ABŞ Senatının 38 üzvü ölkə prezidenti Co Baydenə 1915-ci il hadisələrinin soyqırım kimi tanınması ilə bağlı çağırış edib.
Maraqlıdır, Co Bayden hansı mövqeni tutacaq?
Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında politoloq Natiq Miri dedi ki, senatorların bu müraciətinə baxmayaraq, Bayden adminstrasiyası sözügedən çağırışa imza atmayacaq.
"Bu heç də ilk dəfə baş verən haisə deyil. Senatorların bir qrupunun növbəti dəfə həmin qondarma məsələ ilə bağlı prezidentə müraciət etmələri qondarma soyqırımın rəsmi olaraq qanunverici orqanda tanınması ilə nəticələnməyəcək. Son zamanlar Bayden Ankara ilə münasibətləri daha isti məcraya daşımaq siyasətini həyata keçirir. Hətta Avropa Birliyinin Şərqi Aralıq dənizi məsələsilə bağlı Türkiyəyə qarşı tətbiq olunması gözlənilən sanksiyalarının dayandırılmasında Ağ Evin xüsusi rolunun olduğu da iddia edilir”.
N. Mirinin fikrincə, Bayden Trampdan fərqli olaraq Türkiyə kimi bir dövləti itirmək istəməz:
"ABŞ güclənən Türkiyə fonunda onu nəinki itirmək istəməz, əksinə Rusiyadan uzaqlaşdırmaq üçün Ankara ilə yaxınlaşmaq istəyir. Ona görə də qondarma soyqırımın tanınması düşünürəm ki, indiki məqamda sağala bilməz yaralar açar. Fikrimcə, ermənilərin bu niyyəti yenə də qursaqlarında qalacaq. Obama dövründə demokratların həmin məsələyə münasibəti necə olmuşdusa, indi də həmin siyasətin davamı olacaq. Çünki Bayden Trampdan fərqli olaraq ölçüsüz siyasət yürüdən siyasətçi deyil”.