Xəbər verdiyimiz kimi, ABŞ-ın Ohayo ştatında yaşayan Kələntərovlar ailəsi pandemiya dövründə dəstək kreditləri vasitəsilə onlarla saxta əkinçilik müəssisələri yaratmaqda və bunun üçün dövlətdən 7,4 milyon dollar kredit almaqda ittiham olunur.
“Qafqazinfo” xəbər verir ki, yayılan xəbərlərdən sonra ailə üzvlərindən biri – Zaur Kələntərli ittihamlara cavab verib.
Z.Kələntərli feysbuk hesabında yazıb ki, vəkillərlə bağladığı sövdələşməyə əsasən bu haqda heç bir məlumat verə bilməz, iş bitdikdən sonra rəsmi və detallı açıqlama verəcək:
“Allaha şükür, həm Kaliforniya, həm də Ohayo ştatlarındakı bütün şirkətlərimiz fəaliyyət göstərir, təsərrüfat layihələri və ev alqı-satqısı davam edir.
Mən sağ-salamatam, azadlıqdayam və qulluğunuzdayam”.
Qeyd edək ki, sözügedən ittiham çərçivəsində ailənin iki üzvü - Aydın Kələntərov və Günay Kələntərli yanvarın 25-də Kaliforniyada həbs olunub. Onlar bank və teleqraf xidməti ilə əlbir olaraq fırıldaqçılıq etməkdə günahlandırılırlar.