Yeni tədris ilinin ənənəvi qaydada başlaması qaçılmazdır. Məktəblər ona görə açılmalıdır ki, biz bununla yoluxmuş şəxsləri müəyyənləşdirə bilək. Artıq seçimimiz yoxdur. Bu gün müəllimlər arasından koronavirusdan vəfat edənlər var. Şagirdlər arasında yoluxmalar var. Amma maraqlıdır ki, Azərbaycanda 3 aydan çoxdur məktəb yoxdur, tədris prosesi təşkil edilmir.
Bu sözləri təhsil eksperti Kamran Əsədov sentyabrın 15-dən ölkəmizdə əyani təhsilə keçilməsi ilə bağlı fikirlərə aydınlıq gətirərkən deyib.
“Rəqəmlərə nəzər salsaq, görərik ki, tədrisin bərpa olunduğu müddətdə şagirdlər arasında 3 ay ərzində 271 yoluxma halı müşahidə olunmuşdu. 3 aydır məktəblər tətildədir. Lakin şagirdlər arasında evdə virusa yoluxma sayı 500-ü keçib. Müəllimlər arasında ölüm faktları yox həddində idi. Məktəb yoxdur, müəllimlərin ölüm sayı kəskin şəkildə artıb. Deməli, virusa yoluxmaya tədris prosesi təsir göstərmir. Məktəbə getməmək ciddi fəsadlar törədir. Fiziki olaraq izah etsək, tədrisin onlayn qaydada davam etdiyi müddət ərzində şagirdlər arasında 65% görmə problemi ortaya çıxıb. Çünki uzun müddət monitora baxırlar. Şagirdlər arasında skalioz (onurğa sütunu) xəstəliyi, inkişafdan geri qalma, ünsiyyət və kökəlmə problemi yaranıb. 1, 2 və 3-cü sinif şagirdləri arasında yazma bacarıqları 70%-ə qədər azalıb. Pandemiya dünyada 2 milyard insanın təhsilinə təsir etdi. 600 milyon insan isə pandemiya dövründə tamamən təhsil prosesindən kənarda qaldı. Bunlar çox ciddi rəqəmlərdir”, - ekspert bildirib.
K.Əsədov qeyd edib ki, internetə çıxış imkanı hər şagirddə yoxdur, təhsil əlçatan deyil, yoluxanların tədris prosesində iştirakı isə yox dərəcəsindədir:
“1,6 milyon şagirdimiz, 150 min müəllimimiz var. Universitetlərdə 182 min tələbə təhsil alır. Bu qədər insan yoxlanılmadan küçədə rahat gəzir. Məktəbləri açsaq, bu qədər insan hər gün yoxlanılacaq. Virus əlaməti olanlar uzaqlaşdırılacaq. Başqa seçimiz yoxdur. Ölkədə 7 milyondan çox şəxs peyvənd olunub. Bu rəqəm bizi əyani tədris prosesinə qoşulmağa məcbur edir”.