Mütəxəssislərin fikrincə, paxıllıq insana xas olan cəhətlərdən biridir. İnsan paxıl doğulmur, bu hiss sonradan yaranır. Paxıllıq insanın qəlbində uşaq vaxtından kök salır.
Nədən yaranır bu hiss?- deyə düşündükdə, aydın olur ki,paxıllıq- bir insanın başqasının hansısa bir üstünlüyünü, uğurlarını görəndə yaranan mənfi hisslərin təcəssümüdür. Bir çox insanlar özlərini ətrafdakılar ilə müqayisə edirlər. Müqayisə predmeti olan insanın, müqayisə edən insandan üstün cəhətləri ortaya çıxanda paxıllıq hissləri baş qaldırır. Bu hissə adətən gözəllik, zənginlik, sağlamlıq, istedad, ağıl, tərbiyə, əxlaq, dürüstlük və daha başqa hallar səbəb ola bilir . Psixoloq Vəfa Əkbərin fikrincə, paxıllıq insana hər tərəfdən zərbə vurur: ”Paxıllıq bir adət, “xəstəlik” halını alarsa, daha təhlükəlidir. Bir sözlə, paxıllıq psixoloji və sosioloji bəladır.
Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, paxıllıq keçirən zaman insan özünü bədbəxt hiss edir. “Həyatımda hər şey pisdir” qərarına gələn insan artıq fikirləşməyə başlayır ki, onun uğuru yoxdur və heç vaxt da olmayacaq. Və ətrafındakı “uğurlulara” qarşı paxıllıq hissi baş qaldırır. Beləliklə, kiminsə malik olduğu maddi və mənəvi dəyərlərə paxıllıq insanları irəli aparmaq əvəzinə geriyə aparır. Paxıl insanlar digərlərinin uğurlarını, həyatlarını izləyərək öz enerjisini tükədir".
Paxıllığın növləri?
Məsələn, psixoloq Vəfa xanım açıqlamasının birində söyləyir ki, insanın insana paxıllığı sonda kinə və ya müsbət mənada rəqabətə çevrilə bilir. Kinə çevrilmiş paxıllıq fəlakətə, müsbət rəqabətə çevrilən paxıllıq isə tərəqqiyə səbəb olur.
Təxminən eyni fikirləri psixoloq Leyla Namazova da təsdiqləyir. Psixoloq bu hissləri belə səciyyələndirir:” Paxıllıq iki cür ola bilər.
“Ağ paxıllıq” – yəni yaxşı mənada kiməsə, nəyəsə qibtə etmək, yaxşı olana bənzəməyə çalışmaq, onun uğurlarına, qələbələrinə sevinmək. Hər zaman hamının yaxşı gününə, məhz yaxşı mənada qibtə ilə baxan insanlar var.
“Qara paxıllıq” - paxıllığı qorxunun bir parçası da saymaq olar, çünki paxıl başqasının ondan irəli keçməsindən qorxur. Ona görə də paxıl adam çox vaxt ondan kömək umana da yardım etmək istəmir, düşünür ki, kömək etsə, sabah bu adam onu ötüb keçə bilər.
Paxıllıq istehza şəklində də təzahür edə bilər. İnsanlar bəzən məhz paxıllıqdan lağ edir, kimlərisə alçaldan kinayəli sözlər danışıb gülürlər.
Paxıllıq hərdən öz havasını lağ etməklə çıxarır, başqasının sevincini burnundan gətirməyə çalışır, paxıllar adamların əsəbləri ilə oynamaqdan, ümidləri puça çıxarıb ürəkləri sındırmaqdan həzz alırlar. Paxıllıq bir qayda olaraq insanın yaxşı gününə kədərlənib, pis gününə sevinməkdən ibarət olur”.
Yeri gəlmişkən, hədislərin birində deyilir: ”Bir nəfər əl-Həsən əl-Bəsridən soruşur: "Mömin insan paxıllıq edə bilərmi?" O, cavabında deyir: "Yusuf peyğəmbərin qardaşlarının ona etdiklərini nə tez unutdun?! Kiməsə qarşı paxıllıq hiss etdikdə onu gizlət. Nə qədər ki, paxıllıq etdiyin adama əlinlə və ya dilinlə əziyyət verməmisən, bil ki bu hiss sənə zərər verməz".
İnsanın paxıl oduğunu necə bilmək olar?
İnanıram ki, bu məqaləni oxuya-oxuya ətrafınızdakı insanların arasında “paxıl” axtarışına çıxacaqsınız. Bəlkə bir çoxunuz, həqiqətlərinizi üzünüzə deyən insanla paxıl insanı dəyişik də saldınız. Qarşınızdakı insanın hallarına diqqət edin! Daha dəqiq məlumat istəyirsinizsə psixoloqlarımızın qeydlərini izləyin. Psixoloq Vəfa Əkbər qeyd edir ki, paxıllıq ilk öncə gözlərdən, daha sonra hərəkətlərdən və danışıqlardan bəlli olur: “Bundan pis dərd, yandırıcı od ola bilməz. Paxıl adam heç vaxt rahatlıq tapmır. Öz kədəri və başqalarının fərəhi ona dərd gətirir. Pas dəmiri yeyən kimi, paxıllıq da insanın qəlbini yeyir”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərovanın fikrincə, : “Çox vaxt paxıllar ətrafdakılara tələ qurmaq haqqında düşünürlər. Tədricən onda özündən daha üstün olanlara qarşı nifrət hissi formalaşır. Hər cür pisliklər etməkdən çəkinmirlər. “Onlar öz həyatını qurmaq, özünü mükəmməlləşdirmək əvəzinə başqalarının həyatlarına müdaxilə edirlər.
Paxılın “cəzası”
Yeganə xanımın sözlərinə qüvvət olaraq bildirim ki, paxılı təsbit edib, üzə çıxardandan sonra onun sizin üzünüzdəki adi təbəssümə necə aqressiv münasibət göstərdiyinin şahidi olacaqsınız. “Paxıl” sizin hər bir söhbətinizdə, hərəkətinizdə, danışıq və müraciətinizdə, yerişinizdə, duruşunuzda, baxışınızda, fikirlərinizdə mütləq bir “nöqsan ” tapacaq, tapan kimi də əks hücuma keçərək sizi ətrafdakıların, (iş yoldaşınızdırsa) kollektivin gözündən salamağa başlayacaq. Hövsələsizlik edib onun ittihamlarını puça çıxartmağa, ona qarşı əsəb nümayiş etdirməyə çalışmayın!Ona cavab verməyə qalxışsanız uduzacaqsınız. Əsəbləriniz korlanacaq, əsəbi vaxtda işlətdiyiniz xoşagəlməz kəlmələrə görə, sonra kimlərdənsə üzr istəmək məcburiyyətində qala bilərsiniz, onun səviyyəsinə enmək sizin reytinqinizi aşağı sala da bilər. Bunları etsəniz o sizin hərəkətlərinizdən zövq alacaq, sizi çərçivədən çıxartdığı üçün özünü xoşbəxt hiss edəcək. “Xoşbəxtlik” hissini xəstə təfəkkürlü birinin yaşamasına imkan yaratmayın! Odur ki, belə xəstələrə ancaq baxıb gülümsəmək yetər. Hə, bir də çalışın hər gördüyünüz işdə uğur qazanın, xoşbəxt olun, sevdiklərinizə sarılın!
Bu xəstəliyin çarəsi varmı?
“Paxıllıq hissindən uzaq olmaq üçün insan öz mənfi cəhətləri, taleyi ilə barışmalı, öz həyatında və xasiyyətində müsbət meyilləri görməyi bacarmalıdır. Paxıllıq etməmək üçün həyatda ən kiçik uğurlara görə də sevinməyi öyrənmək lazımdır. Ətrafda baş verənlərə, kiminsə uğuruna xoş hisslərlə yanaşmaq paxıllıq hissinin keçməsinə kömək edir. Çox vaxt paxıllıq insanın özünə qarşı qəzəb hissi nin ifadəsi kimi yaranır. Kiməsə paxıllıq etmək əvəzinə öz üstündə çalışmaq, konkrat məqsədə doğru addaımlamaq daha yzxşı nəticələr verir. Daim öz üzərində işləmək bilik və təcrübəni arıtırmaq qayğısına qalmaq lazımdır. Bu halda xoş olmayan məsələlər haqında fikirləşmək və paxıllıq etmək üçün vaxt qalmayacaq”
Bu məsləhət yenə də psixologiya üzrə fəlsəfə doktoru Yeganə xanıma məxsusdur.
Din nə deyir?
Din alimləri bildirir ki, paxıllıq- Uca Allahın başqasına verdiyi nemətlə razılaşmamaq deməkdir. Bu isə Uca Allahın qədərinə etiraz etmək sayılır. Paxıllıq (həsəd ) başqasına deyil, insanın özünə zərər verir. Peyğəmbər paxıllıqdan çəkindirərək demişdir: "Həsəd etməkdən çəkinin! Həqiqətən həsəd etmək savabları od odunu yandırdığı kimi yandırıb yox edir" (Əbu Davud, 4903).
Amma paxıllıqdan xilas olmağın bir neçə yolu var:
1) Həsəd etməyin və həsəd edənin şərindən Allaha sığınmaq. Uca Allaha bu qəlb xəstəliyindən sağalmaq üçün dua etmək.
2) Həsəd etmək həsəd olunanadan çox həsəd edənin özünə zərər verdiyini düşünmək. Belə ki, həsəd edən daim özü sıxıntı və üzüntü içində olur. Hər dəfə həsəd etdiyi adamı gördükdə gərginlik keçirir.
3) Həsəd etdiyi adam üçün dua etmək. Onu hər yerdə xeyirlə yad etmək. Bu, insana ağır gəlsə də, həsədi müalicə etmək üçün ən yaxşı yoldur. Uca Allah buyurur: "Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur. Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir" (Fussilət, 34-36).
4) Həsəd etməyin Uca Allahın qəzəbinə səbəb olduğunu düşünmək. Paxıl adam Allahın başqasına nemət verməsinə nifrət edir və bunun qarşısının alınmasını arzulayır, beləliklə də, Allaha asilik etmiş olur.
Paxıl olmayanlara və paxılların obyektinə düşənlərə hər zaman “obyekt” olan birisindən bir məsləhət: Gülümsəyin! Həm də, xoşbəxtliklə gülümsəyin!
Araşdırıdı: Əntiqə Rəşid
ATESH,AZ