hemle

Yaxşı, 90-cı illəri başa düşdük: pulsuzluq, Qarabağ problemi... Bəs indi? - İndi dərdimiz nədir?

Tarix:16-09-2021, 18:50
Baxış Sayı:294

Ötən həftə, futbol üzrə 2022-ci ildə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsində Azərbaycan millisi Portuqaliya yığmasını Bakı Olimpia Stadionunda qəbul etdi. Və həmişəki kimi, oyundan sonra sosial şəbəkələrdə millinin oyunçuları lağ obyektinə çevrildi. Səbəb: bu dəfə də yığmamız həmişəki kimi məğlub oldu, amma əvvəlki oyunlardan fərqli olaraq böyük hesabla yox, cəmi 3-0. Bu hesaba ona görə böyük hesablı məğlubiyyət demirik ki, vaxtilə Portuqaliya yığması millimizin qapısından 7 cavabsız top keçirmişdi. Həmin görüş millimizin tarixində “Gimaraynş faciəsi” də adlanır.

Düzdür, deyə bilərik ki, Portuqaliya yığmasını Bakıdan 1 xalla yola saldığımız zaman da olub. Söhbət ötən əsrin sonuncu ilində - 1999-cu il, sentyabrın 4-də, Zaur Tağızadənin qolu nəticəsində hesabın 1-1 bitdiyi oyundan gedir. Təbii ki, bunun adına sensasiya və ya bəxt desək, daha doğru olar. Sensasiya, bəxt olmasaydı, o zaman həmin illərdə millimiz niyə Fransa yığmasından 10 cavabsız top “yemişdi”?! Bir neçə il sonra isə Avropanın ortabab yığmalarından olan Polşa millisindən 8 cavabsız top buraxmışdılar.

Yəni ki, futbolda sensasiya, bəxt amilinin yaşanması ara-sıra olur. Həmin illər millimizin məğlubiyyətlərlə üzləşdiyini hardasa başa düşmək olar. Ölkə müstəqilliyini yeni qazanmışdı, 5 il sürən Birinci Qarabağ müharibəsi yeni bitmişdi, kasıbçılıq idi, əsas sahələrə pul ayırmağa imkan yox idi, o ki qala, futbola. Bir sözlə, dövlətin gözünə futbol görünmürdü. Üç-dörd klub var idi ki, elə onlar da kasıb idi.

Bəs indi? İdman sahəsinə bu qədər pul ayrılır, nəticə isə yoxdur. Yenə də seçmə mərhələlərin qruplarında millimiz sondan birinci pillədən boylanır. Yaxşı, deyək ki, Portuqaliya millisinə uduzmuşuq - hansı ki, bu milli Avropa və dünya çempionatlarının favoritidir, finalları oynayan yığmadır, yəni Portuqaliya futbolu hara, Azərbaycan futbolu hara... Bütün bunlarla razıyam.

Bəs Portuqaliya matçından bir həftə əvvəl oynadığımız, cırtdan ölkələrdən olan Lixtenşteyn yığmasına 2-1 hesablı məğlubiyyət? Azərbaycan Futbol Federasiyası Assosiasiyası (AFFA) bilir ki, qruplar üzrə püşk atılan zaman xarici ölkələrin milliləri Lixtenşteynin adını görəndə sevinclərindən “nəzir” paylayırlar? AFFA-nın Azərbaycan dilində doğru-dürüst danışa bilməyən başbiləni - Baş katibi Elxan Məmmədov bilməmiş deyil ki, Lixtenşteyn millisinə hər zaman yığmalar “6 xal” kimi baxırlar. Bilir, sadəcə başı nəyə qarışıb, onu söyləmək bir qədər çətindir. Bəlkə, “troll” dəstəsini “silahlandırmaqla” məşğuldur? Çünki son vaxtlar AFFA-nın, Elxan müəllimin, uduzan, üzümüzü qara edən millimizin ünvanına sosial şəbəkələrdə tənqid yazan vətəndaşların üzərinə onları “susdurmaq” üçün eyni adamlar təxminən eyni şərhlərlə hücuma keçirlər. Bu, əlbəttə ki, AFFA-nın “troll ordusu” yaratdığı ehtimallarını gücləndirir.

Mütəxəssislər, idman jurnalistləri yığmanın bu vəziyyətdə olmasının səbəbini bir çox amillərdə görürlər. Birincisi, milli çempionatımız “Bakı birinciliyi” səviyyəsinə düşüb, klubların demək olar ki, hamısı Bakınındır, çempionatda paytaxt təmsilçiləri iştirak edir. İkincisi, region klubları, onların bazaları dağılıb. Tovuzun “Turan”, Yevlaxın “Karvan”, Gəncənin “Kəpəz” kimi güclü klubları, zamanında milliyə neçə-neçə istedadlı futbolçular bəxş edib, bundan sonra da edə bilərdi. Təbii, əgər bazaları dağılmamış olsaydı, dağıdılmamış olsaydı.

Üçüncüsü, uşaq futbolunun olmaması yaralı yerimizdir. Uşaq futbolu nə Bakıda, nə bölgələrdə inkişaf edib. Bölgələrdə demək olar, yoxdur. Paytaxtda isə olanlar klubların azyaşlılarıdır ki, onların da böyüyüb yığmada hansı “dubllar etdiyini” görürük. İndiki AFFA rəhbərliyi rəhbərliyə gələn zaman bütün gücü və vəsaiti uşaq futboluna yönləndirsəydi, əminəm ki, indi Lixtenşteyn yığmasını ən azı 3-0 məğlub edə, Portuqaliya yığması ilə başabaş oyun göstərə bilərdik. AFFA rəhbərliyi nə etdi – millinin baş məşqçisi postuna xarici mütəxəssislər gətirdi. Milyonlarla dollar qarşılığında, braziliyalı Torresi, almaniyalı Foksu, xorvatiyalı Prosineçkini, digər xorvat Yurçeviçi... İndiki isə italiyalı De Byazzidir.

Maraqlıdır ki, əcnəbi məşqçilərin hamısı yığma məğlub olanda məsuliyyəti üzərlərinə götürməyib, günahı fiziki və texniki yaxşı olan futbolçumuzun olmamasında görüb. Məsələn, elə Portuqaliya ilə sonuncu oyundan sonra Byazzi müəllim dedi: “Mən sehrbaz deyiləm. Futbolçuların texnikası və fiziki göstəricisi zəifdir”.

Haqlıdır, sehrbaz deyil, nə də ki, özü meydana çıxıb oynayasıdır. Buna yaşı da imkan vermir. Amma “texniki və fiziki göstəricisi yoxdur” nə deməkdir? Onlara texnikanı kim öyrətməlidir, fiziki vəziyyətlərini kim gücləndirməlidir? Texnika, fiziki güc məşqlə olmur? Byazzi müəllim də məşqçi deyil? Məşqçidir və o öyrətməlidir. Amma harası ağrıyır ki? Bir-iki illik milyonlarla dollar müqavilə bağlayır, pulunu alır. Vəssalam. Azərbaycanlılar kimi ekranlar qarşısında, stadionlarda boynu bükük Byazzi müəllim olmur ki...

Maraqlıdır, bu əcnəbi məşqçilərlə də bu cür nəticə əldə olunursa, o zaman bunlar bizim nəyimizə lazımdır? Onsuz da qrupda 1-2 xal toplamağı, məsələn, Vaqif Sadıqov, Şahin Diniyev, lap elə Kamal Quliyevin baş məşqçiliyi ilə millimiz toplaya bilər. Bəlkə də, 1-2 xaldan da çox. Bəs yaxşı, belədirsə, niyə dövlətin büdcəsindən ayrılan pul Foksa, Byazziyə getməlidir? Hələ milliləşdirdiyimiz əcnəbiləri demirik…

Məsələn, bir qolumuz olur, onu da azərbaycanlı vurur. Əgər qolu Mahmudov vurursa, Zubiri neynirik? Ümumiyyətlə, millimizdə niyə əcnəbi olmalıdır? Ağzımızda “milli” deyiriksə, yerli oyunçularımızdan heç bir üstünlüyü olmayan xaricini milliləşdirmək nəyimizə lazımdır?

Suallar çoxdur, lap çox. AFFA isə susur. Elxan müəllim yəqin ki, Azərbaycan dilində səlis danışa bilmədiyi üçün suallara cavab vermir. AFFA-nın rəhbəri Rövnəq müəllim isə… Yox, onun çoxşaxəli fəaliyyətindən yazsaq, uzun olacaq. Yəqin ki, çoxşaxəli işlərindən AFFA-ya vaxt ayıra bilmir.

Mən futbolumuzun düşməni deyiləm. Nə də, bəziləri kimi demirəm, “futbol nəyimizə lazımdır, biryolluq ləğv edək”. Yox, lazımdır. Futbol dünya idmanının şahıdır. Amma belə oyun, qruplarda millimizin autsayder olması üzücüdür. Bir zamanlar AzTV-nin “Futbol da bir dünyadır” adlı proqramı gedirdi. Millimiz, futbolumuz o qədər gülünc vəziyyətdə idi ki, belə bir deyim yaranmışdı: “Futbol da bir dünyadır, amma o dünyada Azərbaycanın yeri yoxdur”. Biz Azərbaycanın futbol dünyasında yeri olmasını istəyirik.

Bu günlərdə Prezident İlham Əliyev yeni gənclər və idman naziri təyin etdi. Ölkə başçısı yeni nazir Fərid Qayıbovu videoformatda qəbul edərkən idmanın inkişafı ilə bağlı bir sıra ciddi tapşırıqlar verdi. Ümid edək ki, Fərid müəllim vəzifəsinin öhdəsindən gələcək, idmanın şahı futbolla bağlı da aidiyyəti qurumlardan hesab istəyəcək.

P.S. Bu günlərdə Razmik Akopcanyan adlı bir erməni jurnalist Ermənistan millisinin Almaniya yığması kimi futbol “divi”nin olduğu qrupda 2-ci sırada qərarlaşması ilə lovğalanıb, bu barədə yazı yazıb. Yazısında Azərbaycan millisi ilə müqayisə aparır və bizim ünvanımıza deyir: “İndi görsünlər ki, alverçi kimdir, döyüşkən kim”. Guya, bunlar “döyüşkəndirlər”. Biz onların “döyüşkənliyini” 44 günlük Vətən müharibəsində gördük. Fərarilərini, siçan deşiyində gizlənən liderlərini, dizi əsən “xüsusi təyinatlı” qocalarını – hamısını gördük. Əlbəttə, Akopcanyan üçün bu qüsurlu, biabırçı müqayisə özü və xalqı üçün xırda təsəllidir. Bunlar da belə bədbəxtdirlər. Buna söz yox. Amma nəyə görə heç olmasa, Lixtenşteyni məğlub edə bilməməklə, gülünc gündə olan ermənilərin gülüş hədəfinə çevrilməliyik? Məncə, AFFA rəhbərliyi, eləcə də yeni nazirimiz bu haqda düşünməlidir. //AYNA.AZ//

Digər xəbərlər
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ
09:52 Bu müəllimlərin maaşı ARTIRILDI - MƏBLƏĞ
09:45 Türkiyədən COP29-a neçə nəfər gəlib? - Nazir AÇIQLADI
09:43 Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal müharibə - Dünya üçün həlledici an
09:40 "Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
09:36 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
09:33 Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR