hemle

2-ci hökumət Ermənistana uğur, bölgəyə sülh gətirəcəkmi? - Paşinyan dilemma ilə üz-üzə

Tarix:2-07-2021, 08:47
Baxış Sayı:263

Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkilərinin yekun nəticələrini bir neçə gün öncə elan edib təsdiqlədi. Seçkinin qalibi olan “Vətəndaş Müqaviləsi” partiyasının rəhbəri, baş nazir əvəzi Nikol Paşinyanın yaxın günlərdə yeni hökuməti formalaşdıracağı gözlənilir.

Artıq Ermənistan mediasının əsas gündəmində məhz bu məsələdir. Hökumətin tərkibində kimlərin təmsil olunacağı barədə ehtimallar, proqnozlar yazılır. Budəfəki hökumətin əvvəlkindən fərqinin kabinetdə ancaq Qərbə bağlı fiqurların deyil, Rusiya ilə yaxın olanların yer alacağı deyilir.

Bəs Nikol Paşinyanın ikinci kabineti Ermənistana uğur, bölgəyə sülh gətirəcəkmi? Hökumət üzvlərinin budəfəki tərkibi necə olacaq?

Əslində Nikol çətin dilemma qarşısındadır: kabinetində rusiyapərəstlərə üstünlük versə, Qərbin qəzəbinə gələcək və ondan maliyyə və siyasi dəstəyi ala bilməyəcək. Qərbçi nazirlər çox olsa, Moskva qəzəblənəcək. O zaman balans necə təmin ediləcək? Azərbaycan üçün necə, Nikolun kabinetində kimlərin olmasının önəmi varmı?

Bu arada erməni mediası yazıb ki, Moskva Ermənistanın xarici işlər naziri postunu baş nazirin müavini Mqer Qriqoryanın tutmasında maraqlıdır. O, həm də Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərin müavinləri səviyyəsində yaradılmış üçlü işçi qrupunun həmsədridir.

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Ermənistanda növbədənkənar seçkilərdə Paşinyanın qələbə əldə etməsi məhz ermənilərin əsasən sülhə səs verməsini göstərdi: “Ermənilər Rusiyayönümlü siyasətçilərə səs vermədilər. Düşünürəm ki, Nikol Paşinyanın hökuməti məhz regionda sülhün və təhlükəsizliyin təmini istiqamətində çalışacaq ki, müəyyən addımlar atsın. Əgər Paşinyan Azərbaycan və Türkiyə ilə sülhün əldə edilməsi istiqamətində proseslərə başlamasa, ermənilər ona qarşı sərt mövqe ortaya qoyacaq. Robert Köçəryan da çalışacaq ki, Paşinyanı mümkün qədər zəiflətsin. Paşinyan məhz sülh və Ermənistanın rifahı naminə sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində sənədlərə imza atacağını da əvvəlcədən elan etmişdi. Ona görə də o, Ermənistanın inkişafını istəyirsə, sülhün tərəfdarı olan şəxsləri hökumət kabinetinə gətirməlidir. Məncə, o, çalışacaq əsasən qərbpərəstlərdən ibarət hökumət formalaşdırsın.

Əslində əvvəlki hökumətin tərkibinə baxdıqda onlar sabotajla məşğul olublar. Ara Ayvazyan, Onik Qasparyan və digərləri Rusiyanın təlimatı ilə hərəkət ediblər. Ona görə də Paşinyan Moskvadan təpkilərə baxmayaraq çalışacaq ki, özünə sadiqləri postlara gətirsin. Təbii ki, Rusiya güc nazirliklərinin Moskvanın istəyi ilə formalaşmasına çalışacaq. Ola bilər ki, Paşinyan manevr etsin. Amma sonucda Rusiyaya bağlı şəxsləri hökumətdə saxlamamaq xəttini seçəcək. Ümumiyyətlə, Paşinyan ola bilər ki, aralıq hökumət formalaşdırsın, burada balansı qoruyub saxlasın. Amma bir müddət sonra bundan imtina edəcək. Çünki yaxşı bilir ki, balans hökuməti ilə siyasətini apara bilməyəcək. Bu, onun hakimiyyəti üçün təhlükəlidir. Çalışacaq ki, Qərbin adamlarını hökumətdə bir müddətdən sonra daha çevik şəkildə yerləşdirsin.

Təbii ki, Azərbaycan üçün Paşinyanın hökumət kabineti Köçəryanın kabinetindən daha uyğundur. Paşinyanın strategiyası Ermənistanı blokadadan çıxarmaqdır. Blokada isə ancaq Azərbaycanla sülh müqaviləsindən sonra qaldırıla bilər".

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, Ermənistan hərtərəfli ağır durumdadır, siyasi böhrandan çıxa bilmir: “Hətta indi hökumət formalaşdıra bilsə də, nizamlı bir işə başlaması çətin olacaq. Böyük ehtimalla vaxtaşırı istefalar baş verəcək. Sizin dediyiniz məsələ, yəni Qərblə Rusiya arasında balansın gözlənilməsi çox çətin olacaq. Həlledici postlar var ki, Qərb və Rusiya orada öz adamını görmək istəyəcək. Bu, ilk növbədə diplomatik korpusa və güc strukturlarına aiddir. Müdafiə Nazirliyi ilə bağlı Xocalı qatili Samvel Babayanın bu quruma rəhbər gətiriləcəyi barədə söhbət gedir. Bu yaramaz qatı rusiyapərəst mövqedədir, revanşist iddialarla çıxış edir. Xarici işlər naziri postuna Mqer Qriqoryanın namizədliyi kompromis fiqur kimi qəbul oluna bilər. O, Paşinyanın xəttinə xidmət edir, eyni zamanda Rusiyanın da qəbul edə biləcəyi şəxslərdən biri sayıla bilər. Onun üçtərəfli Moskva danışıqlarında Ermənistanı təmsil etməsi təsadüfi deyil, Rusiyanın himayəsi altında gedən danışıqlarda fərqli adamın iştirakı mümkünsüz olardı. Ona görə də onun xarici işlər naziri gətirilməsi məntiqli olardı. Bir məsələ də var ki, kabinetdə vəzifələri kimlərin tutmasının o qədər də ciddi əhəmiyyəti yoxdur. Əsas siyasəti Nikol Paşinyan aparacaq. Kabinet üzvlərinin onun siyasi xəttinə əməl edəcək şəxslərdən ibarət olması vacibdir ki, istənilən qərar həyata keçirilsin. Paşinyan Azərbaycan, Türkiyə, Rusiya razılaşmasına uyğun hərəkət etməlidir. Onun başqa yolu yoxdur, kabineti də buna xidmət edəcək. Belə demək mümkündürsə, Nikol Paşinyanın hökumət kabineti təkcə Rusiyanın deyil, həm də Azərbaycan və Türkiyənin istəklərinə uyğun kabinet olacaq”.
“Yeni Müsavat”

Digər xəbərlər
15:20 Anlaşma Memorandumu imzalanıb
10:19 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişdi
10:12 Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan İŞSİZ QALDI
10:09 Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ - "S-400"lərin taleyi ilə bağlı YENİLİK
10:03 Tramp və Bayden həmin sənədi imzaladılar - Kritik hazırlıq başladı
10:00 İsrail-Livan razılaşması: Tərəflər hansı öhdəlikləri götürüblər?
09:57 Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
09:52 Paşinyan KTMT-dən çıxmaq və Rusiya ilə münasibətləri pozmaq fikrindən daşınıb?