Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi Yığıncağı keçirilib.
AMEA Rəyasət Heyəti Mətbuat Xidmətindən verilən məlumata görə, yığıncaqda AMEA prezidenti, akademik Ramiz Mehdiyev çıxış edib.
O qeyd edib ki, Rəyasət Heyətinin fevral ayının 14-də baş tutan iclasında yaşı ilə əlaqədar vəzifəsini tərk etdiyini və bu məsələ ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edəcəyini bildirib: “Məlum edirəm ki, mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət məktubu göndərərək uzun illər dövlət başçımızın rəhbərliyi ilə Administrasiyanın rəhbəri işlədiyim dövrdə və Akademiyanın prezidenti kimi fəaliyyətimdə mənə göstərdiyi yüksək etimada, diqqət və qayğıya görə dərin minnətdarlığımı bildirmişəm.
Bir məsələni xüsusi demək istərdim. Belə mürəkkəb regionda dövlətə başçılıq etmək böyük əzm, istedad, güclü iradə, yüksək siyasi bacarıq tələb edir. Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun bütün bu ali keyfiyyətləri özündə birləşdirən lideri var. Dərin minnətdarlıq hissi ilə deməyi özümə borc bilirəm ki, həm ulu öndər Heydər Əliyev, həm də hörmətli Prezidentimiz İlham Əliyev mənim əməyimə yüksək qiymət veriblər.
Mən bundan sonrakı həyatımı, bilik və təcrübəmi də Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin daha da inkişaf edib möhkəmləndirilməsinə, habelə elmi fəaliyyətə həsr edəcəyəm”.
Ramiz Mehdiyev çıxışında Akademiyanın dövlətimizin qüdrətinin artırılmasında daha fəal və yaxından iştirak edəcəyinə ümidvar olduğunu bildirib: “Ulu öndər Heydər Əliyevin vaxtında bəyan etdiyi kimi, Akademiyanı qoruyub saxlamaq və daha da inkişaf etdirmək lazımdır”.
Akademiya prezidenti çıxışının sonunda iki il dörd ay ərzində onunla birlikdə çalışmış Rəyasət Heyəti üzvlərinə, elmi-tədqiqat institutlarının kollektivlərinə, aparatın əməkdaşlarına təşəkkür edib.
Daha sonra Nizamnaməyə uyğun olaraq akademik Ramiz Mehdiyevin Akademiya prezidenti vəzifəsindən azad edilməsi ilə bağlı açıq səsvermə keçirilib. Səsvermənin yekunu olaraq Ramiz Mehdiyevin müraciəti qəbul olunub.
Qərar qəbul edildikdən sonra AMEA Nizamnaməsinin 9.6-cı maddəsinə uyğun olaraq Akademiya prezidentinin funksiyalarının icrası birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.
AMEA-nın yeni prezidenti isə növbəti Ümumi yığıncaqda seçiləcək.
***
11:58
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçirilir.
Toplantının gündəliyinə 1 məsələ daxil edilib.
Toplantıda AMEA prezidentinin səlahiyyətlərinin Birinci vitse-prezident Arif Məmməd oğlu Həşimova həvalə olunması məsələsi müzakirə olunur.
AMEA-nın prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyev də yığıncaqda iştirak edir.