hemle

Polad Bülbüloğlu: “Narazı olanlar səfirliyin işçilərini təhqir edirdilər”

Tarix:27-03-2021, 19:33
Baxış Sayı:290

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu koronavirus pandemiyasından sonra bu ölkədə yaşayan azərbaycanlıların problemlərindən danışıb.

P.Bülbüloğlu APA-ya müsahibəsində bir ildə çox əziyyət çəkdiklərini deyib.

“Çox çətin idi. Bilirəm ki, narazı olanlar da var. Amma bunu heç kəs gözləmirdi, heç kəs istəmirdi. İndi bunun üstündən bir ilə qədər vaxt keçib, biz indi proseslərə ayrı gözlə baxırıq. Lakin təzə-təzə olanda çox çətinliklər oldu. Çoxu heç nə baş verdiyini başa düşmürdü.

Bu bir il ərzində tək mən yox, səfirliyimizin bütün diplomatları böyük çətinliklərlə qarşılaşdılar. Bildiyiniz kimi, Rusiyada çoxlu azərbaycanlılar yaşayır. Rusiya ilə Dağıstandan keçən quru sərhədimiz bağlandı. O zaman əvvəlcədən Rusiyada olan azərbaycanlılara müraciət etdik ki, sərhəd bağlıdır, ora getməsinlər. Bütün bunlara baxmayaraq, onlar yenə də sərhəddən keçmək ümidi ilə gedirdilər. İnsanları da başa düşmək olar. İşini itirən, imkanı olmayan insanlar vətənə qayıtmaq istəyirdilər. Həmin dövrdə Dağıstan hökuməti ilə, Azərbaycanla sərhədyanı rayonların icra başçıları hər gün 7-8 dəfə təmas qururdum”, - deyə P.Bülbüloğlu söyləyib.

O bildirib ki, səfirlik mümkün qədər əlindən gələni edib.

Səfir bəzi narazılıqların haqsız olduğunu da dilə gətirib:

“Yenə deyirəm, bilirəm ki, narazılıq çoxdur, bəziləri haqlı-haqsız...Narazı olanlar bura da gəlirdilər, səfirliyin işçilərini təhqir edirdilər. Biz incimirdik, başa düşürdük ki, insanlar çox çətin vəziyyətdədirlər”.

Diplomat qeyd edib ki, Moskvada pandemiyanın birinci dalğası vaxtı təcili tibbi yardım heç xarici vətəndaşlar üçün yardıma gəlmirdi, xəstəxanaya aparmırdı. O, səfirliyin əməkdaşlarının da koronavirusa yoluxduğunu vurğulayıb:

“Məsələ ondadır ki, həmin dövrdə burada xəstəxanalarda yer yox idi. Söhbət xəstənin azərbaycanlı, özbək və s. olmasından getmir. Ümumilikdə, pandemiyanın birinci dalğasında vəziyyət çox çətin idi. Çox çətin bir zaman yaşadıq. Allah bir daha göstərməsin ki, bir daha nə vaxtsa, belə günlər olsun. Əlimizdən gələni, nə mümkündür, onu elədik. Nəyi edə bilmədiksə, bizi bağışlasınlar! Çünki bizim hər şeyə gücümüz çatmır. İnanın ki, elə gün olurdu ki, əməkdaşlarımız 20 saat işləyirdi.

Daha sonra səfirliyimizin əməkdaşları da koronavirusa yoluxdular. Yoluxma konsulluq idarəsindən başladı. Birinci dalğa gələndə biz konsulluğu bağladıq. Konsulluq ancaq onlayn rejimdə fəaliyyət göstərirdi. Sonra ki, konsulluq açıldı və virus həmin idarədən səfirliyə yayıldı, əməkdaşlarımız xəstələndi. İndi yavaş-yavaş bu problemlər həll olunur. Artıq vaksinasiya başlayıb. Gün o gün olsun ki, koronavirus pandemiyası bitsin və biz normal həyata qayıdaq”.

Digər xəbərlər
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...