Azərbaycanın parlament nümayəndə heyəti ilk dəfə Şimali Kipr Türk Respublikasına səfər edəcək.
Anadolu Agentliyi xəbər verir ki, Türkiyə parlamentinin Xarici əlaqələr Komissiyasının sədri Akif Çağatay Kılıç Azərbaycan nümayəndə heyətinin bu səfərini tarixi hadisə adlandırıb.
Ankarada Milli Məclisin nümayəndə heyəti ilə görüşü zamanı Kılıç qeyd edib ki, nümayəndə heyətinin Lefkoşaya ilk səfəri bütün dünya üçün vacib mesaj olacaq. O, həmçinin qeyd edib ki, Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” prinsipi əsasında əminliklə gələcəyə baxırlar.
“Türkiyə Azərbaycanın uğurları ilə fəxr edir”, - deyə Akif Çağatay Kılıç vurğulayıb.
Qeyd edək ki, iyulun 15-i Türkiyə Böyük Millət Məclisinin binasında Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikasının parlament nümayəndə heyətləri arasında görüş baş tutacaq.
Bunun ardınca, iyulun 16-sı Azərbaycan nümayəndə heyəti Şimali Kiprə səfər edəcək. Nümayəndə heyətinin Şimali Kiprdə bir sıra tədbirlərdə iştirak edəcəyi gözlənilir.