Bir müddət əvvəl mağazaya hücum edərək polis və satıcını təhqir edən cinsi azlıq nümayəndəsi daha bir hadisə törədib.
Sosial şəbəkələrdə Anna Tağıyeva kimi tanınan şəxs bu dəfə məşhur müğənni İradə İbrahimovanın bacısı Nigar İbrahimovaya məxsus “İN Studio” gözəllik mərkəzinə basqın edib.
İ. İbrahimovanın yaydığı görüntülərdən məlum olur ki, sözügedən şəxs mərkəzin əşyalarını sındırır, işçi heyəti və müştəriləri təhqir edir. Onun hansı səbəbdən bu addımı atdığı məlum deyil.
“Qafqazinfo” məsələ ilə bağlı gözəllik mərkəzinin rəhbəri Nigar İbrahimova ilə əlaqə saxlayıb.
İş xanımı qeyd edib ki, həmin şəxs bir ay əvvəl mərkəzin lazer xidmətindən yararlanıb və yüksək səviyyədə yola salınıb. Lakin o, bir ay sonra əsassız iddia ilə mərkəzi dağıtmağa başlayıb:
“Biz hər bir insana hörmətlə yanaşırıq və ayrı-seçkilik etmirik. O, bayırdan telefonla çəkərək salona daxil olub. Özünü idarə edə bilmir, sözlərini sonadək çatdırmırdı. İçəri girərək deyib ki, mənim sinəm səpib. Axı ona sinə ilə əlaqədar bir prosedur olunmayıb. Qışqıraraq deyir ki, müdiriyyət gəlsin, bu obyekt bağlanacaq. Zatən hər şey videoda görünür. Daha sonra mərkəzə ziyan vurmağa başlayır. Güzgü qırılır, güldan atılır, dövlətin kassa aparatı insanların başına tullanılır. Müştərinin qarşısındakı fincanı götürüb yerə çırpır. Xidmət göstərən bir xanım sonunda qalxıb deyir ki, insanların niyə şərəf-ləyaqətini alçaldırsız? Fiziki cəhətdən qollu-budaqlı insandır. Heç kəsin də gücü çatmır ki, bayıra çıxarsın. Salonda ziyalı xanımlar olub, hadisə vaxtı görüblər ki, video da çəkilir, kənara çəkiliblər. Kiminsə ailəsi, övladı var”.