hemle

Apteklərə axın, xəstəxanalar dolur: Operativ Qərargah nəyi gözləyir? - TƏHLÜKƏLİ MƏNZƏRƏ

Tarix:20-08-2021, 08:37
Baxış Sayı:248

Avqustun 18-də Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 4 129 yeni hal aşkar edilib, 20 nəfər vəfat edib. Bu, həm yoluxanların sayına, həm ölüm hallarına görə 2021-ci ildə ilk antirekord hesab oluna bilər.

Vəziyyətin gərginləşməsinə baxmayaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah hələ də sərtləşməyə getməyə tələsmir. Bu, ya vəziyyətin hələ də nəzarətdə olduğu arxayınçılığından doğur, ya da hökumət hələ də qadağalarla bağlı razılaşmaya vara bilmir. Məlumatlar var ki, FHN-in bağlanmış bütün hospitalları yenidən fəaliyyətini bərpa edib. Xəstəliklə bağlı artımı görmək üçün uzağa getmək lazım deyil, şəhər apteklərindəki hədsiz sıxlığı müşahidə etmək kifayətdir. Bir neçə ay əvvəl (əsasən yanvar ayında)- vaksin olunanlar sırasında da xeyli yoluxma vardı. Bu amil üçüncü doza mövzusunu da aktuallaşdırır.

Qeyd edək ki, Bayden administrasiyası amerikalıların çoxuna vaksinasiya tamamlanandan 8 ay sonra gücləndirici (buster) 3-cü dozanın vurulacağını açıqlayıb. İsraildə isə hələ iki həftə öncədən yaşlı əhaliyə buster dozaları vurmağa başlayıblar. Hökumət nəyi gözləyir, hansı addımlar atılmalı, hansı qadağalar tətbiq edilməli, üçüncü dozaya hazırlıq (vaksin) başlayıbmı? Bu və digər suallarla bağlı ekspertlərdən mövqe öyrəndik.

Mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assisenti, həkim-infeksionist Nilufər Məmmədova “Yeni Müsavat”a danışıb: “Düzdür, yoluxma sayı artır, amma qapanmalara, sərt karantin rejiminin tətbiq olunmasına təkcə yoluxma sayı təsir göstərmir. Buna həmçinin ölüm göstəriciləri, xəstəxanaların ağır xəstələrlə dolma göstəriciləri və sairə kimi amillər təsir göstərir. Nəzərə alsaq ki, Azərbaycanda artıq xeyli sayda insan vaksinasiya olunub, iki doza vaksini alıblar. Bunun nəticəsində yoluxma sayı artsa da, ağır xəstəxanaya yerləşdirmə ehtiyacları xəstəxanaları yüklənmiş vəziyyətə hələ gətirib çıxarmayıb. Baxmayaraq ki, rəqəmlər dörd mini keçib, əksər insanlar xəstəliyi yüngül keçirir və ya orta ağırlıqda keçirir. Amma təbii ki, bu rəqəmin daha da yüksələcəyi istisna olunmur. Yoluxma sayı artdıqca ağırlaşan insanların sayının və ölüm göstəricilərin artacağı da istisna olunmur. Bu baxımdan irəliləyən günlərdə yəqin ki, müvafiq qurumlar bu haqda bir nəticəyə, bir qərara gələcəklər.

Xatırlatmaq istəyirəm ki, rəqəmlər yalnız Azərbaycanda yüksəlməyib, yəni Azərbaycandan öncə artıq səhiyyə sistemi güclü inkişaf etmiş ölkələrdə biz yoluxma sayının sürətlə yüksəldiyini görürdük və təxmini olaraq biz proqnozlaşdırırdıq ki, avqust ayının sonuna doğru Azərbaycanda da yoluxma rəqəmləri yüksək hədlərə çatacaq. Yenə də deyirəm, yoluxma rəqəmləri nə qədər yüksələrsə ağırlaşma və ölən xəstələrin sayı da bir o qədər yüksəlir. Bu da dərhal sərt karantin rejimini tələb etmir. Əgər xəstəxanaların bu xəstələri qəbul eləyib stasionar şəraitdə müalicə etmək imkanları yetərlidirsə, nisbətən yüngül karantin rejimləri ilə, yüngül qapanmalarla vəziyyəti kontrol altına almaq mümkündür".

İnfeksionist apteklərdə olan növbələrlə bağlı məsələyə də münasibət bildirib: “Baxmayaraq ki, artıq biz uzun zamandır bu haqda danışırıq ki, evdə özbaşına müalicələr davam edir. Amma yenə də görürük ki, insanlar özbaşına apteklərdən müxtəlif antibiotikləri, antiviral preparatları alıb, ev şəraitində həkim nəzarəti olmadan istifadə eləyirlər. Bu da təbii ki, xəstəxanaya yatan ağır xəstələrin sayına da təsir göstərir. Təəssüf ki, hələ də xəstəliyin simptomları olduğu halda gizlədənlər var. Onlarda xəstəliyin beşinci- onuncu günü arası ağırlaşmalar müşahidə edirik, o zaman artıq ağır vəziyyətdə xəstəxanaya müraciət etdikdə ölüm hallarının qarşısını almaq çətinləşir”.

Həkim vətəndaşlara müraciət edib: “Rəqəmlərin bu yüksək həddə olmasına görə əhalidən xahişimiz odur ki, hökumət sərt karantin qərarı versə də, verməsə də insanlar özləri öz hərəkətlərini məhdudlaşdırsınlar. Ehtiyac olmadıqca qapalı yerlərə kütləvi insanların toplaşdığı məkanlara getməsinlər. Hər bir müəssisədə, hər yerdə - istər açıq, istər qapalı məkanlarda sosial məsafəni gözləsinlər. Maskadan mütləq qapalı məkanlarda istifadə olunsun. Əl gigiyenasından hər zaman istifadə olunsun. Simptomları olan şəxslərdən çox-çox xahiş edirik ki, mütləq şəkildə sahə poliklinikasına müraciət edib, test versinlər. Çünki virus əlamətləri varsa, risk qrupuna aid olanlar hətta öz yaxınlarını belə yoluxdura bilərlər. Covid olub-olmadığına əmin olmadıqca cəmiyyət içinə çıxmasınlar. Biz özümüz də məsuliyyətimizi artırmaqla bu xəstəliyin ciddi şəkildə yayılmasının qarşısını ala bilərik. Eyni zamanda özbaşına dərmanlardan istifadə etməsinlər. Təcrübələrimizdən görürük ki, bundan əvvəlki xəstəliyin yüksəlməsi zamanı istifadə etdiyiniz antibiotiklər, antiviral preparatlar artıq bu ştamda effektsizdir. Biz onu xəstələrə verdikdə heç bir effekt ala bilmirik. Bu da ondan irəli gəlir ki, pasiyentlər gərəkli olduğu-olmadı, bütün hallarda antibiotik istifadə etdiyi üçün davamlı mikroblar, bakteriyalar, viruslar ortaya çıxmağa başlayır. Biz artıq ənənəvi istifadə etdiyimiz preparatlardan effekt ala bilmirik. Bu baxımdan ehtiyacı olan və olmayan hər kəsin antibiotiklərdən istifadə etməməsini tövsiyə edirik”.

Millət vəkili Azər Badamov da mövzu ilə bağlı münasibət bildirib: “Koronavirus infeksiyasına yoluxmaların 4129 nəfərə çatması və vəfat edənlərin sayının 20 nəfərə çatması çox yüksək göstəricidir. İxtisaslaşmış xəstəxanalar tam gücü ilə fəaliyyət göstərirlər. Hələ ki səhiyyəmiz yoluxmaları nəzarət altında saxlaya bilir. Amma yoluxmaların kəskin artmasına baxmayaraq, Operativ Qərargahın yenidən qapanmalara getməməsini düzgün addım hesab edirəm. Birinci ona görə ki, ən çox yoluxmalar toylarda baş verir ki, Məhərrəmlik olduğundan toyların keçirilməsi də dayanıb. Digər tərəfdən, koronavirusa yoluxub reanimasiyalarda yatanların 90 faiz vaksin vurdurmayanlardır. Operativ Qərargah və hökumət çox düzgün olaraq ilk növbədə vaksinləşmənin sürətlənməsinə xidmət edən addımlar atır. Bu çox düzgün yanaşmadır. Çünki vaksin olunmuş şəxslər yoluxsa da xəstəliyi ağır keçirmirlər. Ona görə də vaksinləşmə ilə bağlı qaydaların sərtləşdirilməsini vacib hesab edirəm. Üçüncü doza vaksinin vurulması könüllü xarakter daşıyır. Xüsusilə xəstələrlə sıx təmasda olan sənət sahibləri üçüncü doz vaksinin vurulması ilə bağlı düşünməlidirlər. Mütəxəssislər qeyd edirlər ki, ölkədə əgər hamı vaksinləşsə, koronavirus infeksiyasını insanlar adi qrip xəstəliyi kimi keçirəcəklər. Ona görə də bu gün vaksinləşmənin aparılmasına hər hansı bir alternativ yoxdur. Vaksinləşmənin əhəmiyyəti barəsində insanların maarifləndirilməsi üçün mütəxəssislərin mətbuata çıxışının intensivləşdirilməsinə ehtiyac olduğunu düşünürəm. Televiziya kanallarında həkimlərin iştirak etdiyi verilişlərin sayı artırılmalıdır. Burada əsas məsələnin maarifləndirmə olduğunu düşünürəm”.

Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının Baş katibi Tedros Adanom Qebreisus son brifinq zamanı deyib ki, koronavirusun “Delta” ştamının yayılması dünya ictimaiyyətinin COVİD-19-a qarşı mübarizə üçün gördüyü tədbirləri üstələyir. Onun sözlərinə görə, hər ölkədə ən çox xəstəxanaya yerləşdirilmə və ölüm halları vaksinasiya səviyyəsi az olan, səhiyyə səviyyəsində tədbirlərin cüzi olduğu bölgələrdə baş verir.

Həkim-infeksionist Nicat Əzimli də mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Həqiqətən də son günlər ölkədə xəstə sayı sürətlə artmaqdadır. Buna qarşı mübarizə məqsədilə vaksinasiyada təşviqatın və aktivliyin artırılmasını ən adekvat addım hesab edirəm. Lakin bu, yetərli olmazsa, digər tədbirlərin görülməsi də labüddür. Fikrimcə, hələlik bizdə buster dozadan daha çox, vaksinasiyada iştirak etməmiş əhalinin prosesə cəlb olunması daha aktual olmalıdır. Çünki hazırda vaksin olunmuş insan sayı lazım olandan çox aşağıdır. Sonrakı addım olaraq isə 3-cü doza haqqında düşünmək olar”.

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış