığı köşə, oraya topladığı oğlunun şəkilləri, medalları, təşəkkürləri, paltarları və s. onun artıq əbədiyyət qazandığını anlatmaqdadır. Ananın hər gün bu otağa girib saatlarla ağlaya-ağlaya oğluyla dərdləşdiyi bu məkanın hər guşəsi Fizulini xatırladır. Amma ana oğlunun adının, xatirəsinin layiqincə əbədiləşdirilməyindən çox məyusdu. Kənd məktəbinə Fizulinin adının verilməsini istəyir. Həmin məktəbdə bir otağın Fizuliyə həsr olunmuş muzey kimi hazırlanması ona bir az olsun təskinlik verər, acısını xəfiflədərdi. Fizulinin adına tikilməkdə olan bulağın da inşası yarımçıq qalıb. Ananın bu istəklərini gerçəkləşdirmək isə elə də çətin deyil. Ən azından canını Vətən yolunda qurban edən bir igidimiz bunu qanıyla, canıyla haqq etmişdir.
Əntiqə Qonaq, əməkdar jurnalist
hemlemedia.az














Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan