"Dövlət başçısının müdrik tövsiyələri rəhbər tutulmaqla prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarında əsaslı struktur və kadr islahatları həyata keçirilərək ədalətli meyarlara və şəffaf prosedurlara əsaslanan mütərəqqi dəyişikliklərin reallaşdırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür".
Bunu Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev "Xəlq qəzeti"nə müsahibəsində bildirib.
"Hərbi prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşdırılması, eləcə də, fəaliyyətinin çevikliyinin və səmərəliliyinin daha da artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar kadr korpusunun formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun yeni strukturu təsdiq olunmuş, Respublika Hərbi prokurorunun əlavə müavini vəzifəsi təsis edilmiş, Kriminalistika şöbəsi ilə İnformasiya-kommunikasiya texnologiyaları şöbəsi birləşdirilərək Kriminalistika və informasiya texnologiyaları idarəsi yaradılmış, bəzi şöbələr ləğv edilərək onların bazasında yeni idarə və şöbələr, o cümlədən, Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsi, Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsi, Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsi və Təşkilat və icraya nəzarət şöbəsi yaradılmışdır", - Hərbi prokuror deyib.
X.Vəliyev əlavə edib ki, sadalananlarla bərabər, prokurorluğun fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində də xeyli işlər görülüb: "O cümlədən idarəçilik, icra və intizam, kadrlarla iş, sənədlərin dövriyyəsi, prosessual rəhbərlik və nəzarət fəaliyyətinin təşkili, həmçinin struktur qurumlarla rayon (şəhər), ərazi hərbi prokurorluqları arasında münasibətlərin nizamlanması kimi ayrı-ayrı sferaların tənzimlənməsini müasir tələblər səviyyəsində təmin edən, eləcə də, quruluş etibarı ilə mükəmməl, müasir tələblərə uyğun, asan başa düşülən və tez qavranılan, praktik cəhətdən səmərəli olan Baş Prokurorluğun və Respublika Hərbi Prokurorluğunun “İşin Təşkili Qaydaları” hazırlanmışdır. Bununla əlaqədar olaraq artıq əhəmiyyətini itirmiş, dövrün tələblərinə cavab verə bilməyən və təcrübədə tətbiqi ciddi çətinliklər yaradan 100-dən çox əmr və normativ xarakterli digər hüquqi sənədlər tam və ya qismən ləğv olunmuşdur".