hemle

Operativ Qərargahın son qərarları vəziyyətə necə təsir edəcək? - GƏLİŞMƏ

Tarix:24-03-2021, 09:16
Baxış Sayı:270

Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar verdi. Qərara əsasən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılıb. 20 mart saat 00:00-dan 29 mart saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Məlum olduğu kimi, Bakı Metropolitenində də sərnişindaşıma dayandırılıb.

Yeni qərara ekspertlərin münasibəti necədir? Yoluxma sayında artım müşahidə edilərsə, yenidən qapanmaya gedilməsi zəruri hesab edilə bilərmi?

Həkim-farmakoloq Müşfiq Hüseynov “Press Klub”a açıqlamasında yoluxma sayının 5 minə qədər qalxmadığı bir vaxtda heç bir əlavə tədbirə ehtiyac olmadığını vurğuladı:

“Bayram günlərində nəqliyyatın işləməməsi və maskadan istifadə qaydası yetərlidir. İndi lazım olan peyvəndlənməni sürətləndirməkdir. Heç bir əlavə qapanma, SMS icazəsinə keçid etməyə ehtiyac yoxdur. Bizə lazım olan önümüzdəki 10-15 günlük vaxtı nəzarət altına almaqdır, yalnız bundan sonra üçüncü dalğanın aşağı enməsi gözləniləndir”.

Metroların hələ də qapalı tutulmasına gəldikdə, həkim səhər saat 8-11, axşam saat 5-8 arası metronun fəaliyyət göstərməsini məqbul sayır:

“Buraya iri ticarət mərkəzləri və fitnes zallarını da aid etmək olar. Sözügedən məkanların qapalı saxlanmasının heç bir anlamı yoxdur. Təsəvvür edin, 5 min kvadrat metrlik market fəaliyyət göstərir, amma 50 min kvadrat metrlik ticarət mərkəzləri qapalıdır”.

Sosioloq Altay Sahib əvvəlki karantin sərtləşdirmələri zamanı insanların sosial vəziyyətinin yaxşılaşdırılması, dövlət tərəfindən insanlara sosial yardımlar edilməsi istiqamətində çağırışlar etdiyini bildirdi:

“Bütün dünyada karantin rejimi bir ildən çoxdur ki, davam edir. Bu, ümumdünya problemidir. Lakin əvvəlki və indiki karantin dönəmində də təkrarladığım bir fikir var: karantin rejiminin konkret protokolları mövcuddur ki, dünyanın inkişaf etmiş ölkələrində sosial işçilər bunun əsasında işləyir, virusun yayılma sürətini, insanlara dəyəcək maddi və mənəvi zərəri hesablayırlar və həmin protokola əsasən də karantin rejimi tətbiq olunur”.

Sosioloq Azərbaycanda sözügedən protokollara əməl olunmadığını söylədi. Onun sözlərinə görə, bu müddətdə heç bir sosial tədqiqat işi, heç bir sosial siyasət ortaya qoyulmadı.

A.Sahib yumşalmaya gedilmənin tərəfdarıdır:

“Bir insanın dünyaya gəlməsi və yetişməsi 25-30 il vaxt alır. Həmin insanları sosial fəaliyyətdən təcrid edərək onların psixologiyasını məhv etmək olmaz. Ona görə də, yumşalmalara gedilməlidir. Yeni qərara münasibətim çox yaxşıdır ki, heç bir qapanma olmadı. Bundan sonra qapanmaya gediləcək, ya yox? Bunu təxmin etmək mümkün deyil. Çünki dövlət bizim rəyimizlə maraqlanmır. Bir Qərargah, bir də TƏBİB var. Onlar öz aralarında məsləhətləşib, qərarlarını verirlər. Heç bir sosial işçidən, tədqiqatçıdan filan rəy almırlar. Bundan sonra qapanma olacaqmı-olmayacaqmı, bunu deyə bilmərik. Kütləvi yoluxmalar olarsa, sərt karantin rejiminin və qapanmaların olacağı labüddür”.

Sosioloq hesab edir ki, protokollara əsasən qapanmalar ola bilər, amma həmin protokollarda bu, əsaslandırılır:

“Avropa ölkələrinə nəzər yetirdikdə, görürük ki, məsələn, Almaniyada bütün ölkə üzrə karantin elan olunmuşdu. Hazırkı vəziyyətdə isə karantin rejimini bir şəhərdə elan edirlər, daha sonra həmin şəhərdə yumşalmalara gedilir və növbəti şəhər üzrə karantin rejiminə keçid edirlər. Hazırda bir çox Avropa ölkələrində karantin rejimi tətbiq edilir, amma bu, yumşaldılmış şəkildə edilir. Bir sözlə, orda olan karantin rejimi ilə ölkəmizdəki karantin rejimi arasında xeyli fərqliliklər mövcuddur. Karantinin tətbiq olunma şərtlərinə görə deyil, insanların sosial və maddi vəziyyətinin təmin olunması ilə bağlı dövlətlərin mövqeyi var. Bu mövqeyi Azərbaycan və Azərbaycan statusunda olan ölkələrdə görmədik və görmürük”.

İqtisadı ekspert Eldəniz Əmirov Operativ Qərargahın son qərarının ən mümkün və düzgün qərar olduğunu qeyd etdi:

“Əksər qərarları ilə razılaşmasam da, bu qərarla razıyam. Virusun törətdiyi təhlükəli məqamlardan biri də iqtisadi vəziyyətlə bağlıdır. İqtisadi vəziyyət heç də ürəkaçan olmadığından, qapanmalara getmək iqtisadiyyata növbəti zərbə ola bilərdi. Burada qapanmalar zamanı ödənilən 190 manat təzminatdan söhbət getmir. 190 manatdan əlavə olaraq büdcənin formalaşmasında rol oynayan müxtəlif təsərrüfat subyektlərinin fəaliyyətləri var ki, onlar dayandırılır. İstər ictimai iaşə, istərsə də bu qəbildən digər müəssisələr olsun, bunların qapadılması iqtisadi sistemi fəaliyyətsiz və iflic duruma salır”.

Ekspert indiki vəziyyəti tibbi və iqtisadi vəziyyətin bir-biri ilə mübarizəsinə bənzətdi:

“Əgər biz tibbin qələbə qazanmasını istəyiriksə, iqtisadiyyatı iflic etməliyik. Uzunmüddətli qapanmalara getmək – ölkə sərhədlərini bağlamaq, iqtisadi aktivliyi sıfıra endirmək və beləliklə virusa qalib gəlmək… Amma eyni zamanda, ölkənin onurğasında dayanan iqtisadi sistem iflic duruma düşəcək axı… İnsan yalnız sosial deyil, həm də bioloji varlıqdır, ona qidalanmaq, maddiyyat lazımdır. İqtisadi sistemin bərqərar olması, ayaqda durması və qalib gəlməsi çox vacib şərtdir. Operativ Qərargah qərarları daha çox tibbi nöqteyi-nəzərdən verir. Müəyyən situasiyalarda isə iqtisadiyyatın diktə etdiyi tələblər əsas götürülür. Operativ Qərargahın son qərarları bilavasitə Azərbaycan iqtisadiyyatının diktəsinə uyğun bir qərar idi və düşünürəm ki, bu qərar son dərəcədə vacib idi. İstənilən qapadılma iqtisadi problemlərə səbəb ola bilərdi”.

İqtisadçının sözlərinə görə, iqtisadiyyat digər sahələrin problemlərini həll etməyə qadir bir sektordur, lakin heç bir sahə iqtisadiyyatın problemlərini həll etməyə qadir deyil, ona görə də iqtisadiyyat özü öz problemlərini həll etməlidir.

Digər xəbərlər
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...
10:11 Məktəblərdə payız tətilindən sonra dərslər başladı