hemle

Cənnətdəki ilk doğum günün mübarək, Şəhid Leytenant Fərid Məmmədov

Tarix:29-04-2021, 11:48
Baxış Sayı:759

Məhəmməd Peyğəmbər (s.ə.s) buyurmuşdur ki, “Vətəni sevmək imandandır”..

Bu mənada bir Azərbaycanlı kimi qürur duyuram ki, bizim gənclərdə bu sevgi bütövdür, tamdır.

Xüsusən yaşından asılı olmayaraq insanlarımızın istər sosial mediadan, istər məqalələrindən, istər kitablarından şəhidlərimiz haqqında yazdıqları fərəhləndirici sözlər indiki gəncliyə qibtə etməmizə əsas verir. Qibtə edirəm ona görə ki, mərd oğullarımız gənc yaşlarından vətənə, torpağa, millətə olan dərin sevgisini azad, sərbəst şəkildə ifadə etmək imkanına malikdirlər. Qürur duyuram ki, gənclərimiz onlara əminamanlıq bəxş etmiş, vətən yolunda şəhid olmuş oğul və qızlarımızın xatirəsini əbədiləşdirmək yolunda imkanları müqabilində cəhd göstərir və buna nail də olurlar. Elə bu yaxınlarda, bu ali sevginin 44 günlük Şərəfli Qarabağ Zəfər tariximizi yazan mərd, şücaətli Azərbaycan oğullarının, Ali Baş Komandanımızın rəhbərliyində müzəffər Azərbaycan Ordumuzun timsalında da qürurla şahidi olduq.

Keçirdiyimiz hər gün tarixə dönür. Tarixə yazılan günlərin hamısı yaddaqalan olmur. Elə günlər var onlar unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhramanlardandır şəhidlər. Çünki, bu dünyada hamımıza bəxş olunan bir ömür payı var. Ömür yolunu müəyyən müddət sonra başa vuracağıq. Bu mənada insanın bu dünyaya, bu həyata ən gözəl şəkildə əlvida deməyinin adıdır şəhid olmaq.
Bu gün cənnətdə ilk doğum günü olan elə Ağdamlı Şəhid Leytenant Fərid Məmmədov kimi..
Məhz Allah, vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhid olmaq, Şəhid Leytenant Fərid Məmmədov fəth etdiyi ali zirvə ...

Sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı Qələbə xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın yağı düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhid olmuş Leytenant Fərid Məmmədov kimi Vətən övladları bu müqəddəs savaşın əbədiyyətədək yaşayacaq qəhrəmanlarıdır.

Bu savaşın ilk günündən yüzlərlə vətənpərvər Azərbaycan gənci könüllü olaraq cəbhəyə getmək üçün müraciət etdi. Belə gənclərdən biri də canı, qanı ilə yaşadığı torpağa, Vətənə bağlı olan Fərid Məmmədov idi.

Tarix boyu inanan millətləri zəfərdən zəfərə aparan səbəb də vətənə xidmət etmək və şəhid olmaq arzusu olmuşdur. Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazanlardır şəhidlər. Məhz onların canı və qanı hesabına azad edilən Qarabağımızdaki o şücaət heç vaxt unudulmur və unudulmayacaq. Ona görə ki, şəhidlər xalqın kimliyini, mənliyini qoruyan insanlardır. Onlar bir xalq qəhrəmanı olaraq zəncirləri qıraraq, zülmətləri yararaq, xalqı işıqlı sabaha aparan, ölümləri ilə ölməzlik qazanan əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır. Ölüm əslində yoxluq və heçlik deyil. Əbədi diyara səfərdir.

Bəli, bu gün ölkəmiz müstəqildir, azaddır və firavandır. Əlbəttə ki, bu azadlıq və firavanlıq onların qəhrəmanlığı bahasına başa gəlib. Bu gün Azərbaycan dünyanın inkişaf edən ölkəsidirsə və bu inkişaf göstəriciləri ilə dünyanın diqqətini cəlb edə bilirsə, təbii ki, bütün bunlar qəhrəman oğul və qızlarımızın canlarını fəda edərək qazandığımız müstəqilliyimizin və bu gün ölkəmizdə Ulu Öndər Heydər Əliyev Siyasi kursunun davamçısı möhtərəm liderimiz, cənab prezident İlham Əliyev tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin nəticəsidir.
Şəhid Leytenant Məmmədov Fərid Vəlhəd oğlu bu gün onun mqəddəs doğum günüdür... Cənnətdəki ilk və dəyişilməyəş yaşın mübarək Cənab Leytenant!

Şəhid Leytenant Məmmədov Fərid Vəlhəd oğlu 29.04.1990-cı il Bakı şəhərində anadan olmuşdur. 1997-2008-ci illərdə Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə rus bölməsində təhsil almışdır. 2008-2010-cu illərdə Müdafiə Nazirliyinin Hərbi hava və hava hücumundan müdafiə qoşunlarında əsgərlikdə olmuşdur. 2010-2016-cı illərdə DİN - Daxili Qoşunlarında müddətdən artıq hərbi xidmət qulluqçusu kimi işləmişdir. 2013-cu ildə paradda iştirak etmişdir. "Silahlı Qüvvələrin yaranmasının 100 illiyi" yubiley medalı, "Qüsursuz xidmətlərə görə 3-cü dərəcəli" medalı (10il) və "Daxili Qoşunların Yaranmasının 20 illiyi" yubiley döş nişanı ilə təltif olunmuşdur. Əslən Qarabağ bölgəsindəndir (Ağdam rayonu Xıdırlı kəndi)2017-ci ilin yanvar ayından Müdafiə Nazirliyində gizir hərbi rütbəsi ilə hərbi xidmətini davam etdirmişdir. 2014-2019-cu illərdə Bədən tərbiyə və idman Akademiyasında ali təhsil almışdır (qiyabi). 2019-cu ilin dekabr ayında leytenant ilk zabit hərbi rütbəsini almışdır. 2020-ci ilin oktyabr ayının 6-da cəbhənin Füzuli-Cəbrayıl istiqamətlərinə ezam olunmuşdur.

Əslən Ağdamın Xıdırlı kəndindən olan Şəhid Leytenant Fərid Məmmədov, oktyabr ayının 25-də cəbhədə Füzuli-Xocavənd istiqamətlərində Qarabağ uğrunda gedən döyüşlərdə, döyüş tapşırıqlarını həyata keçirərkən şəhid olmuşdur.

Başın Sağ Olsun, VƏTƏN!

Onun yoxluğunu qəbul etmək və bu fikrə alışmaq valideynləri qədər əzizləri, yaxınları və dostu Cavidan başda olmaqla hər kəs üçün ağır oldu.
Fəridin ən yaxın dostlarının fikrincə, şəhid olmağı Fərid özü arzuladı, bu onun seçimi idi!
Yaxın dostunun sözlərilə, “Fərid ona verilmiş ömür payını bizim dinc yaşamağımız üçün bağışlayaraq vətənə xidmət yolunda şəhidlik zirvəsinə ucaldı. Sübut etdi ki, vətən və torpaq sevgisi hər şeyin fövqündə dayanır. Bu isə hər kəsə qismət olmur. Çünki şəhidlik adi ölüm deyil. O, özünün müqəddəs statusu ilə gələcək nəsillərə dayaq və nümunə olacaq. Fərid hər kəsə nəsib olmayan zirvəyə, vətən sevgisinin ən uca zirvəsinə - ŞƏHİDLİK ZİRVƏSİNƏ yüksəldi.

Yerin behişt, qəbrin nurlu olsun, əziz dostum, cənab Leytenant Fərid Məmmədov!”

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandanımız Cənab İlham Əliyevin çıxışında bildirdiyi kimi: “Bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar vardır. Onlar Ali Baş Komandanın əmrini gözləyirlər. Onlar öz doğma torpaqlarını azad etmək üçün hər an hazırdırlar. Bizdə nəinki böyük sayda silah-sursat, hərbi-texnika, döyüş imkanları vardır, eyni zamanda, ordumuzda böyük ruh yüksəkliyi vardır. Çünki bizim işimiz haqq işidir. Biz heç bir ölkənin torpağını zəbt etməmişik. Bizim torpaqlarımız uzun illərdir ki, işğal altındaydı. Bizim heç bir başqa dövlətin torpağına iddiamız yoxdur. Amma öz torpağımızdan heç kimə bir qarış verməyəcəyik. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik. Mübarizlə, Fərid başqa ölkənin ərazisində həlak olmamışlar, öz doğma torpağında şəhid olmuşlar”.
“Qüdrətli Azərbaycan tarixi qələbə qazandı”

Bəli, Leytenant Fərid Məmmədov başda olmaqla, Azərbaycanımızın igid oğulları Azərbaycan Ordusunun Ali Baş Komandanının əmri ilə, Azərbaycanın 30 ildir işğal altında olan torpaqlarını azad elədi.. Mərdliklə, cəsarətlə, şücaətlə...

10 noyabr tarixi Azərbaycan tarixinə qələbə günü kimi daxil oldu..

Həm hərb meydanında, həm də siyasət masasında, Azərbaycan bütün dünyaya özünün hərbi və siyasi gücünü sübut edərək tarixi ZƏFƏR qazandı.
Tarixin hər hansı bir zaman kəsiyində müəyyən bir millətin başını göylərə ucaldan və ya onun şərəfini qoruyan insanlar - həmin millətin tarixini yaradanlardır, elə Cənab Leytenant Fərid Məmmədov kimi. İnsan Tanrının ən böyük yaranmışıdır. İnsan öz ömrünü adi bir həyat tərzi kimi də yaşaya bilər, heç bir iz qoymadan dünyadan gedər. Amma, elə insanlar da var ki, qısa bir ömür yaşayır, lakin unudulmaz əməlləri ilə əbədiyyətə qovuşur. Özündən sonrakı nəsillərə örnək olur, vətəni, torpağı, milləti bütün insanlara sevdirməyi öyrədir.

Bir anın içərisində ən böyük qəhrəmana çevrilir, bugünün, dünənin və sabahın qəhrəmanı – Leytenant Fərid Məmmədov kimi insanlığa örnək olur.
Yaşadığı torpağa, ailəyə, el-obaya şərəf gətirir, adı gələndə hamı baş əyir.

Mübariz İbrahimov, Polad Həşimov, Fərid Məmmədov, İlqar Mirzəyev, Anar Novruzov, Namiq Əhmədov, Rəşad Mahmudov, Yaşar Babayev, İlqar Zeynalllı, Vüqar Sadıqov, Elşad Məmmədov, Elçin Mustafazadə, Xəyyam Daşdəmirov və Nazim İsmayılov.. Onlar və onların qismində minlərlə şəhidlərimiz məhz bir anda vətənin – Qarabağ torpaqlarımızın azadlığı uğrunda mübarizədə xalqının, millətinin dilləri əzbəri oldular. Bir anda millətinin Qəhrəmanına çevrildilər. Şəhidlik zirvəsinə ucalmaqla ölümsüzləşdilər. Vətən uğrunda mübarizə aparmış belə qürurduyulası, fəxr ediləsi qəhrəmanlarımız minlərlədir. Hər birinin döyüş yolu bir əfsanə, bir dastan, bir tarix...

Leytenant Fərid Məmmədov və onun timsalındakı oğullarımız - bu igidlər qısa bir ömür yaşadılar, əsl vətən oğlunun çətin məqamlarda edə biləcəyi son borcu şərəflə yerinə yetirdilər. Onlar şəhid oldular - gözlərini qırpmadan, dizləri titrəmədən, əlləri əsmədən, ürəyində qorxu xofu yaranmadan. Onlar bilirdilər ki, arxada Vətən - Azərbaycan yaşayır. Şəhid qanları ilə suvarılan vətənin hər qarışı müqəddəsdir.

Azərbaycan gəncinin millətinə, dövlətinə və torpağına bağlılığının bariz nümunəsi, vətənpərvərliyi ilə gələcək nəsillərə örnək olan əslən Ağdamın Xıdırlı kəndindən olan Şəhid Leytenant Fərid Məmmədov da 44 günlük Qarabağ Zəfər Tariximizi yazaraq digər qəhrəmanlarımız kimi onlar tərəfindən azad olunmuş torpağına Ağdama şəhid kimi qayıtdı.

Şəhidlik əbədiyyət zirvəsidir. Ağdamın Xıdırlı kəndindən olan Şəhid Leytenant Fərid Məmmədov artıq doğma kəndinin, rayonunun deyil, bütün Azərbaycanın qəhrəman oğludur. Onun əziz xatirəsi çalışdığı kollektivdə də daim ehtiramla yad ediləcək. İş yoldaşlarının şəhid olması xəbərini üzüntü ilə qarşılayan kollektivin hər bir üzvü eyni zamanda, Fəridin dostları belə cəsur, vətənsevər bir gənclə qısa müddət də olsa bir yerdə çalışdıqları və onun dostları olduqları üçün qürur hissi keçirirlər.

Ağdamlı Şəhid Leytenant Fərid Məmmədov yağı düşmən üzərində Qələbəni görə bilməsə də, bu gün ruhu şaddır. Çünki uğrunda canını verdiyi yurd yerlərimiz artıq tamamilə azaddır.

Bəli, Vətən torpağı şəhidləri ilə ucalır. Qəbrin nurla dolsun, əziz şəhidim Cənab Leytenant Fərid Məmmədov!

Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan