hemle

ABŞ silahı lazımdırmı?

Tarix:14-11-2018, 15:39
Baxış Sayı:1 301

ABŞ Azərbaycan və Ermənistana silah satmaq istəyir, çünki "Amerika silahı Rusiyanınkından yaxşıdır". Ən azından Prezident Donald Trump-ın müşaviri belə düşünür.

"Biz hesab edirik ki, bizim texnika, istənilən halda, Rusiya texnikasından yaxşıdır. Ona görə, belə bir imkanı nəzərdən keçirmək istəyirik", - ötən həftə Qafqaza səfəri zamanı ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi John Bolton jurnalistlərə deyib.

ABŞ-ın, Cənubi Qafqazda Rusiya ilə silah yarışına girmək istəyi Dağlıq Qarabağ ilə bağlı münaqişə vəziyyətində olan Azərbaycanda və Ermənistanda təhlilçilər tərəfindən tənqidlə qarşılanıb.

Hətta ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich BBC News Azərbaycancaya deyib ki, ATƏT-in Minsk qrupunun həmsədri olan bir ölkənin münaqişə ölkələrinə silah satması "böyük" səhv olardı.

Ancaq belə görünür ki, nə Ermənistanda, nə də Azərbaycanda hakimiyyət, ABŞ silah təklif edərsə, çox güman ki, buna "yox" deməyəcək.

Azərbaycan ala bilər
Rusiya və İsraildən aldığı silahlara milyardlarla dollar xərcləyən Azərbaycanda və Rusiyadan güzəştlə silah alan Ermənistanda danışdığımız millət vəkilləri ABŞ-dan silah almağın əslində pis fikir olmadığına işarə vurublar.

Azərbaycanda hakim partiyanın təmsilçisi BBC Azərbaycancaya danışarkən ABŞ-dan silah almağın mümkünlüyünü istisna etməyib.

"Biz bu gün maraqlarımıza cavab verən və dünyada ən müasir hesab edilən silahları almağa həmişə hazırıq. O cümlədən, ABŞ silahlarını da nəzərdən keçirməyə, onların təkliflərini qiymətləndirməyə etiraz etmirik", parlamentin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə BBC News Azərbaycancaya deyib.

Ancaq o bildirib ki, Azərbaycanın məqsədi silah almaq yox, "torpaqlarını işğaldan azad" etməkdir.

Millət vəkili deyib ki, münaqişə tərəflərinə silah satışını təklif etməkdən və Rusiyanı silah satdığına görə qınamaqdansa, ABŞ münaqişənin həlli yolunda "özünün imkanlarından istifadə etsin".

Rusiya, yoxsa Amerika silahı?
Azərbaycan son illərində ərzində Rusiyadan aldığı silahlara 5 milyard dollardan çox xərcləyib.

Bundan başqa, ölkə İsraildən də yüksək texnologiyalı silahlar alır. Azərbaycanın hərbi büdcəsi 2018-ci ildə 3 milyard manata yaxın olub.

Azərbaycan bu gün "Rusiya, yoxsa Amerika silahı seçimi qarşısında deyil, millət vəkili Zahid Oruc deyir.

"Azərbaycan həm Rusiyadan, həm İsraildən, həm də bir sıra Qərb ölkələrindən silah alır. Gələcəkdə ABŞ öz təkliflərini verəcəksə, bu da dəyərləndirilə bilər və onun üzərindən bəri başdan xətt çəkməyin və yaxud Rusiyadan imtina etməyin tamamilə əleyhinəyəm. Rusiya ilə bir dövlət kimi siyasi, hərbi cəhətdən əlaqələrimizi hər zaman saxlamalıyıq".

Zahid Oruc deyir, "ABŞ-ın davranışında hərbi elementi" ilk dəfədir ki, müşahidə edir.

Onun sözlərinə görə, əvvəllər də ABŞ-dan Azərbaycana çoxlu nümayəndələr gəlib, amma onların Konqresin silahla bağlı tərəflərə tətbiq etdiyi embarqodan kənara çıxan hər hansı mövqeyini görməyiblər.

ABŞ Konqresində 1992-ci ildə "Azadlığın dəstəklənməsi aktı"na 907-ci düzəliş edilib. Bu düzəliş Azərbaycan və Ermənistana hücum xarakterli silahların satışını yasaqlayır.

2001-ci il ABŞ-da baş verən 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib.

"Burdan bir çox nəticələr çıxarmaq olar: Rusiyanın silah bazarına da yəqin ki, zərbə vurmaq, hərbi cəhətdən bölgə dövlətlərini özündən asılı etmək, gələcəkdə bu silahlar vasitəsilə müxtəlif tərəflərə, o cümlədən İrana qarşı planlar qurmaq və s. məqamlar mümkündür", Zahid Oruc deyir.

O əlavə edir ki, Qərblə münasibətlərdə hərbi əlaqələrin inkişaf etməməsinin səbəbkarı da Azərbaycan deyil: "Çüki Avropa Birliyi və Amerika Konqresləri səviyyəsində silahla bağlı qadağalar var. Bizim seçim deyildi".

"Azərbaycanın hazırda ABŞ silahına ehtiyacı yoxdur"
Azərbaycanlı hərbi ekspertin fikrincə isə, Azərbaycanın hazırda ABŞ silahına ehtiyacı yoxdur.

"Azərbaycanın arsenalında olan silahlar kifayət edir ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin etsin", hərbi məsələlər üzrə ekspert, polkovnik-leytenant Üzeyir Cəfərov deyir.

O hesab edir ki, Trump-ın müşaviri ABŞ-ın region ölkələrinə silah satmaq ehtimallarından danışarkən "Rusiyaya mesaj" yollayıb.

"John Bolton Rusiyaya mesaj göndərib ki, bizim silahlar keyfiyyətlidir. Amma hesab etmirəm ki, Azərbaycanın nə ABŞ, nə də Rusiya istehsalı silahlara bu dəqiqə əlimyandıda ehtiyacı var. Azərbaycan Türkiyə, Çexiya, Pakistan, Çin və digər ölkələrdən də silahlar alır".

"Silah olan yerdə..."
Boltonun bəyanatı ABŞ-ın Cənubi Qafqaz siyasətini yenidən, "ciddi şəkildə nəzərdən keçirmək niyyətindən" xəbər verir, Ermənistanda siyasi təhlilçi Stepan Danielyan hesab edir

Onun fikrincə, bu bəynata Vaşinqtonun Cənubi Qafqaz bölgəsində, Qarabağ münaqişəsi səbəbindən, Ermənistanla Azərbaycan üzərində Rusiyanın təsirini azaltmaq, Bakı və Yerevanla yeni növ münasibətlər qurmaq niyyətində olduğunu ehtimal etməyə əsas verir.

"Bəllidir ki, silah olan yerdə, hərbi iştirak da mövcuddur. Silah tədarükü silah üzrə ekspert, mütəxəssis, təlimatçılar nəzərdə tutur. Silah tədarükü çox ciddi siyasi təsir, birbaşa təhlükəsizlik təklifi deməkdir", - o əlavə edib.

İran amili
John Bolton bölgəyə səfəri zaman Cənubi Qafqaz respublikaları rəhbərləri ilə "İranın regiona təhlükəsindən" danışıb, onun "terrozimə dəstəyi, nüvə silahlarını inkişaf etdirməsinə dair davranışlardan" bəhs edib və region dövlət başçılarından "birgə fəaliyyət" istəyib.

Cənab Boltonun Cənubi Qafqaza səfərində əsas xətt İran məsələsində ABŞ-İsrail mövqeyinə dəstək almaq olub, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich deyir.

O düşünür ki, "silah satışı təklifi ilə İrana qarşı sanksiya və digər tədbirlərə müvafiq dövlətlərin (Ermənistan və Azərbaycan-red.) dəstəyi arasında əlaqə var".

"Amerika silahı, rus silahından daha yaxşıdır". Bolton eyham vurur
Qarabağ münaqişəsi ucbatından kəndlərini bir-birilə dəyişən ermənilər və azərbaycanlılar
ABŞ İran məsələsinin aktuallaşdığı dövrdə İranın şimalında yəni, həm Ermənistanda, həm də Azərbaycanda Rusiyanın üstün rolunu ortadan qaldırmaq istəyir, təhlükəsizlik məsələləri üzrə təhlilçi Sülhəddin Əkbər belə düşünür.

Onun fikrincə, ABŞ-ın hazırki hədəfi regiondakı mövcud vəziyyəti dəyişməkdir: "Bu, çətin məsələdir. Ona görə də həm Ermənistana, həm də Azərbaycana cazibədar təkliflər irəli sürür".

Silah satışı təklifi ilə "ABŞ həm rəsmi Yerevana, həm də rəsmi Bakıya göstərmək istəyir ki, Rusiyanın regionda oynadığı rolu uğurla öz üzərinə götürə bilər", Sülhəddin Əkbər əlavə edir.

"Bu təklif müharibəyə sövq edir"
Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan, sərfəli təklif edilərsə, Amerika silahını almaq məsələsini müzakirə etməyə hazır olduğunu bildirib.

"Hökumət qarşısına məhdudiyyət qoyan heç bir şey yoxdur. Bizim üçün sərfəli təklif daxil olsa, müzakirə edərik", - Paşinyan Boltonun təklifini dəyərləndirməyi ondan istəyən jurnalistlərə deyib.

Ancaq Ermənistanda hər kəs Paşinyan kimi düşünmür. Ermənistan Milli Məclisinin keçmiş hakim Respublikaçı partiya fraksiyasının rəhbəri Vahram Bağdasaryanın fikrincə, ABŞ rəsmisinin belə bir bəyanatı münaqişə tərəflərini müharibəyə "sövq edir".

John Bolton Azərbaycana niyə gəlib?
İran-Azərbaycan münasibətləri: Rəqəmlər və təhlilçilərin fikirləri
"Bu, vəziyyəti daha da gərginləşdirir və danışıqlar prosesinə xələl vurur. Biz müharibəyə deyil, münaqişənin sülh yolu ilə həllinə doğru hərəkət edirik", - millət vəkili Vahram Bağdasaryan parlamentdə brifinq zamanı deyib.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Georgi Mason universitetinin Schar Siyasət və Hökumət məktəbinin professoru Richard Kazlaurich düşünür ki, istənilən səbəblə ABŞ-ın tərəflərə silah satması səhv olardı: "Bu, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə heç bir töhfə verməz, yalnız vəziyyəti ağırlaşdırardı".

Azər Azadzadə Atəs

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ