“Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizimlə zarafat etmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə) son qoyduq”.
Çoxumuza tanış olan bu ifadənin müəllifi, əliqanlı cinayətkar, terrorçu Serj Sarkisyandır. Dünya tarixinin ən dəhşətli soyqırımını törədənlərə birbaşa rəhbərlik etmiş bu “insan” indi öz ölkəsində yenidən iqtidara gələ bilmək naminə humanizmdən danışır.
Nə qədər “gülünc” görünsə də, Serj Sarkisyan Cermuk əyalətində seçicilərlə görüşü zamanı müharibənin onun üçün dünyadakı ən nifrət etdiyi anlayışlardan biri olduğunu bildirib. O nəinki müharibə, hətta hərbi fəaliyyətləri belə heç vaxt arzulamadığını qeyd edib.
O, həmçinin Nikol Paşinyanın azacıq ləyaqəti varsa intihar etməli olduğunu vurğulayıb:
“And içirəm, əgər mən ali baş komandan olsaydım və bu cür vəziyyət olsaydı, özümü güllələyərdim. Belə həyat kimə gərəkdir?”.
“Humanist Serjik” bu cümlə ilə erməni riyakarlığının sərhəd tanımadığını sübut edir. Qarabağın işğalına, soyqırımların törədilməsinə birbaşa rəhbərlik edən bu şəxs, görünür öz dövründə Azərbaycan ordusunun tam formalaşmamasına və çox ciddi çətinliklərə baxmayaraq, məhv etdiyi minlərlə terrorçunu unudur.
Bəşər tarixinə qara ləkə olan Serj Sarkisyan kimi şəxslərin humanizmdən, ləyaqət və şərəf kimi anlayışlardan danışmasının özü belə insanlıq üçün növbəti qara səhifədir.
Yalan danışmağın mahir ustadı olan Serj Sarkisyan ən böyük yalanını, bəlkə də, hazırda siyasi arenaya qayıtmaq istəyərkən danışır. Çünki, o seçkilərdə iştirak edəcəyi blokun adını “Mənim şərəfim var” adlandırıb…