hemle

Bakı İrəvanı dizə gətirmək üçün çox böyük rıçağa sahiblənir - Ermənistan bilməlidir ki...

Tarix:16-09-2021, 09:07
Baxış Sayı:276

Azərbaycan Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsində yoxlamaları artırıb və sərtləşdirib. Bu da Ermənistanda ciddi narahatlıq yaradıb. İrandan Ermənistana, oradan da Qarabağa keçən iri tonnajlı maşınların İrandan olan sürücülərinin (milliyyətcə azərbaycanlı olduqları deyilir) “AzadlıqRadiosu”na verdikləri açıqlamalar isə ortalığı daha da qarışdırıb. Həm Ermənistan, həm də İran çıxılmaz durumda qalıb.

Bu arada, sentyabrın 14-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri ilə görüşüb. Görüşün əsas mövzusunun İranın Ermənistana şübhəli yüklər daşıması ilə bağlı olduğu istisna edilmir.

Gorus-Qafan dövlətlərarası yolunda Azərbaycanın polis və gömrük işçiləri İrandan gələn təkcə yük maşınları yox, avtobusları da yoxlamağa başlayıb. Bu barədə Ermənistanın Aysor.am nəşri Gorus merinin müavini Karo Köçəryana istinadən məlumat yayıb.

O qeyd edib ki, polis postunun yaxınlığında əhəmiyyətli qüvvələr cəmləşib.

“Azərbaycanlılar erməni maşınlarını saxlamasalar da, dayanmağa da icazə vermirlər. Bizim maşınları buraxırlar və İran nömrələri olan avtomobilləri yoxlamağa başlayırlar ”, - Köçəryan əlavə edib.

Bu proses Azərbaycanın Ermənistan üzərində üstünlüyünü daha da artırır, nəzarət və diqtə imkanlarını daha da genişləndirirmi?

Siyasi analitik Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın hansısa vəzifəli şəxslərinin müxtəlif fikirləri ola bilər: “O cür fikirlər bizim üçün əhəmiyyət daşımır. Erməni tərəfi uzun müddət idi özləri üçün miflər yaratmış və yaratdıqları miflərə inanmışdılar, o miflərlə yaşayırdılar. 30 il idi Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsini zəbt eləmişdilər. Öz aləmlərində hesab edirdilər ki, bu ərazi onların öz torpaqlarıdır və ömürlük belə qalacaq. Amma reallıq belə deyil. 44 günlük müharibədə Azərbaycan Silahlı Qüvvələri Ermənistana yerini göstərdi və Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi Azərbaycan ərazisindən keçir. Bu ərazi beynəlxalq qurumlar, o cümlədən BMT tərəfindən, ATƏT tərəfindən Azərbaycan ərazisi kimi qəbul olunub. Ona görə bu ərazidə Azərbaycanın dövlət qurumları qanunvericilikdən irəli gələn istənilən addımlıarı atmaq hüququna malikdir və bu addımlar atılır, atılacaq. Əgər bu gün başqa dövlətlərin avtomobilləri oradan keçirsə və Azərbaycan müvafiq qurumlarının vəzifə borcudur ki, o avtomobilləri yoxlasın, onlardan rüsum alınsın. Bu vergi növü bütün dünyada, beynəlxalq aləmdə mövcuddur. Azərbaycanın yük avtomobilləri İran ərazisindən Naxçıvana gedərkən İrana o vəsaiti ödəyirlər. İndi İran avtomobillərinin bizim ərazimizdən keçərkən rüsum ödəmələrində də təəccüblü bir şey yoxdur. İran bunu belə qəbul etməlidir”.

Məsələnin sırf Ermənistanla bağlı hissəsinə gəldikdə isə ekspert qeyd etdi ki, Ermənistanı narahat edən Azərbaycandan asılılıqlarının çox böyük ölçüdə artmasıdır: “Ermənistanın ən böyük iqtisadi ticarət dövriyyəsi məhz İranladır. Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsinə Azərbaycanın nəzarət etməsi o deməkdir ki, Ermənistana çox böyük təsir rıçağı Azərbaycanın əlinə keçib. İrəvan fərqindədir ki, Azərbaycanla sülh sazişi bağlamayıblar və məlum səbəblərdən Azərbaycanla Ermənistan arasında gömrük müqaviləsi, gediş-gəliş, kommunikasiyalar mövcud deyil. Bu da o deməkdir ki, Bakı istənilən an Ermənistana öz ərazisindən gediş-gəlişi, avtomobillərin daxil olmasını dayandırmaq hüququna malikdir. Belə bir halın baş verməsi isə o demək olar ki, Ermənistanın İranla iqtisadi əlaqələri iflic vəziyyətinə düşər. Bu vəziyyət isə Ermənistanda onsuz da ağır olan iqtisadi durumu daha da fəlakətli həddə gətirib çıxarar.

Ermənilər İrandan qanunsuz daşımalardan xeyli dərəcədə məhrum olacaqlarını bilirlər. Ermənistan bilməlidir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, sülh sazişi bağlamadıqca vəziyyətləri ağır olaraq qalacaq".

Siyasi şərhçi Araz Aslanlı isə qeyd etdi ki, heç bir ölkə və ya beynəlxalq təşkilat Azərbaycandan “öz ərazisində, sərhədində yoxlama aparma” tələbini edə bilməz. İrandan Ermənistana gedən avtomobillərin Azərbaycan ərazisindən keçməsi şübhəsiz Azərbaycana əlavə üstünlük qazandırır: “Birinci Qarabağ müharibəsinin məlum nəticələri Ermənistana müəyyən rahatlıq və üstünlük qazandırmışdı. Azərbaycan ərazisindən qanunsuz olaraq hər cür məqsədlər üçün istifadə edirdilər. O dövrlərdə bu vəziyyətə etiraz edən qonşu dövlətlər az idi. Yalnız Türkiyə buna etiraz edirdi. Beynəlxalq təşkilatlardan da biz o etirazı görmürdük. Halbuki işğal bahasına əldə olunmuş üstünlüyə etiraz edilməli idi. İndiki halda Azərbaycan öz ərazisinə nəzarəti ələ alıb və üstünlüyümüz tamamilə beynəlxalq hüquqa uyğundur. Bundan kimlərsə narahat ola bilərlər, amma etiraz edə bilməzlər, etirazları üçün heç bir əsas yoxdur. Azərbaycan gömrük keçid qaydaları tətbiq edir və özü də çox yumşaq qaydalar tətbiq edilir. Bu o demək deyil ki, həmişə belə qalacaq. Azərbaycan gələcəkdə sərhəd keçidlərində bütün prosedur qaydaları tətbiq edəcək. Ermənistan Azərbaycanın bu üstünlüyünü qəbul etməlidir. Nəzərə almalıdır ki, gələcəkdə Azərbaycan-Ermənistan münasibətlərində bu reallıq mövcud olacaq. Hər şey bu reallıq üzərində qurulacaq”.

Qeyd edək ki, Gorus-Qafan yolunun 21 kilometri Azərbaycan ərazisindən keçir. Azərbaycan tərəfi sentyabrın 12-dən həmin ərazidə postlar quraraq, İrandan Ermənistana gedən yük maşınlarını yoxlamağa başlayıb. Sovet dövrünün xəritələrinə görə, sözügedən ərazi - Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi Azərbaycanın Zəngilan və Qubadlı rayonlarına aiddir.

Modern.az-ın məlumatına görə, erməni ekspertlər həyəcanla bildiriblər ki, Gorus-Qafan yolunun Azərbaycanın nəzarətində olan hissəsində yaranmış vəziyyət Ermənistan üçün çox ciddi logistik problemlər yaradır.

“AzadlıqRadiosu”nun erməni xidməti xatırladır ki, Qarabağ müharibəsi vaxtı Ermənistana ən böyük yardım İrandan gəlirdi. Ermənistan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun əməkdaşı Armen Manvelyan bildirib ki, Birinci Qarabağ müharibəsindən sonra Gorus-Qafan yolu Ermənistanın ən mühüm yollarından birinə çevrilmişdi. Çünki müharibə vaxtı Ermənistana ən böyük kömək məhz İrandan gəlirdi. Manvelyan vurğulayıb ki, İranla əlaqə Ermənistan üçün enerji təhlükəsizliyi baxımından mühümdür. Ekspert qeyd edib ki, hər il İran-Ermənistan sərhədini 25 min avtomobil keçir: “Bu bizə həm də maliyyə baxımından əlverişlidir, çünki onlar bizə kifayət qədər böyük pullar ödəyirlər. Bu, böyük məbləğdə gəlir gətirir. İndi biz bütün bunlarla, böyük pullarla, bu vasitələrlə əlaqəmizi itirmişik”.

İqtisadçı Suren Parsayanın sözlərinə görə Ermənistanın İranla ticarət mübadiləsi400 milyon dollar təşkil edir: “Bu dövriyyənin 18 faizini əslində yollarla bağlı olmayan təbii qaz təşkil edir. Amma qalan malların dövriyyəsi avtomobil yollarından birbaşa asılıdır. Və əgər bu yol fasiləsiz olaraq işləməsə, malların 80 faizi Ermənistana ya çatmayacaq, ya da böyük gecikmə və əlavə xərclərlə çatacaq”.

İqtisadçı qeyd edir ki, İrandan Ermənistana habelə Asiyadan gələn mallar daşınır.
“Yeni Müsavat”

Digər xəbərlər
19:48 İnfarktı əngəlləməyin sadə yolu....
19:45 Bu şəxslər Türkiyəyə şəxsi maşınlarla gedə bilər
19:43 Hərbçilərimizin düşdüyü qəzada ölənlərin sayı 7-yə çatdı
19:32 Sabah Yasamalda qaz olmayacaq
19:27 Hər 7 gəncdən birində bu problem var: ölümlə nəticələnir
19:25 Putin: "KTMT Qarabağda Ermənistanın tərəfində döyüşməməli idi"
19:22 Parlamentdə U dönüşü: Deputatların "şparqalka"sını kim hazırlayıb?
09:39 Ağız və dişlərə qulluq nə üçün vacibdir?