Son bir ildə hakim Yeni Azərbaycan Partiyasından (YAP) uzaqlaşdırılan şəxslərin sayı kifayət qədərdir. Onların əksəriyyəti korrupsiya cinayətlərinə, bəziləri isə törətdikləri qeyri-etik əməllərə görə partiya üzvlüyündən xaric ediliblər. YAP-dan qovulanlar arasında xeyli tanınmış simalar var.
hemlemedia.az Modern.az-a istinadla son il ərzində YAP-dan uzaqlaşdırılan digər vəzifəli şəxslərlə bağlı məlumatları təqdim edir:
YAP üzvlüyündən xaric edilənlərdən biri deputat Eldəniz Səlimovdur. Polis əməkdaşını döyən deputat dərhal partiya sıralarından kənarlaşdırılıb, ardınca qolu qandallanaraq həbs olunub.
Belə ki, bu il iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən "Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb. Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Baş prokuror Kamran Əliyev "Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” Milli Məclisə təqdimat göndərib. Avqustun 2-də parlamentin İntizam Komissiyasının iclası keçirilib. Komissiya deputat E.Səlimovun toxunulmazlığına xitam verilməsi barədə rəy verib. Avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyası çağırılıb. Sessiyanın iclasında Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ müzakirə olunduqdan sonra səsverməyə çıxarılaraq qəbul edilib. Həmin gün Binəqədi rayon Məhkəməsinin qərarı ilə deputat barədə 3 aylıq həbs-qətimkan tədbiri seçilib. O hazırda Kürdəxanı təcridxanasında saxlanılır.
Partiyadan kənarlaşdırılan tanınmış simalardan biri də Milli Məclisin sabiq deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının keçmiş sədri Hüseynbala Mirələmov olub. O, həmçinin YAP Veteranlar Şurasının üzvlüyündən də çıxarılıb.
Aprelin 21-də sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayılıb. Həmin görüntülərin ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi bildirilir.
Görüntülər yayıldıqdan sonra H.Mirələmov ADNSU-da kafedra müdiri vəzifəsindən, həmçinin YAP üzvülüyündən azad edilib.
YAP-dan çıxarılanlar arasında sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov da var.
Səlim Müslümov korrupsiya əməllərinə görə, bu ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Dövlət Təhülkəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata görə, Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bu il iyunun 7-də Səbail rayon Məhkəməsində S.Müslümovun həbs müddəti uzadılıb.
Səlim Müslümov 1995-ci ildən bəri yüksək vəzifələr tutub.
Ləğv edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sədri Vüqar Səfərli bu yaxınlarda YAP-dan xaric edilib. O, Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov Rayon Təşkilatının sədr müavini vəzifəsindən və partiyanın rayon Siyasi Şurasının üzvlüyündən də kənarlaşdırılıb.
V.Səfərli və "Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Vüqar Səfərli müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumilikdə dövlətə məxsus 18 milyon 500 min manat məbləğində pul vəsaitini mənimsəyib.
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyev partiyadan çıxarılan sabiqlər sırasındadır. O, partiyanın Səbail rayon təşkilatının şura üzvlüyündən xaric olunub.
R.Quliyev korrupsiya əməllərinə görə aprel ayında həbs edilib.
Baş prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair "FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
YAP-dan çıxarılanlar sırasında YAP-ın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov da var. Ötən gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib. İclasda YAP Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun geniş ictimai qınağa səbəb olmuş hərəkəti ilə bağlı məsələ müzakirə olunub.
Beləliklə, YAP Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov qeyri-etik davranışı ilə partiyanın nüfuzuna xələl gətirdiyinə görə partiya sıralarından xaric edilib.
Bundan əlavə, Biləsuvar rayonunun həbsdə olan keçmiş icra başçısı Mahir Quliyev, Ağstafa rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev, Yevlax şəhər İcra Hakimiyyətinin keçmiş rəhbəri Qoca Səmədov, İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev, Kürdəmir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ceyhun Cəfərov məsuliyyətə cəlb olunduqları üçün YAP-ın sıralarından xaric ediliblər.
Sabiq icra başçısı Nizaməddin Quliyev sentyabrın 8-də koronavirusdan dünyasını dəyişib.
Rəsmi məlumata görə, N.Quliyevin bədən hərarətinin 37.1-37.4 dərəcə olması səbəbindən zəruri instrumental müayinələrə cəlb edilib. O cümlədən koronavirus infeksiyasına qarşı testlərdən keçirilib və nəticəsi neqativ olsa belə profilaktik müalicə alıb.
Sentyabrın 7-də N.Quliyev səhhəti qəflətən pisləşdiyindən kompüter tomoqrafiya müayinəsindən keçirilib və ağciyərlərində viral pnevmoniya əlamətləri ("buzlu şüşə") aşkar olunaraq "COVİD-19 infeksiyasına yoluxma" diaqnozu təyin edilib və o, Təcili Tibbi Yardım briqadası tərəfindən Gəncə şəhər modul tipli xəstəxanaya yerləşdirilib.
Aparılan bütün zəruri intensiv müalicə tədbirlərinə baxmayaraq, arterial hipertoniya, xroniki ürək xəstəlikləri, şəkərli diabet və alimentar piylənmədən əziyyət çəkən 1954-cü il təvəllüdlü N.Quliyev orada vəfat edib.